Gənclər niyə “gözə batırlar”? Deputat və sənət adamlarının MÖVQEYİ

02.02.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2 fevral tarixi Gənclər Günüdür. Azərbaycanın müasir gəncliyinə münasibət birmənalı deyil. Gənclərin tərəfində duranlar da var, onları tənqid edənlər də.

Yaşlı nəsildən olanların müasir gənclərə iradları onların bəzi davranışları ilə bağlıdır. Bura milli dəyərlərdən uzaqlaşma, böyük-kiçiyə yanaşma, yaşam tərzi, xarici görünüş, əxlaq məsələləri və s. aid edilir.
Amma gənclərin vətənpərvərliyini, onların Qarabağın işğaldan azad edilməsində irəlidə getdiklərini önə çəkənlər də çoxdur.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov Modern.az-a bildirib ki, yüz illərin təcrübəsi gənclərin cəmiyyətin aparıcı qüvvəsi, sabahın qurucuları olduğunu göstərir:

“Buna görə də dövlətimiz gənclər siyasətinə böyük önəm verir, bütün sahələrdə onların fəaliyyətinə diqqət və qayğı göstərir. Gənclər siyasəti dövlətimizin daxili siyasətinin ən başlıca istiqamətlərindən biridir. Gənc nəslin daha geniş dünyagörüşünə malik olmasının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsəd və amalıdır. Azərbaycan Prezidenti İlham Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini davam etdirir. Məhz elə bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində həm fəallığı ilə fərqlənir, həm də dövlətimiz və dövlətçiliyimiz üçün gərəkli və zəruri təşəbbüslərin gerçəkləşməsində böyük rol oynayır, inamlı addımlar atırlar”.

Deputat qeyd edib ki, bugünkü Azərbaycan gəncliyi vətənpərvərlik, yüksək aktivlik, texnoloji savadlılıq və rəqabətliliklə seçilən intellektual bir nəsildir:

“Onlar elm, incəsənət və idman sahələrində uğurlar qazanaraq dövlət siyasətini dəstəkləyir, müasir həyat tərzinə uyğun olaraq qlobal tendensiyaları izləyir və vətənin inkişafı üçün fəal çalışırlar.

Gənclərin düşüncə və davranışları bilavasitə cəmiyyətin gələcəyini müəyyənləşdirir. Gənclər həm də sosial-siyasi proseslərin istiqamətinə təsir edir. Bu səbəbdən ideoloji təsirlər, xüsusilə də təxribat xarakterli ideoloji cəhdlərin əsas hədəf auditoriyası məhz gənclərdir.

Əslində Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsində və ondan əvvəlki dövrlərdə informasiya müharibəsinin ən ön cəbhəsində aktiv şəkildə özünü sübut edib”.

M.Cəfərov bunlarla yanaşı, Azərbaycan gənclərinin həyat tərzində müəyyən mənfiliklərin də olduğunu etiraf edib:

“Lakin bu bütün gənclərimizə şamil edilməməlidir. Mən gənclərin hazırkı həyat tərzində xüsusilə narahat olduğum cəhəti demək istəyirəm: müasir dövrdə texnologiyanın inkişafı gənclərin həyat tərzini fundamental şəkildə dəyişib, gündəlik fəaliyyətdə fiziki hərəkətin payı kəskin şəkildə azalıb. Rəqəmsal cihazlara bağlılıq, onlayn təhsil formatlarının geniş yayılması və sosial medianın həyatın mərkəzinə çevrilməsi hərəkətsizliyin cəmiyyətin ən gənc təbəqəsində belə dərinləşməsinə yol açır.

Ümumdünya Səhiyyə Təşkilatının uzun illərdir, davam edən müşahidələrinə əsasən, fiziki aktivliyin azalması dünya üzrə bir sıra xəstəliklərin yaranma riskini artıran ilk beş faktor arasında yer alır. Bu tendensiya yalnız qlobal miqyasda deyil, Azərbaycan daxilində də geniş yayılmış sosial-səhiyyə problemi kimi özünü göstərir.

Lakin ümümillikdə Azərbaycan gəncliyi qoçaq, mərd və çalışqandır”.

Xalq artisti, aktrisa Afaq Bəşirqızı isə deyib ki, hər hansı vəziyyətin yaranmasına mütləq səbəblər olur:

“Bu səbəblər indiki yaşadığımız dövrdə həddindən artıq çoxdur. Ola bilsin ki, yaşadığımız bu dövrdə baş verənlər gənclərimizin tərbiyyəsinə, əxlaqına təsir edir. Bəlkə biz gənclərimizə qarşı kifayət qədər diqqət ayıra bilmirik, bəlkə, gənclər həyatlarında qocaların, orta yaşlıların rastlaşdığı problemlərdən daha çox problemlərlə rastlaşırlar, bəlkə, oxuduqları ali məktəblərdə onlara qarşı olan haqsızlıqlarla üzləşirlər. Və bu haqsızlıqları dəf edə bilmirlər deyə, onların həyata baxışları dəyişir.  Biz bütün bunlara çox həssas yanaşmalıyıq. Çünki onlar gəncdirlər. Biz onları haqlı da, haqsız da danlasaq, bu onların acığına gələcək. Amma mənbəyə baş vurmalıyıq. Mənbəyə də baş vuranda boğulursan. Çünki bunun səbəbləri həddindən artıq çoxdur. Mən bir neçə dəfə demişəm ki, mentalitet sözü məni yorubdur. Biz o qədər mentalitetdən, şüarlardan istifadə edirik ki, həyatımız da artıq şüarlara, lozunqlara çevirilib. Mətbuatda, sosial şəbəkələrdə cərəyan edənlər, yalanlar, haqsızlıqlar, ifrat dərəcədə həyasızlıqlar, heç bir çərçivəyə sığmayan əxlaqsızlıqlar, sözlər, davranışlar bunların hamısı gənclərin həyatına çox təsir edir. Çünki onlar gəncdirlər”.

A.Bəşirqızı söyləyir ki, gəncləri danlaya bilməyir:

“Şəxsən mən bu yaşımda gəncləri danlaya bilmirəm. Hətta öz nəvələrimə qarşı da həddindən artıq sərt mövqe tuta bilmirəm, xasiyyətimin əksinə gedirəm. Çünki onları başa salmaq lazımdır. Eyni zamanda da sən fikirləşirsən ki, gənclərə söz deyəndə, onlar sənin o sözünün qabağında nə deyəcəklər, sən pərt olmayacaqsan ki? Bax, bu məsələlər də var. Mən yalnız gənclərimizə onu tövsiyə edərdim ki, onların və hamımızın yaşaması üçün canlarından keçəcəyi bir müqəddəs varlığımız qalıb - bir Allahdır, bir də şəhidlər. Şəhidlərin ruhu və Tanrının adı naminə onlar öz gəncliklərini, kimlikliklərini, köklərini, vətənlərini unutmasınlar. Onlara mənim başqa deməyə sözüm yoxdur”.

Xalq artisti, xanəndə Mənsum İbrahimov isə gənclərdən çox razı olduğunu qeyd edib:

“Yeni nəsillə, yəni gənclərlə yaşlı nəsil arasında belə söhbətlər həmişə olub. Ağlımız kəsəndən eşitmişik ki, deyiblər, “əşi, indiki nəsil belə deyil”. Mən Milli Konservatoriyada gənc ifaçılarla işləyirəm, onlardan çox razıyam. Təbii ki, gənclər arasında tənbəllər də var. Ümumilikdə götürəndə bugünkü gəncliyimiz çox geniş dünya görüşünə malikdirlər. Çünki onların bizimlə müqayisədə informasiyası daha çoxdur. Daha çox çalışırlar, kariyeralarını qurmaq istəyirlər. Bu da normal haldır. Bu gün bütün sahələrdə olduğu kimi, bizim sahəmizdə də istedadlı gənclər var ki,  öz üzərlərində çalışır və nailiyyətlər qazanırlar.  Yenə deyirəm, təbii, gənclər arasında da tənbəllər, səhlənkarlar var. İnsan faktorudur da. Ümumilikdə isə gəncliyimizdən çox razıyam. Niyə də razı olmayım ki?! Həmən gənclik Qarabağı işğaldan azad etdi. Deyirdilər ki, indiki gənclik kosmopolitdir, onlardan vətən uğrunda vuruşan olmaz. Amma həmən gənclər getdilər, bizim başımızı uca etdilər, torpaqlarımızı düşmən tapdağından azad etdilər”.

M. İbrahimov vurğulayıb ki, gənclərin səhvi olanda irad tutmaq olar, lakin yaşlı nəslin işi onları sıxmaq və ya sındırmaq deyil:

“Gənclərin səhvi olduqda, onlara irad tutmaq olar. Böyüyün işi gəncə yol göstərib, onu başa salmaqdır.  Böyüyün işi gənci sıxmaq və ya sındırmaq deyil. Düşüürəm ki, gənclərə qayğı lazımdır. Onlar da qayğı istəyirlər. Kompromis sayəsində nəsə əldə etmək olar. Gəncləri sıxmaqla, “bunlardan bir şey olmaz” deməklə olmur. İndiki vaxtda bu, bütün dünyada gedən prosesdir. Bu isə daha çox sosial şəbəkələr, internetlə bağlıdır. Daha çox informasiya var. İndiki gənclər daha çox karyerist olmaq istəyirlər. Daha çox maddiyyata sahib olmaq istəyirlər ki, bu da normal haldır.  O da yaxşı yaşamaq, ailəsini dolandırmaq istəyir. Əlbəttə, əziyyətsiz həyatda heç nə yoxdur. Mən indiki gəncliyimizdən razıyam. Və gəncliyimizə uğurlar arzu edir, günlərini təbrik edirəm. Çünki onlar bizim sabahımızdır. Sabah ölkəmizi onlar idarə edəcək. Ona görə də gənclərə inamla yanaşmaq lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью