Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. O, Azərbaycanı gənclər ölkəsi adlandırır, gənc nəslin isə dövlətimizin sabahı olduğunu vurğulayaraq onların inkişafına daim böyük diqqət göstərirdi.
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
A.Həsənova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənclər siyasəti əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirildi:
Deputat bildirib ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış xaotik vəziyyət və idarəetmədəki boşluqlar gənclərin taleyinə də ciddi zərbə vurmuşdu:
“Həmin dövrdə Azərbaycan gəncliyinin gələcəyi real təhlükə altına düşmüşdü. Gənclər müxtəlif siyasi dairələrin təsiri altına salınır, onların təhsildən uzaqlaşmasına zəmin yaradılır və milli-mənəvi dəyərlər əsasında formalaşmasına laqeyd yanaşılırdı.
Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra gənclərimiz bu təhlükəli vəziyyətdən xilas oldu və dövlət gənclər siyasətinin təməli qoyuldu. 1994-cü ildə bu siyasətin icrasını təmin edən Gənclər və İdman Nazirliyi təsis edildi. Paralel olaraq gənclərin təhsil imkanlarının genişləndirilməsinə xüsusi önəm verildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ötən əsrin 70–80-ci illərində formalaşmış bir çox müsbət təhsil ənənələri, o cümlədən gənclərin xarici ölkələrdə təhsil alması praktikası yenidən bərpa edilərək inkişaf etdirildi. Nəticədə 2003-cü ilə qədər dünyanın təxminən 40 inkişaf etmiş ölkəsində 160-a yaxın ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı”.
A.Həsənova bildirib ki, Ümummilli Liderin 1995-ci ildə gənclər forumunun keçirilməsi ilə bağlı təşəbbüsündən sonra bu istiqamətdə mühüm addımlar atıldı və 1996-cı ildən etibarən Azərbaycan gənclərinin forumları təşkil olunmağa başladı:
“1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin birbaşa dəstəyi ilə gənclərin ilk forumu keçirildi. Bir il sonra isə Prezidentin Sərəncamı ilə 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi rəsmiləşdirildi”.
Deputat vurğulayıb ki, Azərbaycan gənclərinin Vətənə bağlılıq və sədaqət ruhunda tərbiyə olunması Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri olub:
“Ulu öndər gənclərə müraciət edərək bildirirdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmazdır və hər bir gənc bu müstəqilliyi qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək üçün öz töhfəsini verməlidir”.
A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək gənclər siyasətini yeni keyfiyyət mərhələsinə yüksəldib, gənclərin problemlərinin həlli və fərdi potensiallarının reallaşdırılması istiqamətində müasir yanaşmalar tətbiq etdi:
“Azərbaycan gənclərinin İnkişaf Strategiyasının qəbul edilməsi, gənclərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramlarının icrası, Gənclər Fondunun yaradılması və digər mühüm təşəbbüslər gənclərin hərtərəfli inkişafına və vətənpərvər ruhda yetişdirilməsinə xidmət edib. Bu gün Azərbaycanın gənclər siyasəti beynəlxalq aləmdə nümunə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə Vətən naminə canından keçməyə hazır olan, yüksək vətənpərvərlik ruhuna malik gənc nəsil formalaşıb. Məhz bu gənclər 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında əvəzsiz rol oynadılar”.