Gənclər smartfonlardan imtina edir

04.08.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Z nəsli arasında smartfonlardan imtina edərək düyməli telefonlara və köhnə “qatlanan” modellərə keçənlərin sayı sürətlə artır. Gənclər bunun əsas səbəbi kimi davamlı bildirişlərdən, sosial şəbəkələrdə sonsuz vaxt itirməkdən və ekrandan asılılıq hissindən yorulduqlarını göstərirlər.

Azpost.info bildirir ki, bu barədə BGR nəşri yazıb.

Məlumata görə, gənclər zəng etmək və mesaj göndərmək imkanını saxlamaq istəsələr də, sosial şəbəkələrdə lentləri sonsuz sürüşdürməyə, qısa videolara və digər rəqəmsal məzmuna sərf etdikləri vaxtı azaltmağa çalışırlar. İnternetdə bu cür mənasız və həddindən artıq məzmun istehlakı “brain rot” (beynin informasiya ilə həddindən artıq yüklənməsi) adlandırılır.

Sadə telefonlara marağın artmasının digər səbəbi sosial şəbəkələrin psixoloji sağlamlığa mənfi təsiri ilə bağlı narahatlıqlardır. Mütəxəssislər bildirirlər ki, fasiləsiz yenilənən məlumat axını narahatlığı artırır, diqqətin cəmlənməsinə mane olur və insanlarda sosial təcrid hissi yarada bilər.

Statistikaya görə, 18–24 yaş arasında olan istifadəçilər arasında düyməli telefonların satışı 2021–2024-cü illər ərzində 148 faiz artıb. Bir çox gənc üçün belə telefonlar şəxsi sərhədlər müəyyənləşdirmək və vaxtına yenidən nəzarət etmək vasitəsinə çevrilib.

Bu tendensiyada retro dəbin də rolu var. Z nəsli təkcə köhnə mobil telefonlara deyil, həmçinin vinil plastinkalara, plyonkalı və ilk nəsil rəqəmsal fotoaparatlara da maraq göstərir. Düyməli telefonlar da bu nostalji üslubunun bir hissəsi kimi qəbul edilir.

Bununla belə, müasir düyməli telefonlar 2000-ci illərin əvvəllərindəki modellərdən xeyli fərqlənir. Onların bir qismi 4G LTE, GPS, Bluetooth texnologiyalarını dəstəkləyir və uzunmüddətli batareya ömrünə malikdir. Bu isə zəng etmək, mesaj göndərmək və əsas gündəlik ehtiyacları qarşılamaq üçün kifayət edir.

Qatlanan köhnə telefonlar da populyarlığını qoruyur. Lakin onların bir çoxu müasir mobil şəbəkələrdə stabil işləmədiyi üçün istifadəçilər daha çox minimal tətbiqlərlə təchiz olunmuş yeni nəsil düyməli telefonlara üstünlük verirlər.

Sunay Aydın

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью