Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 fevral, AZƏRTAC
Dövlət Proqramının Tədbirlər Planının icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Azərbaycan Respublikası Gənclər Fondu arasında 2025-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına əsasən, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində ötən il ərzində 14 rayonda 66 gün ərzində 130 kənd üzrə 5 350 nəfər gənc üçün maarifləndirmə tədbirləri keçirilib və müvafiq təbliğat materiallarının paylanılması təmin edilib.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, görülən işlərin davamı olaraq, gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi və görüləcək işlərin sistemli şəkildə təşkili məqsədilə Gənclər Fondu ilə İşçi Qrupu arasında 2026-cı il üçün Tədbirlər Planı imzalanıb.
Tədbirlər Planı çərçivəsində gənclər təşkilatları və könüllülər üçün təlimlərin keçirilməsi, regionlarda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirə və seminarların təşkili, habelə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində region gəncləri üçün maarifləndirmə tədbirlərinin, sosial aksiyaların həyata keçirilməsi və digər tədbirlərin təşkili planlaşdırılıb.
Eyni zamanda, İşçi Qrupu tərəfindən hazırlanmış yeni zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin təşkil ediləcək təlimlərdə, seminarlarda və digər zəruri görüşlərdə iştirakçılar arasında paylanılması nəzərdə tutulur.