Gənclərin evlənmək istəməməsinin səbəbi BƏLLİ OLDU

21.07.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin ilk beş ayında (yanvar–may) Azərbaycanda nikah və boşanmaların sayı azalıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, cari ilin ilk beş ayında 15 107 nikah və 8 087 boşanma halı qeydə alınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a enib.

Bəs nikahların sayının azalmasının əsas səbəbləri nələrdir?

Sosioloq Əhməd Rəhmanov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, nikahların sayının azalmasının əsas səbəbi insanların sabaha olan ümidinin zəifləməsidir:

“Nikah o zaman baş verir ki, iki gənc bir-biri ilə tanış olur və gələcəyə ümid etdiyi üçün münasibətlərini rəsmi şəkildə qeydiyyata alır. İnsan düşünür ki, bunun hüquqi tərəfləri var. Bu gün isə Azərbaycanda təəssüf ki, gələcəyə olan ümid azalıb.

Boşanmaların sayının azalmasının səbəbi isə odur ki, nikahların sayı artıq neçə illərdir azalır. Əvvəllər cəmiyyətə və özünə tam arxayın olmayan insanlar da ailə qururdularsa, indi bu hal xeyli azalıb.

Hazırda yalnız maddi və mənəvi baxımdan ailə saxlaya biləcəyinə əmin olan, həmçinin psixoloji cəhətdən buna hazır olan insanlar evlənməyə üstünlük verirlər.

Bu gün ailə boşanarkən, əvvəlki kimi təkcə məhkəməyə müraciət etmək kifayət etmir. Onlar məcburi qaydada mediasiya mərhələsindən keçməlidirlər. Mediasiya isə əlavə xərc deməkdir.

Məsələn, qadın ərindən boşanmaq istəyirsə, bunun müəyyən xərci yaranır. Əvvəllər yalnız məhkəməyə müraciət edilirdisə, indi bu əlavə xərc tərəflərdən birinin üzərinə düşür. Buna görə də bəzi ailələr rəsmi boşanmaq əvəzinə, nikahda qala-qala ayrı yaşamağa üstünlük verirlər”.

Sosioloq əlavə edib ki, nikahların sayının artması üçün insanlarda sabaha olan ümid güclənməlidir:

“Sosial təminat yaxşılaşdırılmalıdır. Məsələn, bu gün bir müzakirədə minimal əməkhaqqı ilə nə qədər ət almağın mümkün olduğu müzakirə edilirdi.

Azərbaycanda minimal əməkhaqqı ilə minimal istehlak səbəti müqayisə ediləndə görünür ki, insanların ən azı 200 manat əlavə vəsaitə ehtiyacı var. Bu isə kifayət qədər aşağı göstəricidir. Bu vəziyyət insanların böyük əksəriyyətinin sosial durumunu göstərir”.

Onun fikrincə, həm minimal əməkhaqqı, həm də minimal istehlak səbəti artırılmalıdır.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: evlənmək Əhməd Rəhmanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью