Gənclərin inkişaf, innovasiya və vətənpərvərlik modeli

31.01.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2 Fevral-Azərbaycan Gəncləri Günü müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi strateji əhəmiyyətin, uzunmüddətli və ardıcıl dövlət siyasətinin təcəssümüdür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə təsis edilmiş və gəncliyin cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşdırılmasına xidmət edən konseptual yanaşmanın nəticəsi olmuşdur. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyinin əsas təminatçısı, milli inkişafın əsas insan kapitalı kimi qiymətləndirirdi. Onun gənclər siyasəti təkcə sosial yanaşma deyil, eyni zamanda iqtisadi inkişaf, dövlət təhlükəsizliyi və milli ideologiya ilə sıx bağlı strateji xətt idi. Ümummilli Liderin bu fikirləri həmin yanaşmanın mahiyyətini aydın şəkildə ifadə edir: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. 1994-cü il 26 iyul tarixli Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması gənclərlə bağlı dövlət siyasətinin institusional əsaslarını formalaşdırdı. Azərbaycan gənclərinin forumlarının keçirilməsi, istedadlı gənclərin “Qızıl kitab”a daxil edilməsi, gənclər siyasətinin mahiyyətini əks etdirən qanunvericilik təşəbbüsləri gənclərin intellektual və peşəkar potensialının inkişafına yönəldi. Bu siyasət gənclərin vətənpərvər ruhda formalaşması ilə yanaşı, onların müasir iqtisadi münasibətlər sistemində fəal iştirakına zəmin yaratdı. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətt Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısı gəncləri ölkənin innovativ inkişafının və iqtisadi dayanıqlığının əsas aparıcı qüvvəsi kimi qiymətləndirir: “İndiki gənclər üçün imkanlar daha genişdir… gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək, həm də dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”. 2007-ci ilin “Gənclər ili” elan olunması, Bakı və regionlarda fəaliyyət göstərən “Gənclər evləri”, 2011-ci ildə Prezident yanında Gənclər Fondunun yaradılması gənclərin sosial, iqtisadi və innovativ fəallığını stimullaşdıran əsas mexanizmlərdir. “Yüksəliş” müsabiqəsi gənc kadrların irəli çəkilməsi siyasətinin uğurlu nümunəsinə çevrilmiş, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) isə gənclərin peşəkar bacarıqlarının artırılmasında mühüm rol oynamışdır. Könüllülər hərəkatı gənclərdə sosial məsuliyyət və vətəndaş mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi rəqəmsal texnologiyalar, startap ekosistemi, innovativ sahibkarlıq və İKT sahəsində mühüm uğurlar əldə edir. Gənclərin xaricdə təhsil proqramları, 2026–2027-ci tədris ili üzrə təsdiqlənmiş universitet və ixtisas siyahıları bilik əsaslı iqtisadiyyatın formalaşmasına yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir. Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və innovasiya sahəsində həyata keçirdiyi layihələr gənclərin beynəlxalq rəqabətqabiliyyətinin artırılmasına mühüm töhfə verir. Azərbaycan gəncliyinin formalaşmasında vətənpərvərlik əsas ideoloji xətt kimi qalmaqdadır. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun sıralarında vuruşan gənclər ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq nümunəsi göstərdilər. Onlar həm döyüş meydanında, həm də informasiya müharibəsində Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdilər. Bu gün Vətən müharibəsində iştirak etmiş hər bir gənc Azərbaycan xalqının qürur mənbəyidir və onların qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir.

Azərbaycanın “idman ölkəsi” kimi tanınması gənclər siyasətinin mühüm istiqamətlərindən biridir. Bakıda keçirilmiş Birinci Avropa Oyunları, “Bakı Eurovision-2012”, Avropa Gənclər Paytaxtı layihələri gənclərin beynəlxalq səviyyədə təmsilçiliyini gücləndirmişdir. Azərbaycan idmançılarının beynəlxalq arenadakı uğurları dövlət başçısının gənclərə göstərdiyi diqqətin real nəticəsidir. Bu gün Azərbaycan gəncliyi ölkənin iqtisadi inkişafının, innovativ potensialının və milli təhlükəsizliyinin əsas aparıcı qüvvəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilən dövlət gənclər siyasəti müasir, bilikli, texnoloji savadlı və vətənpərvər gənclik formalaşdırmışdır.
2 Fevral-Azərbaycan Gəncləri Günü bu uğurlu siyasətin məntiqi nəticəsi və dövlətin gələcəyə inamının rəmzidir.

Tahir Mirkişili

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью