Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23.01.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan bu gün sadəcə iqtisadi çətinliklər deyil, həm də dövlətçilik tarixində bəlkə də ən ciddi "demoqrafik iflas" dövrünü yaşayır. Onilliklər boyu davam edən işğalçılıq siyasəti, qonşu ölkələrə qarşı irəli sürülən əsassız ərazi iddiaları və bunun gətirdiyi regional təcrid ölkəni daxildən yeyən bir xərçəngə çevrilib. Bu gün Ermənistan rəsmi rəqəmlərin arxasında gizlədilən, lakin real faktlarda 2 milyon nəfəri çətinliklə keçən bir "qocalar evi" mənzərəsini xatırladır.

Ermənistandan qaçış artıq fərdi hallardan çıxaraq milli fəlakət səviyyəsinə yüksəlib. Sərhəd xidmətlərinin və beynəlxalq qurumların statistikası göstərir ki, ölkə hər il minlərlə vətəndaşını birdəfəlik itirir. Son 5 ilin mənfi miqrasiya saldosu (gedənlər və gələnlər arasındakı fərq) mənzərənin nə qədər vahiməli olduğunu sübut edir:

2020-ci ildə ölkəni 20 000 nəfər, 2021-ci ildə 15 000 nəfər, 2022-ci ildə 22 000 nəfər, 2023-cü ildə 25 000 nəfər, 2024-cü ildə 17 000 nəfər və 2025-ci ildə təxminən 9 000 min nəfər ölkəni tərk edib. Bundan başqa, yüzminlərlə erməni miqrant hələ də Rusiyada çalışır. Beləliklə, 5 ildə 100 min insan artıq ölkəni birdəfəlik tərk edib.

Gənclərin ölkəni kütləvi şəkildə tərk etməsi (xüsusən 20-40 yaş arası kişilər) Ermənistanı sürətlə qocaldır. Hazırda ölkədə orta yaş həddi kritik həddə çatıb. 65 yaşdan yuxarı əhalinin təxminən 20%-ni təşkil edir və bu rəqəm hər il artır. Getdikcə pensiyaçıların sayı işləyən əhalinin sayını üstələməyə başlayır. Bu, dövlətin sosial təminat sisteminin yaxın gələcəkdə tamamilə çökməsi deməkdir. Ermənistan faktiki olaraq gələcəyi olmayan, yalnız keçmişi ilə yaşayan bir "qocalar dövləti"nə çevrilir.

Digər yandan, Ermənistanda doğum göstəriciləri artıq bərpa olunmayacaq dərəcədə aşağı düşüb. Gənclərin ölkədə qalmamağı, evlilik yaşının yüksəlməsi və ailələrin gələcəyə inamsızlığı demoqrafik artımı sıfırlayıb. Ekspertlərin fikrincə, mövcud tendensiya davam edərsə, yaxın onilliklərdə erməni xalqı bir etnos olaraq özünü bərpa edə bilməyəcək.

Ölkədə qalan azsaylı gənclər arasında isə sosial deqradasiya baş alıb gedir. İşsizlik və gələcəyə ümidsizlik gəncləri təhsil və elmdən uzaqlaşdıraraq kriminal aləmə itələyir. Ermənistanda "kriminal subkultura" (vorovskoy mir) gənclər arasında bir qəhrəmanlıq simvoluna çevrilib. Narkotik istifadəsi, qanunsuz silah dövriyyəsi və ağır cinayətlərin sayı son 3 ildə gənclər arasında 30% artıb. Bu, cəmiyyətin mənəvi sütunlarının dağıldığını göstərir.

Bütün bu fəlakətlərin kökündə Ermənistanın onilliklər boyu apardığı yanlış xarici siyasət dayanır. Azərbaycan torpaqlarının işğal altında saxlanılması Ermənistanı regionun bütün böyük iqtisadi layihələrindən təcrid etdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrdən kənarda qalmaq iqtisadiyyatı boğdu, məhdud büdcənin elm və təhsil əvəzinə ordunun silahlandırılmasına xərclənməsi xalqı səfalətə sürüklədi və nəhayət, məğlubiyyət və "miatsum" xülyasının iflası gənclərdə vətənə bağlılıq hissini yox etdi.

Ermənistandan "beyin axını" getdiyi müddətdə, onların yerini Hindistandan (təkcə 2024-cü ildə 32 000 nəfər) gələn aşağı ixtisaslı miqrantlar tutur. Bu, Ermənistanın intellektual və etnik simasını tamamilə dəyişir.

Reallıq budur ki, qonşularla sülh bağlamadan bu demoqrafik çöküşün qarşısını almaq mümkün olmayacaq. Hazırda Ermənistan bir dövlət kimi deyil, "keçici yaşayış məntəqəsi" kimi görünür. 

Bu kontekstdə ölkənin yeganə xilası konstitusiyasını dəyişməkdə, Azərbaycanın şərtlərini qəbul etməkdə və millətçi ideologiyadan imtina etməkdədir. 

Modern Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью