Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Gənclik hər kənddə, enerji hər addımda, birlik hər yerdə!” şüarı altında “Yeniyetmələrin Gələcək İnkişaf Platforması” layihəsi çərçivəsində Masallı rayonunun Şərəfə kənd Folklor Evində “Gənclik kəndimizdə” adlı növbəti tədbir keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Masallı (RİH), LARMİ və Lənkəran-Astara Regional Təhsil İdarəsinin tərəfdaşlığı sayəsində baş tutan, gənclərlə bir arada olmaq, onların asudə vaxtlarını maraqlı və səmərəli təşkil etmək, xalqın milli-mənəvi dəyərlərini yaşatmaq, eləcə də yeniyetmə və gənclərin sosial fəallığını artırmaq məqsədi daşıyan tədbir rəngarəng proqramı ilə yadda qalıb.
Tədbir çərçivəsində Şərəfə kənd Folklor Evinin kollektivi tərəfindən təqdim olunan folklor çıxışı iştirakçılara xoş anlar yaşadıb, eləcə Folklor Evinin nağara dərnəyinin müəllim və şagirdinin ifası tədbirə xüsusi rəng qataraq milli musiqi ənənələrinin təbliğinə töhfə verib.
Daha sonra proqramda gənclərin iştirakı ilə müxtəlif komanda oyunları keçirilib. Maraqlı və əyləncəli oyunlar iştirakçıların çevikliyinin, komanda ruhunun, qarşılıqlı ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişafına şərait yaradıb.
Daha çox fəallıq göstərən gənclər təşəkkürnamələrlə təltif olunublar.
Məlumat üçün bildirək ki, “Gənclik kəndimizdə” layihəsi kənd və qəsəbələrdə yaşayan yeniyetmə və gənclərlə birbaşa ünsiyyət qurmaq, onların potensialını üzə çıxarmaq, xalqın milli-mənəvi dəyərlərinə məhəbbət yaratmaq və gənclər arasında həmrəyliyi təşviq etmək istiqamətində fəaliyyətini davam etdirir.
Tural Əliyev,
Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi