Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın 2-ci böyük sənaye şəhəri olan Sumqayıtın beynəlxalq miqyasda şöhrəti ilbəil artmaqdadır. Şair demişkən, “taleyi, arzusu nura boyanmış” bu zəhmət meydanı, hünər məkanı “Gənclik şəhəri” kimi tanınır və Cənubi Qafqazın önəmli şəhərləri sırasında layiqli yerini tutur.
Haqqında əfsanələr dolaşan bu urbanik məkanın rəsmi yaşı 77 olsa da, ilk baxışda qəribə görünən adının etimologiyası uzaq keçmişlərdən soraq verir. Bir ehtimala görə, “Sumqayıt” ismi qədim türk tayfası “suqa” və ya “sunqa”larla bağlıdır, “-it” şəkilçisi isə cəm bildirir. Başqa bir fikir quraqlıq yarımsəhra şəraitində axan çayın adı ilə bağlıdır. Mənsəbi olmayan, yarıyoldaca quruyan bu çay, sanki, Xəzərə çatmadan geri qayıtdığına görə “Suqayıt” – “Su qayıdan çay” adlanırmış. Burada qədim tunc dövrünə aid nekropolun tapılması eramızdan əvvəl ərazidə insanların məskunlaşdığına sübutdur. Orta əsrlərdə indiki Sumqayıt ərazisindən böyük ticarət yolu keçib. O dövrün səyyahları Sumqayıt çayının hər iki tərəfində yerləşmiş karvansaraların təsvirini veriblər.
Tarixin digər izlərinə gəlincə, Roma sərkərdəsi Pompeyin qoşunu Qafqaz Albaniyasına yürüş zamanı güclü müqavimətlə qarşılaşdığı üçün Xəzərin sahillərinədək irəliləyə bilməyib və sülh bağlamağa məcbur olub. İstilaçılar Sumqayıtçayın mənbəyi olan Qobustan ərazisində üstü latın dilində yazılmış, XII Fulminata legionuna aid bir daş kitabəni yadigar qoyub gediblər.
Onu da xatırladaq ki, fransız yazıçı Aleksandr Düma “Qafqaz səfəri” adlı səyahətnaməsində 1858-ci ildə Qubadan Bakıya gələrkən Sumqayıtın Xəzərsahili ərazisindəki Şah Abbas karvansarasının qalıqlarına söykənmiş çadırlarda gecələdiyini bildirib. Daha 3 il sonra rəssam Karl Qustav Hippius də Giləzi səmtindəki həmin karvansaranın rəsmini çəkərək tarixiləşdirib. 1916-cı ildə isə Şollar su kəmərinin tikintisi və burada nasos stansiyasının istifadəyə verilməsi ilə əlaqədar Sumqayıtın hazırkı Hacı Zeynalabdin qəsəbəsi salınaraq tarixi əhəmiyyət qazanıb.
Şəhər özü ötən əsrin 30-cu illərindəın salınmağa başlanıb. O vaxt bir neçə sənaye obyektinin tikintisinə start verilmişdi, onların ətrafında isə kazarma tipli baraklardan ibarət fəhlə qəsəbəsi salınırdı. 1938–1941-ci illərdə burada inşa olunan 1 saylı Sumqayıt İstilik-Elektrik Mərkəzinin (İEM) tikintisi aparılıb və Bakının neft sənayesinə ilk elektrik cərəyanı verilib. Sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyulub.
Yüksəliş epopeyası
Hazırda yarım milyona qədər əhalisi olan Sumqayıt şəhər adı aldığı 1949-cu ildən bəri özünün davamlı inkişafı ilə seçilən bir məkandır. Şəhərin təvəllüdü İkinci Dünya müharibəsindən əvvəlki illərə düşə bilərdi. O zaman davanın başlanması ilə burada yarımçıq qalan quruculuq işləri faşizm üzərində qələbədən sonra davam etdirilib.
Yeri gəlmişkən, bu günlərdə Almaniya, Macarıstan, Avstriya və Rumıniyanın Azərbaycandakı səfirləri Sumqayıtda yerləşən alman əsirləri məzarlığını ziyarət ediblər. Müharibə vaxtı əsir düşərək, müxtəlif səbəblərdən vəfat etmiş əsirlər bu məzarlıqda torpağa tapşırılıblar. Məzarlığın qorunması və səliqə-sahmanına diqqət yetirilməsi Azərbaycanın humanizm dəyərlərinə və tolerantlıq ənənələrinə sadiqliyinin təzahürüdür.
Bakının sənaye yönümlü “peyk” şəhəri kimi salınan Sumqayıtda kimya zavodunun ilk məhsulu 1945-ci ildə istehsal edilib. Boruyayma zavodunda ilk məhsul 1952-ci ildə buraxılıb. Ardınca marten sobalarında ilk polad əridilib, alüminium zavodu işə salınıb. Eyni zamanda, elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilib, şəhər infrastrukturu inkişaf etdirilib.
Sovet dövründə Sumqayıt 83 millət və etnik qrupun nümayəndələri üçün sevimli ünvan olduğuna görə beynəlmiləl şəhər kimi tanınmışdı. Burada yaradılmış “Xalqlar dostluğu” abidəsi möhtəşəmliyi ilə seçilir. Bu gün də Sumqayıtda müxtəlif millətləri təmsil edən sakinlər şəhərin inkişafına töhfələr verirlər. Şəhərdə əsl multikultural və tolerant mühit mövcuddur.
Abidələr şəhəri
Sumqayıtda çoxsaylı heykəltaraşlıq abidələri var. Onlardan birincisi şəhərin girişində dalğavari şəkildə üst-üstə qoyulan tikinti bloklarının zirvəsində qanad açmış “Qağayı”dır. Bu abidə durmadan tikilən-qurulan şəhərin rəmzi sayılır. Elə özü də bir abidə sayılan şəhərin memarlıq ab-havasının yeniliyi, landşaft, qranit-mərmər əsərlərinin ətraf mühitlə üzvi bağlılığına və ahəngdar səsləşməsinə mühüm diqqət yetirilib.
Şəhərdə ulu öndər Heydər Əliyevin, eləcə də Nəriman Nərimanovun, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin heykəlləri, Üzeyir Hacıbəylinin royal və orqan borularının simvolik təsviri üzərində bürünc barelyefi, Corat qəsəbəsinə sahil səmtindən giriş hissəsi, Hacı Zeynalabdin qəsəbəsində “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş abidə, habelə Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin büstləri, möhtəşəm Bayraq dirəyi, məşhur “Göyərçin”, “1941-1945” və “20 Yanvar”, Şəhidlər Xiyabanı memorial kompleksindəki “Xocalı”, “Qalib əsgər” və “Zəfər ağacı” abidələri, igid Vətən oğullarının, əmək qəhrəmanlarının adlarının barelyeflərlə əbədiləşdirilməsi monumentallığa ciddi fikir verildiyini göstərir.
Sumqayıtın küçə və prospektləri göz oxşayır. Əsas giriş qapısı sayılan “Sülh” prospekti şəhər haqqında ilkin təəssürat yaradır. Buradan sağa dönən yollar modern sənaye zonasına aparır, irəliyə gedən və sola burulan yollarsa qonaqları müasir şəhər gözəlliklərinə qovuşdurur. Bu küçə 4,2 kilometr məsafədə hər 2 tərəfə xeyli genişləndirilib, 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb, axşamlar əlvan işıq effektləri ecazkar təsir bağışlayır.
Gənclik şəhərinin memarlıq panoramına rəng qatan park və xiyabanlar onun təbəssüm cizgiləridir. Nəsimi adına mədəniyyət və istirahət parkı, Bulvar kompleksi, Bələdiyyə bağı, “Göyərçin” parkı, Lüdviqshafen xiyabanı gözəl istirahət məkanlarıdır. Bu ilin yazında Şəhərin Yaşıldərə yaşayış massivində, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin adını daşıyan küçədə yeni salınmış Bələdiyyə Parkının açılış mərasimi də gerçəkləşib. “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tikinti-planlaşdırma məsələlərinin həlli, ilk növbədə, Sumqayıtın estetik gözəlliyini daha da dolğunlaşdırmaq məramı ilə həyata keçirilir.
Hamını heyran qoyan gözəllik
Sumqayıt Park-Bulvar Kompleksi Madrid və Parisdə keçirilmiş beynəlxalq forumlarda ən yüksək mükafatlara layiq görülüb. Həmin tədbirlərdə iştirak etmiş icra hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədovun dedikləri:
– Dünyanın 5 qitəsindən nümayəndələrin qatıldığı təqdimatlar zamanı cəmi 8 ayda yaradılan və şəhər sakinlərinin ən çox üz tutduğu, sevimli istirahət məkanına çevrilən bulvarın monitorda əks olunan möhtəşəm görüntüləri tədbir iştirakçılarını heyrətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır. Şəhərimiz son illərdə müasir layihələr əsasında yenidən qurulur və region gözəl turizm məkanlarından birinə çevrilməkdədir.
Xəzərin ləpədöyənində yaradılan 150 hektarlıq bulvarın uzunluğu 5,2 kilometrdir. Yayda da, qışda da izdihamlı olur. Xarici turistlər Sumqayıt bulvarında gəzməyi xoşlayır, yaxınlıqdakı “göydələn”ləri, onlar üçün tikilən müasir otelləri bəyənirlər.
Sumqayıtın yetirməsi olan dostum – alim və şair Rauf Muradov (Qaraişıq) uzun illərdir ki, Böyük Britaniyanın Southampton şəhərində yaşayır. Doğma şəhərə hər səfərində onunla Sumqayıt bulvarına da gəzintiyə çıxırıq. Bu məkanı çox bəyənir və üzünü Xəzərə tutub: “Üç tərəfim – Azərbaycan, qarşımda dəniz!” – deyir. Ötəndəfəki səfərində Rauf bu barədə təəssüratlarını həvəslə bölüşdü:
– Şəhərimizin geniş küçə və meydanları, yaşıllıq zolaqları ruh oxşayır. Məncə, bulvar çimərliyə birbaşa çıxışının olması ilə qonşu Gürcüstanın Batumisinə çox bənzəyir. Var olsun bu gözəllikləri yaradanlar!
Sumqayıtı qurub-yaradanlardan biri – 84 yaşlı Nəsir Kərimov şəhərin inkişafının onun gözləri önündə baş verdiyini bildirərək dedi:
– Mən arzu qanadlarında bu şəhərə gələnlərdənəm. 103 saylı tikinti idarəsində elektriklər briqadasına başçılıq etmişəm. Fəxr edirəm ki, Sumqayıtda iri sənaye müəssisələrinin, yaşayış massivlərinin və şəhər infrastrukturunun inşasında çalışmışam. Burada ailə qurub, 9 qız atası olmuşam. Övladlarımın hamısı Sumqayıtda yaşayır. Bütün varlığımızla bu gözəl şəhərə bağlıyıq.
Sumqayıt Bulvarının uşaq əyləncə guşələri, faytonlar, kiçik ölçülü gəzinti avtobusları, avtomobillər, velosipedlər sahil boyunca gəzinti zamanı romantik təsir bağışlayır. Bulvardan bir ucu Novxanıya, o biri ucu Beşbarmaq dağına qədər olan panoram göz oxşayır. Buradaki kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi və ən əsası, axşam düşər-düşməz sayrışan müasir işıqlandırma sistemi sahil zolağında hər qarış çölün canlanmasından, sözün əsl mənasında, elin xariqələr yaratmasından soraq verir. Bulvarda Muğam Mərkəzi, ASAN xudmət binası da memarlıq tərzi ilə seçilir.
Sumqayıtda Heydər Əliyev Mərkəzinin yeni əzəmətli binası, Dövlət Dram Teatrı binasının, Kimyaçılar sarayının yenidən qurulması və qarşısındakı meydanın əsaslı təmiri gözəlliyin təzələnməsi baxımından önəmlidir. Son illərdə Bayraq muzeyi, Şahmat və Uşaq İncəsənət məktəbləri, YAP-ın yeni binası gözəllik ünvanlarının sayını daha da artırıb. O cümlədən şəhərdə yüksək standartlara cavab verən hotellər tikilərək istifadəyə verilib. Bakı kəndləri istiqamətindən Sumqayıta qədər yeni müasir avtomobil yolu çəkilib. Şəhərdə abadlıq işlərinin aparılması daimi xarakter daşıyır. Bu və digər obyektlər şəhərin görünüşünə yeni çalar, əlavə gözəllik qatır. Başlıca məram Sumqayıtı daha modern, müasir, zövqoxşayan şəhərə çevirməkdir.
Özü abad, havası təmiz şəhər
Sumqayıtı fərqləndirən cəhətlər sırasında şəhərin abad və təmiz olması xüsusi qeyd edilir. Xüsusilə son 10–12 ildə bu sahədə əsl dönüş yaranıb. Yaşıllaşdırma, asfaltlama kimi tədbirləri – küçə səkilərinin qaydaya salınmasını, məhəllə və mikrorayonların daxili ərazilərinin abadlaşdırılmasını, yaşayış evlərinin fasadlarının, giriş bloklarının, pilləkən meydançalarının, dam örtüklərinin təmirini, zirzəmilərin qurudulmasını sakinlər razılıqla qarşılayırlar.
Şəhərdə lift təsərrüfatı intellektual idarə olunur. Ciddi nəzarət sayəsində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi üzrə mütəmadi tədbirlər görülür. Şəhərdə kommunal təsərrüfatının maddi-texniki bazası xeyli gücləndirilib, yeni və müasir texnikalar gətirilib. Bir neçə gün əvvəl icra hakimiyyətində qışa hazırlıq məsələsi ətraflı müzakirə edilib. Qarşıdakı aylarda qar və buzla mübarizə tədbirlərinin operativ, effektiv icrası nəzərdə tutulur.
Bir vaxtlar Sumqayıtın adı dünyanın ekoloji cəhətdən çirkli şəhərləri sırasında çəkilirdi. Müstəqillik illərində buradakı sənaye müəssisələri əsaslı təmir edilərək təzələnib, yeni modern istehsalatlar yaradılıb və ətraf mühitə zərərli qazların buraxılmasının qarşısı birdəfəlik alınıb. Artıq Sumqayıtın özünəməxsus ekoloji standartları formalaşır. Şəhərdə müntəzəm yaşıllaşdırma işləri aparılır. Son illərdə burada 100 minlərlə yeni ağac əkilib. 20 hektaradək ərazini əhatə edən parklar, xiyabanlar salınıb və yenidən qurulur. Şəhərdə hər adambaşına düşən 26 kvadratmetr yaşıllıq sahəsinin ikiqat artırılması hədəflənir. Şairlər əbəs yerə Sumqayıtı “Xəzərin zümrüd boyunbağısı” adlandırmayıblar.
Coğrafi relyef baxımından da əlverişli məkan olan Sumqayıtda müasir şəhərsalma tələblərinə uyğun imic formalaşır. Regionun ən böyük sənaye mərkəzlərindən biri olmaqla bərabər, Sumqayıt artıq perspektivli turizm şəhəri adlanmağa da iddialıdır. “Şəhərsalma və Memarlıq İli” olan cari ildə burada məqsədyönlü işlər görülür. Ənənələr innovativ yanaşmalarla birləşdirilərək davam etdirilir. Rəqəmsal transformasiyanın genişləndirilməsi müasir şəhərsalma məsələləri ilə paralel aparılır.
Bir neçə ay öncə şəhər rəhbərliyinin təşkilati dəstəyi ilə Sumqayıt Dövlət Universitetində (SDU) “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Respublika Elmi Konfransıında yeni şəhərsalma ideyalarının formalaşdığı vurğulanıb. Sumqayıtın tarixi inkişaf yolundan ətraflı bəhs edilərək bildirilib ki, şəhər sənaye mərkəzindən müasir və ekoloji baxımdan yenilənmiş urbanistik məkana çevrilməkdədir.
Dayanıqlı gələcəyin yeni təməlləri
Prezident İlham Əliyev hər zaman elm, təhsil və gənclərlə bağlı strategiyanı davamlı inkişafın əsası kimi dəyərləndirir. Bu baxımdan Sumqayıtın yeganə ali təhsil ocağı olan SDU-nun ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından biri kimi məşhurlaşması fərəh doğurur. Universitetin elmi bazası, beynəlxalq əməkdaşlığı və müxtəlif sahələr üzrə mütəxəssis hazırlığı proqramları daim genişlənir. Burada tələbə qəbulunun dinamikası da ilbəil yüksəlir. Əgər ötən il SDU-ya 1659 tələbə qəbul edilmişdisə, bu il həmin rəqəm 2090 olub. Bu artım ölkə üzrə birinciliyi təmin edib.
Sumqayıt yüksək balla tələbə adı qazanan məzunların sayı üzrə də öncüllüyünü qoruyur. Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt təhsil sektoru 52 ümumi təhsil, 56 məktəbəqədər və 2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla cəmi 110 təhsil müəssisəsini əhatə edir. Ötən tədris ilində şəhər məktəblərinin XI siniflərini 4 813 şagird bitirib, onlardan 302 nəfəri tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb. Respublika Fənn Olimpiadalarının final mərhələsində Sumqayıt şagirdləri 5 qızıl, 16 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 40 medal qazanıblar.
Bu il ali məktəblərə qəbul imtahanlarında Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə maksimum – 700 bal toplayıb və ingilis dilində təhsil üzrə Tibb Universitetinə qəbul olunub. Onun ürək sözlərini təqdim edirik:
– Yüksək nəticəni qəbul imtahanlarında 2-ci cəhddə qazanmışam. Mən rəsm çəkməyi, kitab oxumağı və filmlərə baxmağı da çox sevirəm. Bu məşğuliyyət hazırlıq prosesində dincəlməyimə və motivasiyamı qorumağıma kömək edib. Tibb Universitetindən sonra xaricdə təhsilimi davam etdirmək və peşəkar neyrocərrah kimi Sumqayıta qayıdıb burada çalışmaq istəyirəm.
Samirin sinif yoldaşı Aysu Əliyeva qəbul imtahanında 693,6 balla fərqlənib. Əli Məmmədzadə isə 2-ci mərhələdə 400 balla lider olub. II, III və IV ixtisas qrupları üzrə ölkə səviyyəsində Sumqayıt məktəblərinin məzunları ən yüksək nəticələrlə yenə də önə çıxıblar. Gənclik şəhəri məktəblərinin 237 məzunu 600-dən yuxarı, 91 məzunu isə 650 və daha yüksək bal toplayıb.
Bəli, Sumqayıt özünün 77 yaşını böyük uğurlarla qarşılayır. Bu münasibətlə keçirilən bayram tədbirlərində nailiyyətlərə bir daha nəzər salınır, şəhərin daha sürətli inkişafının perspektivləri müəyyənləşdirilir. Sumqayıtın tərəqqi strategiyasında əsas hədəflər yerli sənaye potensialını daha da artıracaq texnologiya və innovasiya mərkəzləri yaratmaq, yaşıl zonaları genişləndirmək, parkların və ictimai məkanların sayını artırmaq, sakinlər və qonaqlar üçün daha cəlbedici bir mühit yaratmaqdır.
Yeni yaşın mübarək, Sumqayıt!
Əli NƏCƏFXANLI
XQ