General Motors 220 milyon dollar ödəyəcək

01.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

ABŞ-ın avtomobil istehsalçısı “General Motors” (GM) sürücülərin şəxsi məlumatlarını onların razılığı olmadan toplamaq və sığorta şirkətlərinə satmaqla bağlı iddialara görə 220 milyon dollar ödəməyə razılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.

ABŞ-ın 35 ştatının və Kolumbiya dairəsinin baş prokurorlarının apardığı araşdırma nəticəsində şirkətin 2016-2024-cü illərdə “Smart Driver” proqramı vasitəsilə milyonlarla sürücünün avtomobil idarəetmə vərdişlərini izlədiyi müəyyən edilib.

İddialara görə, GM sürücülərin hansı sürətlə hərəkət etdiyini, avtomobildən günün hansı saatlarında istifadə etdiyini, nə qədər tez-tez qəfil əyləc etdiyini və bəzi hallarda onların yerləşmə məlumatlarını qeydə alıb. Daha sonra bu məlumatlar sığorta şirkətlərinə informasiya təqdim edən vasitəçi qurumlara satılıb.

Nəticədə bəzi sürücülər avtomobil sığortası üçün daha yüksək ödəniş etməli olublar. Onların bir çoxu sığorta haqlarının müəyyənləşdirilməsində şəxsi sürücülük məlumatlarından istifadə edildiyindən xəbərsiz olub.

Müştəriləri xəbərsiz proqrama qoşublar

Araşdırmada diqqət çəkən məqamlardan biri də bəzi avtomobil sahiblərinin “Smart Driver” proqramına razılıqları olmadan qoşulmasıdır. İddialara görə, GM avtomobil dilerlərinə daha çox müştəri cəlb etmək üçün mükafatlar təklif edib. Bəzi diler əməkdaşları isə müştərilərin açıq razılığı olmadan proqramın şərtlərini onların adından qəbul ediblər.

Bundan başqa, şirkət 370 mindən çox sürücüyə proqrama qoşulmadıqları barədə məlumat versə də, onların məlumatlarını toplamağa davam edib. Sonradan bu qeydlər dayandırılsa da, müştərilər baş verənlər barədə məlumatlandırılmayıb.

Şirkətə yeni öhdəliklər qoyulub

220 milyon dollarlıq razılaşma yalnız maliyyə ödənişini əhatə etmir. GM bundan sonra sürücülərin məlumatlarını toplamazdan və ya üçüncü tərəflərlə paylaşmazdan əvvəl onların açıq razılığını almalıdır. Şirkət həmçinin məlumatların toplanmasını məhdudlaşdırmalı və şəxsi informasiyanın qorunması üçün əlavə tədbirlər görməlidir.

Razılaşmaya əsasən, məlumatların qorunması qaydalarına müstəqil auditorlar və şirkətdaxili mütəxəssislər tərəfindən nəzarət ediləcək. Avtomobil dilerləri də müştərilərin icazəsiz proqramlara qoşulmasının qarşısını almaq üçün əlavə təlimlərdən keçəcəklər.

GM-in bu məsələ ilə bağlı problemləri əvvəllər də gündəmə gəlib. ABŞ Federal Ticarət Komissiyası (FTC) şirkətin müəyyən sürücülük və yerləşmə məlumatlarını istehlakçı hesabatı hazırlayan qurumlarla paylaşmasını beş il müddətinə qadağan edib. Bundan əlavə, GM 2026-cı ilin mayında Kaliforniyada oxşar iddialarla bağlı ayrıca 12,75 milyon dollarlıq razılaşmaya da gedib.

Qeyd edək ki, şirkət “Smart Driver” proqramını 2024-cü ildə dayandırıb. Hadisə internetə qoşulan müasir avtomobillərin topladığı şəxsi məlumatların sürücülərin xəbəri olmadan hansı məqsədlərlə istifadə edilə biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью