Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müdafiə Nazirliyində 2016-2021-ci illərdə 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olan şəxslər arasında yeganə general – nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədovun işi üzrə məhkəmə istintaqı noyabrın 15-də yekunlaşıb.
Bir həftə sonra – noyabrın 22-də prokuror general-mayor Nizami Məmmədova və onunla birlikdə məhkəmə qarşısına çıxarılan daha 3 nəfərə – Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadəyə prokuror cəza istəyəcək.
Adları çəkilən şəxslərin işinə bir ildən çoxdur ki, Bakı Hərbi Məhkəməsində baxılır.
143 milyonluq yeyinti ilə bağlı həbs olunanların sayı çoxdur, bu 4 nəfər də onların arasındadır.
Həbs edilənlərin bəzilərinin məhkəməsi artıq bitib, bəzilərininki isə ayrıca icraatda davam edir.
Noyabrın 15-də hakim Fikrət Əliyevin sədrliyilə keçirilən məhkəmə prosesində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilmiş sorğuya gələn cavab elan olunub.
Bu cinayət işi üzrə istintaq DTX-da aparılıb, hələ də orada istintaq araşdırmaları davam edir.