GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
67 yaşlı general Nazim Əliyevin özündən 34 yaş kiçik xanımla evlənməsindən sonra cütlüklər arasındakı yaş fərqi yenidən gündəm mövzusuna çevrilib. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda 2024-cü ildə yaşı 60-ı ötmüş 840 kişi rəsmi nikaha girib. Onlardan 6-sı 30-34 yaşlı, 11-i isə 35-39 yaşlı xanımlarla evləniblər.
Digər tərəfdən, qadınlarda göstərici fərqlidir. Eyni ildə 358 qadın 60 yaşından sonra rəsmi nikaha girib. Onlardan 307-si öz həmyaşıdına ərə gedib, 7-si isə 45-49 yaşlı kişilərlə ailə qurublar. Ümumiyyətlə, cəmiyyətdə kişilərin nadir hallarda özlərindən böyük qadınlarla ailə qurduğu, əsasən aralarında ciddi yaş fərqi olan gənc qadınlarla münasibətə cəhd göstərdiyi müşahidə olunur.
Maraqlıdır ki, niyə kişilər özlərindən çox kiçik qadınlara meyl edir, seçir, əksinə, qadınlarda isə bu hala rast gəlinmir? Bu, insan psixologiyasında hansı amillərlə izah olunur?
Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, bu statistikada görünən fərq təsadüfi deyil:
“Burada həm psixoloji, həm sosial, həm də mədəni faktorlar rol oynayır. Əvvəla, kişilərin özlərindən xeyli böyük qadınlara meyl etməsi nadir olsa da, bu hallarda adətən psixoloji ehtiyaclar ön plana çıxır. Belə kişilərdə emosional təhlükəsizlik, qayğı və anlayış ehtiyacı daha güclü olur. Yaşı böyük qadınlar həyat təcrübəsi, sakitlik, emosional sabitlik və daha az konfliktli münasibət modeli təklif etdikləri üçün bu, kişilərə cəlbedici görünə bilər. Bəzi hallarda bu, ana fiquruna bağlılıq, yəni psixoanalitik dildə desək, “ana obrazının” münasibətdə təkrar axtarılması ilə də əlaqələndirilir. Sosial normalar kişiyə “istənilən yaşda seçim etmək” azadlığı tanıyır. Qadınlarda isə bu azadlıq daha çox məhdudlaşdırılıb. Yaşı çox olan qadının özündən xeyli cavan kişi ilə evlənməsi hələ də cəmiyyətdə stereotiplərlə, qınaq və etiketlənmə ilə qarşılanır. Bu isə qadınların psixoloji olaraq belə seçimlərdən çəkinməsinə səbəb olur”.
Zeynəb Əyyubova
Psixoloq bildirib ki, 60 yaşdan sonra nikaha girən qadınların əksəriyyətinin öz həmyaşıdını seçməsi daha çox təhlükəsizlik, sosial uyğunluq və emosional rahatlıqla bağlıdır:
“Qadınlar münasibətdə təkcə emosional yaxınlıq deyil, həm də sosial balans, gələcək planların uyğunluğu və ictimai qəbul amilini nəzərə alırlar. Özündən xeyli cavan kişi ilə münasibət isə qadın üçün əlavə psixoloji gərginlik və sosial təzyiq riski yaradır. Nəticə etibarilə, bu fərqin kökündə təkcə fərdi psixologiya deyil, cəmiyyətin kişi və qadına yüklədiyi rollar, gözləntilər, sərhədlər dayanır. Kişilər emosional ehtiyaclarını daha sərbəst formada fərqli yaş qruplarından qarşılayarkən, qadınlar seçimdə psixoloji rahatlıqla yanaşı, sosial reaksiyanı da ciddi şəkildə nəzərə alırlar. Bu səbəbdən ciddi yaş fərqi olan nikahlar psixoloji problemdən çox, fərqli ehtiyacların, o cümlədən, cəmiyyətin qadın və kişi üçün yaratdığı qeyri-bərabər çərçivələrin nəticəsi kimi qiymətləndirilməlidir”.
Ləman İmran
Globalinfo.az