Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ və İran arasında artan gərginlik Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə təhlükəsi yaradıb. Vaşinqton və Təl-Əvivin hərbi hazırlıqlarını sürətləndirməsi, Tehranın sərt açıqlamaları və regional aktorların prosesə qoşulmaları böhranın qlobal miqyas ala biləcəyini göstərir.
Reyting.az xəbər verir ki, ABŞ İranın mühasirəsini davam etdirir. ABŞ hərbi-siyasi rəhbərliyinin İran ətrafına cəmləşdirdiyi qüvvələr arasında nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmi - “USS Abraham Lincoln” təcili olaraq Sakit okeandan Yaxın Şərqə köçürülərək Oman körfəzindən keçib. Gəminin İrandan təxminən 780 kilometr aralıda, Oman sahillərində “döyüş mövqeyi” tutduğu iddia edilir.
Zərbə qrupuna “F/A-18E” Super Hornets və “F-35C” Lightning II də daxil olmaqla, ümumilikdə 48 qırıcı təyyarə daxildir.
“USS Abraham Lincoln”u altı “Arleigh Burke” sinifli idarə olunan raket esminesi müşayiət edir. Hər gəmidə ümumilikdə 300-dən çox “Tamaqavk” qanadlı raketi daşıya bilən 96 şaquli buraxılış qurğusu var.
Bundan əlavə, Quamdan yola düşdüyü bildirilən Ohayo sinifli nüvə sualtı qayığı da bölgəyə çatarsa, ümumi raket tutumu 500-ə yaxınlaşa bilər.
ABŞ həmçinin İspaniyadakı Moron və Rota bazalarına “KC-135” yanacaqdoldurma təyyarələri yerləşdirib. Bu addım “B-2 Spirit” gizli bombardmançı təyyarələrin yenidən aktivləşdirilməsi kimi şərh olunur.
Gərginlik yalnız ABŞ ilə məhdudlaşmır. Böyük Britaniya Qətərə və Səudiyyə Ərəbistanına “Typhoon” qırıcı təyyarələri göndərib, İordaniyaya yerləşdirilən “F-15E” Strike Eagles təyyarələrinin sayı isə 36-ya çatıb.
Qeyd olunur ki, ABŞ hərbi nəqliyyat təyyarələri yanvar ayının ortalarından Yaxın Şərqə ən azı 44 ağır yük uçuşu edib.
E. KAMAL