Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin Oleşki yaşayış məntəqəsində planlaşdırılan humanitar əməliyyatla əlaqədar oktyabrın 27-si Moskva vaxtı ilə saat 04:00-dan etibarən atəşkəs tətbiq edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bəyanat verib.
Gerasimov bildirib ki, mülki əhalinin təhlükəsizliyini təmin etmək və sosial əhəmiyyətli yüklərin çatdırılması üçün Oleşki qəsəbəsi istiqamətində mühəndis kəşfiyyatı aparılacaq və humanitar karvanın təhlükəsiz hərəkəti təşkil olunacaq.
Xatırladaq ki, oktyabrın 23-də Ağ Ev Rusiya və Ukraynanın Xerson vilayətinin Oleşki qəsəbəsindən mülki şəxslərin təxliyə edilməsi üçün müvəqqəti atəşkəsə razılıq verdiyini açıqlamışdı. Mətbuat xidmətinin məlumatına görə, humanitar razılaşma ABŞ-nin Birinci xanımı Melaniya Trampın şəxsi səyləri və vasitəçiliyi sayəsində əldə olunub.
Melaniya Trampın bəyanatında qeyd olunur ki, hər iki ölkənin mülki məsələlər üzrə rəhbərləri sakinlərin evlərinə birgə baş çəkərək tələb olunan yardımın həcmini müəyyənləşdirəcəklər. Şəhərdən çıxmaq istəyən sakinlərə isə əlaqələndirilmiş dəstək göstəriləcək və istədikləri ünvana nəqliyyat vasitələri təşkil ediləcək.
Məlumat üçün bildirək ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Vladimir Putinlə Roma Papası arasında baş tutan telefon danışığından sonra Oleşkidəki vəziyyətlə bağlı irəliləyişlərin olduğunu bildirmişdi.