Gərək olduğun yerdə olanda

16.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu gün Borçalıda yaşayan azərbaycanlıllar arasında ziyalı və təşkilatçı müəllim kimi tanınan Esmira Ələkbərli Marneuli rayonunun Ağməmmədli kəndində dünyaya gəlib. Hələ məktəb yaşlarından əlaçı şagird kimi tanınıb. Rayonun məktəb  layihələrində iştirak edib. Onun Ağməmmədli orta məktəbində yaratdığı “Təbriz” radio-jurnalı 90-larda  şagird və valideynlər arasında əks-səda yaratmışdı. Keçid dövrünün çətinliklərinə rəğmən Esmira müəllim arzularının arxasınca təhsilini  Bakı Dövlət Universitetində davam etdirib. 30 il Bakıda yaşayıb və Azərbaycan vətəndaşıdır. Əvvəl tibbi bioloji sahədə işləsə də, ailə vəziyyəti ilə əlaqədar orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 

Pandemiyadan bir qədər əvvəl ailəsi ilə Gürcüstana köçüb. “Məndən Bakıda çoxdur, burda isə yoxdur” düşünüb və “lazım olduğum yerdə olmalıyam”, - deyib. İlk olaraq Qaçağan 2 saylı orta məktəbində kimya-biologiya müəllimi kimi işə başladı. Gürcüstanda azərbaycandilli məktəblərin, demək olar ki, bir-biriylə əlaqəsi zəif idi. Əvvəl feysbuk vasitəsi ilə profil yaradıb məktəblərlə əlaqələr qurdu. Hər məktəbdən fəal müəllimlərin işini işıqlandırdı. Məktəblərin məzunları haqqında oçerklər hazırlayıb rəsmi “Gürcüstan “ qəzetində  və “Yeni yol” qəzetlərində dərc etdirdi. O, artıq qəzetlərin ştatdankənar  müxbiri kimi həm məqalələr çap etdirir, həm də Gürcüstan azərbaycanlılarının fərqlənən nümayəndələri haqqında maraqlı yazılar yazır, videolar hazırlayırdı.

O, Gürcüstan Mədəniyyət Nazirliyinin hazırladığı inşa müsabiqəsində 9 Aprel və 20 Yanvar hadisələrini əks etdirən essesi ilə ikinci yer diplomunu qazandı. Sonra  məktəblərdə Azərbaycan retro xalq mahnıları və məhşur filmlərdən səhnələr hazırladı... Bunları paylaşmaqla sanki məktəblər arasında bir dəb yaratdı... Artıq azərbaycandilli məktəblər milli rəqslər, musiqilər, fonoqram mahnılardan ibarət  şənliklərlə sanki bir-biriylə bəhsə girdilər. Hər məktəb müvafiq səhifədə paylaşmaq üşün öz tədbirlərini təqdim edirdi. Esmira müəllimə o videoları montaj edərək, düzən verərək paylaşmaqla Gürcüstanda Azərbaycandilli məktəbləri  təbliğ edirdi.

Esmira müəllimə Gürcüstanın nümayəndə heyətinin tərkibində ADA Universitetində qonaq olub və təəssüratları əsasında “Bir görüşün manifesti” adlı  reportaj hazırlayıb. Bundan əlavə, XOCALIYA ƏDALƏT layihəsi çərçivəsində real faktlar əsasında “Nəfəs fasiləsi” adlı tamaşa hazırlayıb. Bu tamaşa artıq  MarneulidəAzərbaycan Evində səhnəyə çıxarılıb. Zəfər günü münasibəti ilə “Zəfərə gedən yol”, “Özün basdırdığın ağaca söykən” tamaşaları da onun əməyini məhsuludur. 

O, Bakıdan gələn Azərbaycan Kəlağayısı Muzeyinin Tbilisidə tədbirlər keçirməsində də fəal iştirak edib. Esmira müəllimə ana dilimizin qorunması, anadilli məktəblərin yaşaması üçün ardıcıl fəaliyyət göstərir. Ona uğurlar arzulayırıq! 

Nəriman ƏLİYEV 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью