Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kulis.az "Miksteyp" rubrikasından "Nothing else matters" mahnısı haqqında materialı təqdim edir.
Musiqi tarixinin kədər ilə aqressiyanı birləşdirən məşhur əsərlərindən olan "Nothing else matters" (“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur”) mahnısı Amerikanın əfsanəvi metal musiqisi qrupu “Metallika” tərəfindən 1991-ci ildə işıq üzü görüb və "Qara albom" kimi tanınan topluda yer alıb.
Ağır metal janrının sərt çərçivələrini darmadağın edərək milyonlarla insanın qəlbinə yol tapan bu əsər, təkcə qrupun yaradıcılığında dönüş nöqtəsi yox, həm də sənətçinin daxili tənhalığı ilə sadiqliyinin musiqiyə çevrilmiş səmimi etirafıdır.
Mahnının yaranma hekayəsi 1990-cı ildə qrupun vokalisti və ritm-gitaraçısı Ceyms Hetfildin konsert turu zamanı yaşadığı dərin tənhalıq hissi ilə başladı.
Hetfild kanadalı sevgilisi Kristen Martinez üçün darıxır və evdən uzaqda olduğu üçün həsrət çəkirdi.
Bir gün o, otel otağında telefonda sevgilisi ilə danışarkən, əli ilə gitaranın simlərinə toxunmağa başladı. Beləliklə, bu toxunuş mahnının ilk qığılcımlarına çevrildi.
İşin maraqlı tərəfi odur ki, Ceyms Hetfild bu bəstəni heç vaxt geniş ictimaiyyətə təqdim etməyi və ya “Metallika” albomuna daxil etməyi planlaşdırmırdı.
O, mahnının həddindən artıq şəxsi, həssas və kövrək olduğunu düşünür, qrupun sərt imicinə uyğun gəlməyəcəyindən ehtiyat edirdi.
Lakin qrupun təbilçisi Lars Ulrix, Hetfildin otel otağında lentə aldığı kaseti təsadüfən dinlədikdə dərhal bu melodiyanın özünəməxsusluğunu anladı və Ceymsi mahnını alboma daxil etməyə razı saldı.
Bəstəkar Maykl Kamen tərəfindən əlavə olunan incə simfonik orkestr müşayiəti isə mahnının emosional dərinliyini zirvəyə qaldırdı.
"Nothing else matters" mətni distansiyaya, kənar mühitin təzyiqlərinə və başqalarının mühakimələrinə baxmayaraq, iki insan arasındakı sarsılmaz inam və sadiqlik haqqında yazılmışdı.
Mahnının ilk misraları xarici aləmin küyündən uzaqlaşıb yalnız daxili həqiqətə sığınmağı təsvir edir:
“Məsafə nə qədər uzaq olur olsun, elə yaxındır ki... Qəlbdən bundan daha artığı gələ bilməzdi. Özümüzün kim olduğuna əbədi olaraq güvənərək... Və geri qalan heç nəyin əhəmiyyəti yoxdur...”
Buradakı ifadələr fiziki ayrılığın ruhani bağlar qarşısında acizliyini göstərir.
Müəllif bildirir ki, həqiqi yaxınlıq kilometrlərlə deyil, qəlblərin eyni tezlikdə vurması ilə ölçülür.
Mahnının növbəti hissələrində cəmiyyətin mühakimələrinə və saxta dəyərlərinə qarşı sərt duruş nümayış olunur:
“Özümü heç vaxt bu şəkildə ifadə etməmişdim... Həyat bizimdir, onu öz bildiyimiz kimi yaşayırıq. Bütün bu sözləri elə-belə demirəm... Və geri qalan heç nəyin əhəmiyyəti yoxdur... Onların nə etdiyi və nəyi bildiyi heç vaxt vecimə olmadı...”
Bu misralar Hetfildin və ümumiyyətlə, insanın öz daxili həqiqətinə sadiq qalmasının bəyanatıdır.
Başqalarının nə düşündüyü, necə mühakimə etdiyi və ya hansı qaydaları diktə etdiyi vacib deyil; əsas olan insanın öz sevgisinə, öz yoluna və daxili saflığına olan inamıdır.
"Nothing else matters" 1990-cı illərin metal musiqisi hitinə çevrilsə də, o, sərt tonların belə zərif emosiyaları ifadə edə biləcəyini sübut edib, insanı öz daxili aləminə, sevdiklərinə sarılmağa səsləməyə nail olub.
“Metallika” bu əsərlə sübut etdi ki, dünyada hər şey gəldi-gedərdir, yalnız qəlbdən gələn sədaqət və sevgi əbədidir - geri qalan heç nəyin əhəmiyyəti yoxdur.