Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 1 noyabr, AZƏRTAC
Geridə qalan həftə ərzində Gürcüstanda həm beynəlxalq, həm də daxili əhəmiyyətli çox mühüm hadisələr baş verib.
AZƏRTAC-ın xüsusi müxbiri həmin hadisələri həm siyasi, həm də xronoloji cəhətdən analiz edib.
Həftənin beynəlxalq əhəmiyyətli ən mühüm hadisəsi Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Tbilisiyə səfəri və hökumət başçılarının sədrliyi ilə Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilən Hökumətlərarası Komissiyasının XI iclası olub.
Görüşdən sonra tərəflər müxtəlif sahələrdə, xüsusən də beynəlxalq tranzit müqavilələri çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirdilər. Bundan əlavə, sərhədlərin demarkasiyası və delimitasiyası prosesini sürətləndirmək və birgə layihələr hazırlamaq barədə razılıq əldə edildi.
Görüşdən sonra Gürcüstana açıq bir mesaj gəldi ki, Azərbaycan Orta Dəhlizin Gürcüstan hissəsinin inkişaf etdirilməsində maraqlıdır.
Həftənin digər mühüm hadisəsi 5 müxalifət partiyasının konstitusiyaya zidd elan edilməsi ilə bağlı işin mahiyyəti üzrə Konstitusiya Məhkəməsində keçirilən dinləmələr oldu. Məhkəmə həftəni tamamilə partiyaların mövqelərinin təqdimatına həsr etdi. Əvvəlcə hakim Gürcü Arzusu partiyası öz işini təqdim etdi. Hakim partiya müxalifəti konstitusiya quruluşunun devrilməsi və ya zorakılıqla dəyişdirilməsi, ölkənin müstəqilliyinə qəsd və ərazi bütövlüyünün pozmaqda günahlandırıb və bununla da Gürcüstan Konstitusiyasının müddəalarının pozuntularına görə kollektiv məsuliyyət tələb etdi. Müxalifət partiyaları nümayəndələrinin fikrincə, onları kollektiv qurum hesab etmək qəti şəkildə mümkün deyil. Növbəti dinləmələr 9-12 noyabr tarixlərində keçiriləcək və tərəflər məhkəmənin və müxaliflərinin suallarını cavablandıracaqlar.
Ölkə vətəndaşları üçün yenilik gətirən digər məsələs isə sabit qaz və su tariflərinin istehlak həcminə əsaslanan fərqli tariflərlə əvəz edilməsi idi. Gürcüstan Parlamenti bu səlahiyyəti Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasına (NEMK) verdi. Dekabr ayında, komissiya 2027-ci ildə vətəndaşlara hansı qaz və su tariflərinin tətbiq olunacağına qərar verəcək.
Cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də vahid məktəbli forması ilə bağlı olub. Yeni qərara əsasən şagirdlər vahid forma geyinməyə davam edəcəklər. Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, vahid məktəbli forması şagirdlər arasında sosial bərabərsizliyi azaldacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi