futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Honda avtomobil sənayesində samballı marka sayılır. “Neftçi” “probeqi” aşmış Hondanı gətirmişdi.
Yaponun yaxşısını gətirmək çətindir. Başa düşürük. Düşməyə çalışırıq…
Hələliksə “Neftçi” elə haldadır, yaponun pisini gətirib ona tətbiq etmək lazımdır – harakiri…
Bu il əzəmətini geri qaytarmağa çalışan, bununçün vurnuxan “flaqman” nələrisə düz etmir ki, “qaş düzəltmək əvəzinə, vurub gözü də çıxarır”…
“Sabah”a heç cür qalib gələ bilməyən “atlılar” kükrəmiş halda bütün qəzəbini “Neftçi”dən çıxdı – 5:1.
Yuri Vernidubun gəlişindən bəri yüksəliş və özünəinam mövzularının baş qəhrəmanına çevrilmiş komanda bu nəticəylə xarizmanı yerlə bir etdi.
Konfrans Liqasına vəsiqə ehtimalı qalır, lakin bu durum və gedişatla çətin… Olsa da, bu “Neftçi” yenidən yığılmalıdır.
Onsuz da son illərin ən çox sökülüb-yığılan komandasıdır, ortada real nəticə görünmür. Ancaq Vernidubun oyun fəlsəfəsi, yanaşması ilkin işartıları ilə ümid verir. Bu mütəxəssisin ideyalarına yatırım etməyə dəyər. Yalnız bir şərtlə – kosmetik yox, köklü dəyişikliklə…
İndiki heyət natarazdı, köntöydür, istəniləni icra etmək potensialı aşağıdır.
“Qarabağ”dan alınan acınacaqlı məğlubiyyətin əsas səbəbi oyun modeli yox, sürətli icraetmə problemi idi. Təkbətək mübarizələrdə keyfiyyət fərqi buna bariz nümunə idi.
Varsa, başbilən önə çıxmalı, indidən gələn mövsümün fakturasını Vernidubun fəlsəfəsi əsasında qurmalıdır. Bəlkə belə geridönüşə nail oluna…
Kamil Əhməd