futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sabah” Azərbaycan futbolunda “qızıl dubl”a imza atdı. “Bayquşlar” Misli Premyer Liqasının ardından ölkə kubokunda da qızıl medalın sahibi oldu.
Finalda buraxdığı erkən qolla geri düşən “Sabah” oyunboyu daha üstün tərəf idi və ikinci hissədə vurduğu baxımlı qollarla hesabı çevirərək kuboku qazana bildi. “Zirə”nin isə gücü əsasən müdafiə olunmağa çatdı. Hesabda 1:0 öndə olduğu vaxtda belə “qartallar” hücuma atılmaq əvəzinə top saxlamağa, vaxt aparmağa üstünlük verdi. 60-cı dəqiqədən sonra təzyiqi daha da artıran “Sabah”da sonradan meydana daxil olan Patrik Mbina və Rəhman Daşdəmirovun iş birliyi bərabərlik qolunu gətirdi. Ardınca isə Mikels sürətli hücumla son dəqiqədə komandasına qələbə qazandıran qola imza atdı.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas ikinci hissədə etdiyi müdaxilələrlə oyunu çevirdi. Rəşad Sadıqov isə müdafiəni gücləndirib, hesabı qorumağa çalışsa da, alınmadı. Keyfiyyət ön plana çıxdı və “Sabah” fantastik qollarla ardıcıl ikinci mövsüm kubokun sahibi oldu.
Mövsümboyu sərgilədiyi oyunla mükafatlara layiq olduğunu göstərən “futuristlər”i qarşıda daha ciddi sınaq gözləyir – tarixdə ilk dəfə Çempionlar Liqasında mübarizə…
Şahin Cəfərov