Geridönüşlə yazılan tarix

10.09.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Qarabağ” Çempionlar Liqasında qələbə qazanan ilk Azərbaycan komandasıdır.

“Benfika” ilə Liqa mərhələsinin I tur oyununda geridönüşlə üç xal qazanan “atlılar” növbəti dəfə tarix yazdı. Matçı əvvəlində iki top fərqi ilə geri düşən “Qarabağ”ın oyunu çevirməsi heç kimin ağlına gəlmirdi. Rəqib tək Portuqaliyanın deyil, dünyanın adlı-sanlı kollektivlərindən idi. Təkcə komandaların heyətinin dəyərinin müqayisəsi klublar arasındakı fərqi göstərirdi – “Benfika” – 300 milyon, “Qarabağ” 24…

Lakin Azərbaycan çempionu bir daha göstərdi ki, meydanda rəqəmlər deyil, mübarizə ön plana çıxır. Geri düşəndə təslim olmayan, təzyiqini artıran və ilk hissədə inamı gətirən bir qolu vuran “Qarabağ” fasilədən sonra da erkən qolla həm hesabı bərabərləşdirdi, həm də rəqibi təzyiq altına saldı.

2:0-dan hesabın bərabərləşəcəyini düşünməyən, rahatlaşan “Benfika” Azərbaycan çempionu tərəfindən cəzalandı. Portuqalların son dəqiqələrdəki tələsgənliyi isə “Qarabağ”ın işinə yaradı. Sürətli hücumla önə keçən təmsilçimiz son saniyələrdəki inamlı müdafiə ilə tarixində ilk dəfə turnirdə üç xal qazandı.

Liqa mərhələsində səfərdə qazanılan xalların önəmi böyükdür. “Qarabağ”ın növbəti görüşü Bakıda “Kopenhagen”ə qarşıdır və rəqib “Benfika” səviyyəsində deyil. Tofiq Bəhramov adına Respublika stadionunda doğma azarkeşlər önündə qazanılacaq qələbə “Qarabağ”ı tarixin daha bir yaddaşına yazacaq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью