Getty Images müflisləşmə proseduruna başlayaraq özəl şirkətə çevrilməyi planlaşdırır

13.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

ABŞ-ın foto və təsvirlər üzrə tanınmış platforması Getty Images biznesinin maliyyə restrukturizasiyası çərçivəsində müflisləşmə üçün müraciət etməyi və birjadan çıxaraq özəl şirkətə çevrilməyi planlaşdırır.

Şirkətin açıqlamasına görə, bu qərar rəqib Shutterstock ilə 3,7 milyard dollarlıq birləşmə sazişinin iyunun sonunda baş tutmamasından sonra qəbul edilib. Böyük Britaniyanın rəqabət tənzimləyicisi redaksiya biznesinin satılmasını tələb etdiyindən sövdələşməni bloklayıb. Bundan sonra Getty Images birləşmə planından imtina edib.

Restrukturizasiya çərçivəsində şirkətin Nyu-York Fond Birjasındakı (NYSE) səhmlərinin ticarətinə xitam veriləcək. Getty Images səhmləri 2022-ci ilin iyulundan həmin birjada dövriyyədə olub.

Əvvəlcədən razılaşdırılmış müflisləşmə prosedurunun ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Şirkətin maliyyə tərəfdaşları olan Koch Equity Development investisiya şirkəti və Getty ailəsi biznesə 533 milyon dollaradək yeni kapital yatırmağı öhdələrinə götürüblər.
Getty Images bildirir ki, maliyyə restrukturizasiyası şirkətin gündəlik fəaliyyətinə, əməkdaşlarına və tərəfdaşlarına təsir göstərməyəcək.

"Getty Images" süni intellekt əsaslı alətlərin yayılması səbəbindən "iStock" xidmətinə olan tələbatın azaldığını qeyd edib. Buna baxmayaraq, şirkət öz redaksiya bölməsinin böyüməsini gözləyir və növbəti investisiyalar üçün maliyyə bazasını möhkəmləndirmək niyyətindədir.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью