Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Səfərin əsas məqsədi Şəkinin daxili turizm potensialını nümayiş etdirmək, turistlər üçün yaradılan şərait və həyata keçirilən layihələrlə ictimaiyyəti tanış etmək idi.
Amma Şəkiyə səfər sadəcə turizm obyektləri ilə tanışlıq deyil. Bu, həm də əsrlərin dərinliyinə, xalqımızın yaddaşına, milli-mənəvi dəyərlərimizin yaşadığı bir dünyaya səyahətdir.

Şəki küçələrində keçmişlə bu günün görüşü


Şəkinin tarixi küçələri ilə, xüsusən də “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna, Şəki Xan sarayına doğru irəlilədikcə insan sanki zamanın axarını unudur. Bir-birini əvəz edən qədim tikililər, özünəməxsus memarlıq üslubu, daş döşənmiş küçələr, sənətkarlıq emalatxanaları, milli ornamentlər insanı başqa bir aləmə aparır. Burada keçmiş sadəcə xatırlanmır, yaşayır. Yüzilliklərin sınağından çıxmış tarix, adət-ənənələr, sənətkarlıq nümunələri bu gün də qorunub saxlanılır.

Şəkini fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun ilin bütün fəsillərində turistlər üçün cəlbedici olmasıdır. Burada tarixi abidələri ziyarət etmək, təbiətin gözəlliyindən zövq almaq, milli mətbəxin ləziz təamlarını dadmaq, qədim sənətkarlıq nümunələri ilə tanış olmaq mümkündür.
Bir sözlə, Şəki elə bir məkandır ki, burada hər kəs öz zövqünə uyğun istirahət tapa bilər.

“Yuxarı Baş” – keçmişin gələcəyə açılan qapısı
Mediatur zamanı Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Şəkinin tarixi-mədəni irsinin qorunması istiqamətində görülən işlərdən danışdı.
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda, o cümlədən “Yuxarı Baş” qoruğunda tarixi-memarlıq abidələrinin bərpası və konservasiyası mərhələli şəkildə davam etdirilir.

2026-cı ildə Şəki Tarix-Diyarşünaslıq Muzeyi, eləcə də Şəbəkə Emalatxanası və Təlim Mərkəzi bərpadan sonra yenidən istifadəyə verilib.
Bu layihələrin əhəmiyyəti yalnız qədim tikililərin bərpası ilə məhdudlaşmır. Əsas məqsəd tarixi yaddaşı qorumaq, unudulmaq təhlükəsi ilə üzləşən sənətləri yaşatmaq və gələcək nəsillərə ötürməkdir.

“Yuxarı Baş” həm də turistlərin gün ərzində vaxtlarını mənalı keçirə biləcəyi məkandır. Burada tarixi abidələri seyr etmək, sənətkarların işini izləmək, təbiətin gözəlliyindən zövq almaq, yorulduqda isə “Kilim” restoranında Şəki mətbəxinin təamlarından dadmaq mümkündür.

Gilə can verən əllər – Şöyüb ustanın sənət dünyası
Səfərimizin maraqlı dayanacaqlarından biri Qala Divarları Kompleksində yerləşən XIX əsrə aid tarixi Barıt anbarı oldu. Bərpa və konservasiya işlərindən sonra bu qədim tikili sənətkarlıq emalatxanasına və dulusçuluq mərkəzinə çevrilib. Burada bizi ata-babalarımızdan yadigar qalan dulusçuluq sənətini yaşadan Şöyüb Məmmədov qarşıladı.

Şöyüb usta gildən müxtəlif məişət əşyalarının, xüsusən də Şəkinin məşhur piti qablarının- “dopu”ların və su qablarının hazırlanmasını əyani nümayiş etdirdi.
Adi gil parçasının ustanın əllərində necə sənət əsərinə çevrildiyini izləmək həqiqətən maraqlıdır. Düşünürsən ki, bu əllər sadəcə qab hazırlamır. Bu əllər əsrlərdən gələn sənət yaddaşını yaşadır. Burada turistlər də gil sənəti üzrə ustad dərslərində iştirak edə bilirlər.

Keramika sənətinin yeni ünvanı
Mediatur çərçivəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində də olduq.
Qafqazda ilk Keramika Mərkəzi kimi təqdim olunan bu sənət ocağı qədim keramika ənənələrinin qorunmasına, sənətkarlığın inkişafına və ailə təsərrüfatlarının dəstəklənməsinə xidmət edir. Mərkəzdə müasir avadanlıqlardan istifadə olunmaqla təlimlər, xarici sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər keçirilir. Burada keramika ilə yanaşı, xalçaçılıq və digər tətbiqi sənət sahələri də öyrədilir. Əslində, belə mərkəzlərin yaradılması qədim sənətlərin müasir dövrün tələblərinə uyğun inkişafına, eyni zamanda turizm məhsuluna çevrilməsinə imkan yaradır.

Üç min eksponatın danışdığı tarix


Şəki Tarix-Diyarşünaslıq Muzeyinə daxil olarkən sanki keçmişin qapıları üzümüzə açıldı.
Muzeydə bölgənin tarixini, etnoqrafiyasını, mədəniyyətini, sənətkarlığını və kulinariya irsini əks etdirən üç mindən çox eksponat qorunur. Onlardan 1826-sı sərgi zallarında nümayiş etdirilir. Burada minillik tarixə malik saxsı samovar, qədim dəfn adətlərini əks etdirən insan qəbri və məişət əşyaları, Nəriman Nərimanovun vaxtilə Yevlaxdan Şəkiyə səfəri zamanı istifadə etdiyi fayton xüsusi maraq doğurur.

Hər eksponat bir tarixdir. Hər əşya bir dövrün həyat tərzini, insanların düşüncəsini, məişətini özündə yaşadır. Bu muzey sadəcə keçmişin əşyalarının saxlandığı məkan deyil, Azərbaycanın zəngin tarixinin gələcək nəsillərə ötürüldüyü yaddaş evidir.

Bir mismarsız yaradılan möcüzə – şəbəkə sənəti
Şəki deyəndə yada düşən ilk sənət nümunələrindən biri də şəbəkədir. Azərbaycan ustalarının adını dünyaya tanıdan bu nadir sənət əsrlər boyu nəsildən-nəslə ötürülüb.
Şəbəkə Emalatxanası və Təlim Mərkəzində tanınmış usta Tofiq Rəsulovla görüşümüz də maraqlı oldu. Tofiq usta şəbəkə sənətinin incəliklərindən, onun hazırlanmasının mürəkkəbliyindən, bu sənətin yaşadılması üçün görülən işlərdən danışdı. Taxta və rəngli şüşə parçalarının mismar və yapışqan istifadə edilmədən bir-birinə birləşdirilməsi nəticəsində yaranan bu sənət nümunələri insanı heyrətləndirir.
Sevindirici haldır ki, bu qədim sənətə şəkili gənclər də maraq göstərirlər. Tofiq ustanın sənət yolunu artıq oğlu da davam etdirir. Bu isə o deməkdir ki, şəbəkə sənəti yaşayır və yaşayacaq.

Rənglərin dilində danışan Şəki
Mediatur iştirakçıları Şəki Dövlət Rəsm Qalereyasında da oldular.
2022-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən tarixi-memarlıq xüsusiyyətləri qorunmaqla bərpa edilən qalereyada 361 eksponat saxlanılır.
Onlardan 71-i hazırda nümayiş etdirilir. Sərgilənən əsərlərin 61-i rəsm, 10-u isə heykəltəraşlıq nümunəsidir. Burada həm ölkə miqyasında tanınmış, həm də Şəki ilə bağlı rəssamların əsərləri təqdim olunur. Qalereya şəhərin təkcə qədim sənətkarlıq deyil, müasir təsviri sənət baxımından da zəngin potensiala malik olduğunu göstərir.

Kiş məbədi – iki min ilin sirri və Tur Heyerdalın izi


Səfərimizin ən maraqlı məkanlarından biri Kiş kəndində yerləşən qədim Alban məbədi oldu.
Qafqazın ən qədim xristian məbədlərindən sayılan, tarixi təxminən iki min ilə bağlanan bu abidə Azərbaycan tarixinin mühüm səhifələrindən biridir.
Məbəd əsrlər boyu yerli əhali tərəfindən ziyarətgah kimi qorunub saxlanılıb. Burada nümayiş etdirilən arxeoloji tapıntılar, məişət və etnoqrafik nümunələr Qafqaz Albaniyasının zəngin tarixindən xəbər verir.

Qeyd edək ki, Kiş məbədinin beynəlxalq miqyasda tanınmasında norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın da xüsusi rolu olub. Heyerdal skandinaviyalıların uzaq əcdadlarının Azərbaycan və Qafqaz coğrafiyası ilə bağlı ola biləcəyi fərziyyəsini irəli sürmüşdü. Bu fikir elmi baxımdan qəti sübuta yetirilməsə də, onun araşdırmaları Kiş məbədinə və bölgənin qədim tarixinə beynəlxalq marağı artırıb. Məbədin bərpası istiqamətində aparılan işlərdə də Heyerdalın təşəbbüslərinin mühüm rolu olub.

Albaniya Prezidentini Kişə gətirən maraqlı hadisə
Kiş məbədində olarkən bizə maraqlı bir hadisə də danışıldı. Məlum oldu ki, Albaniya Prezidenti Bayram Beqay 2024-cü ilin martında Azərbaycana səfəri zamanı Qafqaz Albaniyasının tarixi və Kiş kəndindəki qədim Alban məbədi haqqında məlumat alıb. Bu tarixi abidə onda elə maraq yaradıb ki, səfər proqramında Şəki nəzərdə tutulmasa da, məbədi şəxsən görmək istəyib. Azərbaycan tərəfi onun xahişini nəzərə alaraq proqramdan kənar səfər təşkil edib. Beləliklə, 2024-cü il martın 16-da Bayram Beqay Şəkiyə gələrək Kiş məbədini və Şəki Xan sarayını ziyarət edib.

Bizə danışılanlara görə, Albaniya Prezidenti məbəddən o qədər təsirlənib ki, yol kənarındakı “Alban məbədi” lövhəsinin şəklini də şəxsən çəkib.

Əlbəttə, müasir Albaniya dövləti ilə qədim Qafqaz Albaniyası arasında birbaşa tarixi bağlılıq yoxdur. Lakin ad oxşarlığı və qədim xristian irsinə maraq bu səfərə özünəməxsus məna qazandırıb.

Arzuların çin olacağına inanılan məbəd
Kiş məbədi təkcə tarixi abidə deyil, həm də insanların mənəvi rahatlıq axtardığı məkandır. Burada bizə danışdılar ki, məbədi ziyarət edənlər arasında müxtəlif dinlərə mənsub insanlar da var. Kimisi tarixi öyrənmək, kimisi qədim memarlığı görmək, kimisi isə ürəyindəki arzu və diləklərlə buraya gəlir.

Bəzi ziyarətçilər inanırlar ki, bu müqəddəs saydıqları məkanda etdikləri dualar, diləklər qəbul oluna bilər. Beləcə, Kiş məbədi tarixlə inancın, keçmişlə bu günün qovuşduğu bir məkan təsiri bağışlayır.

Kəlağayının sehrli dünyası – hər naxışın bir mənası var


Şəki səfərimizdə milli-mədəni irsimizin ən gözəl nümunələrindən olan kəlağayı sənəti ilə də tanış olduq.

Sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” Kəlağayı Emalatxanası və Kəlağayı Muzeyi bizi rənglərin, naxışların, qədim ənənələrin sehrli dünyasına apardı. Burada üç yüz illik tarixi olan kəlağayı nümunələrinin qorunması xüsusi maraq doğurur. Əslində, kəlağayı sadəcə qadın baş örtüyü deyil. O, xalqımızın mədəniyyətinin, dünyagörüşünün, zövqünün, mənəvi dəyərlərinin ifadəsidir. Hər rəngin, hər ornamentin, hər naxışın öz mənası var. Kəlağayı insanın yaşına, həyat hadisələrinə, sevincinə və kədərinə uyğun müxtəlif mənalar daşıyır.
Bu gün kəlağayı həm milli geyim mədəniyyətimizin, həm də mədəni diplomatiyamızın mühüm simvollarından birinə çevrilib.

“Süsən” brendi ilə hazırlanan kəlağayıların həm daxili, həm də xarici bazarda təqdim olunması bu qədim sənətin yaşadılması baxımından əhəmiyyətlidir.

Şəkiyə gəlib piti yeməmək olarmı? 

Şəki haqqında danışıb onun zəngin mətbəxindən söz açmamaq mümkün deyil. Şəki deyəndə göz önünə gələn ilk təamlardan biri də məşhur Şəki pitisidir.
Yuxarı Karvansaray abidə kompleksində yerləşən restoranda aşpaz Aynurə İsmayılova bizə Şəki pitisinin hazırlanma prosesini əyani nümayiş etdirdi. Xüsusi saxsı qablarda hazırlanan piti təkcə yemək deyil, həm də Şəkinin əsrlərlə formalaşmış kulinariya mədəniyyətinin bir parçasıdır. Əslində, Şəkinin qastronomiyası ayrıca bir turizm istiqamətidir. Buraya gələn turist yalnız tarixi abidələri görmür, həm də bölgənin özünəməxsus dadlarını kəşf edir.

Şəkiyə turist axını: yerli və xarici qonaqların payı nə qədərdir?
Şəkinin və bütövlükdə şimal-qərb bölgəsinin turizm imkanları, mövcud vəziyyət və perspektivlər barədə Ölkə.az-a danışan Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov maraqlı məqamlara toxundu.


Onun sözlərinə görə, Şəki tarixi-mədəni irsi, sənətkarlığı, qastronomiyası və təbiəti ilə ilin bütün fəsillərində turistlər üçün cəlbedici istiqamətdir.
“Burada sənətkarlıq, qastronomiya, mədəni irs, tarixi abidələrlə yanaşı, ekoturizm və aqroturizm istiqamətində də böyük potensial mövcuddur. Yeni turizm məkanları və marşrutları yaradılır”, - deyə Şahin Məlikov bildirib.

İdarə rəisinin sözlərinə görə, Oğuz, Şəki, Qax, Zaqatala və Balakəni əhatə edən bölgədə ən çox turist axını məhz Şəkiyə müşahidə olunur.
Turistlərin təxminən 55–60 faizini yerli, 40–45 faizini isə xarici qonaqlar təşkil edir. Lakin 2026-cı il üzrə dəqiq turist sayını açıqlamaq hələ mümkün deyil. Çünki statistik məlumatlar ilin sonunda müvafiq qurumlardan əldə edilir.

Şahin Məlikov onu da vurğuladı ki, bölgəyə turist axını əsasən yay aylarında daha intensiv olur.
Dağ marşrutları, aqroturizm və kənd evləri – Şəkinin yeni turizm üfüqləri
Şahin Məlikovun sözlərinə görə, 2026–2030-cu illəri əhatə edən turizmin inkişafı üzrə Dövlət Proqramının prioritetlərinə uyğun olaraq bölgədə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə ekoturizm, dağ yürüşləri – haykinq, aqroturizm və icma əsaslı turizm perspektivli istiqamətlər hesab edilir. “Şəkidə hazırda aktiv istifadə olunan haykinq marşrutları var. Yeni marşrutların araşdırılmasını da həyata keçiririk. Xüsusilə xarici turistlərin bu istiqamətə böyük marağını müşahidə edirik”, – deyə idarə rəisi bildirdi.
O əlavə edib ki, Qafqazın ən böyük aqroturizm məkanı kimi təqdim olunan obyekt də Şəkidə yerləşir və turistlərin marağına səbəb olur.

Son illərdə kənd evləri və qonaq evləri turizmi də genişlənir.
Hazırda rəsmi olaraq Şəkidə 50-dən artıq aktiv qonaq evi fəaliyyət göstərir. Lakin Şahin Məlikovun sözlərinə görə, faktiki say bundan qat-qat çoxdur. Çünki fərdi evlərin bir hissəsi rəsmi qeydiyyatdan keçmədiyindən onların dəqiq statistikasını aparmaq çətindir. Bu turizm növünün əsas üstünlüklərindən biri kənd əhalisinin məşğulluğuna, ailələrin əlavə gəlir əldə etməsinə şərait yaratmasıdır. Bununla yanaşı, fərdi ev turizminin tənzimlənməsi və qeydiyyatı sahəsində müəyyən problemlərin olduğu da etiraf edilir. İdarə rəisi hesab edir ki, bu çətinliklər zamanla aradan qaldırılacaq.

Şəki – bir dəfə görməklə doyulmayan şəhər
Şəki səfərindən ayrılarkən bir daha əmin olursan ki, bu şəhərin cazibəsi yalnız tarixi abidələrində, təbiətində və ya mətbəxində deyil.
Onun əsas zənginliyi tarixini yaşadan insanlarında, sənətini qoruyan ustalarında, milli-mənəvi dəyərlərinə sahib çıxan sakinlərindədir.
Şöyüb ustanın gilə verdiyi forma, Tofiq ustanın şəbəkəyə hopdurduğu zəhmət, kəlağayının rənglərində gizlənən mənalar, Kiş məbədinin əsrlərdən gələn sükutu, Xan sarayının möhtəşəmliyi - bütün bunlar bir yerdə Şəki adlı böyük bir mədəniyyət xəzinəsini yaradır.
Şəki həm də göstərir ki, tarixi qorumaq onu sadəcə muzeyə çevirmək deyil. Tarixi qorumaq onu yaşatmaq, insanlara tanıtmaq, gələcək nəsillərə ötürməkdir. Bəli, Şəkiyə bir dəfə gəlmək kifayət etmir. Çünki Şəki baxdıqca gözəlləşən, gəzdikcə sirrini açan, ayrıldıqca insanı yenidən özünə çağıran şəhərdir.

Şəkiyə getmək bir səyahətdir, Şəkini duymaq isə tamam başqa bir aləm!

Mürtəza Bünyadlı
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью