Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Biz Azərbaycanla yaxın və strateji dostluğu bölüşürük. Bu münasibətlərin mühüm iqtisadi tərəfi var və hər iki ölkəyə fayda verir. Azərbaycan İsraildə səfirliyini açdıqdan sonra iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib".
Oxu.Az xəbər verir ki, bu fikirləri İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
O qeyd edib ki, 2025-ci ildə ikitərəfli ticarət təxminən 50 faiz artaraq 360 milyon ABŞ dolları ötüb:
"Bu artım artıq böyük sıçrayışdır. Əminəm ki, qarşıdakı müddətdə rəqəmlər daha da artacaq.
Bakı ilə Təl-Əviv arasında həftədə 20 birbaşa reys həyata keçirilir. Mən AZAL-a son iki il ərzində birbaşa uçuşları davam etdirdiyinə görə xüsusi təşəkkür bildirmək istəyirəm. Bu, ölkələrimiz arasında qarşılıqlı etimadı və sizin öhdəliyinizi əks etdirir. Biz bunu yüksək qiymətləndiririk.
2025-ci ildə 60 min israilli turist Azərbaycanı ziyarət edib. Bu rəqəm əvvəlki illərlə müqayisədə artıb və əminəm ki, gələn il daha da yaxşı olacaq. Hesab edirəm ki, bu göstəricini əhəmiyyətli dərəcədə artıra bilərik. Daha çox israillini bu gözəl, təhlükəsiz ölkəni - yəhudilər üçün də açıq və təhlükəsiz olan Azərbaycanı ziyarət etməyə çağırıram".
Nazir eyni zamanda, daha çox azərbaycanlını İsrailə səfər etməyə çağırıb:
"Biz sizi məmnuniyyətlə qarşılayacağıq.
Dostluğunuza və öhdəlikləri yerinə yetirməyə görə minnətdarıq. Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin - SOCAR-ın "Tamar" yatağındakı strateji investisiyasını xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu, Azərbaycanın xarici və iqtisadi siyasətdə ağıllı yanaşmasını, eləcə də qarşılıqlı etimadı əks etdirir. Bu, strateji tərəfdaşlığın nümunəsidir".
Məhərrəm Əliyev