Gimnastika Avropa Oyunlarına qayıdır

07.09.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Gimnastika 2027-ci il iyunun 16-dan 27-dək İstanbulda keçiriləcək Avropa Oyunlarının proqramına qayıdır və yarışların əsas idman növlərindən biri olacaq.

İdman.Biz xəbər verir ki, Avropa Oyunlarının proqramında gimnastikanın demək olar ki, bütün əsas növləri yer alacaq.

İdman gimnastikasında kişilər və qadınlar mübarizə aparacaqlar. Bədii gimnastikada isə fərdi gimnastlar və qrup hərəkətlərində komandalar medal uğrunda yarışacaqlar.

Proqramın böyük hissəsini batut gimnastikası təşkil edəcək. Fərdi batut yarışları ilə yanaşı, İstanbulda tamblinq və ikili mini batut üzrə də turnirlər keçiriləcək.

İdman akrobatikasında qadın qrupları və qarışıq cütlüklər, aerobika gimnastikasında isə qruplar və qarışıq cütlüklər mübarizə aparacaqlar.

Bundan başqa, World Gymnastics-in himayəsində olan parkur da Avropa Oyunlarının proqramına daxil edilib. İştirakçılar iki növdə – “Freestyle” və “Speed” üzrə ən güclüləri müəyyənləşdirəcəklər.

Beləliklə, İstanbulda gimnastika proqramına idman və bədii gimnastika, batut gimnastikası, tamblinq, ikili mini batut, akrobatika, aerobika və parkur daxil olacaq.

İlkin təqvimə əsasən, gimnastika yarışları Avropa Oyunlarının rəsmi açılışından əvvəl başlayacaq.

İdman gimnastikası üzrə yarışlar iyunun 15-dən 20-dək keçiriləcək. Qeyd edək ki, Avropa Oyunlarının açılış mərasimi iyunun 16-da olacaq.

Qısa fasilədən sonra digər gimnastika növləri üzrə yarışlar başlayacaq. İyunun 22-də batut gimnastikası, tamblinq və aerobika üzrə yarışlar keçiriləcək.

İyunun 23-də proqramda batut gimnastikası, ikili mini batut, aerobika və parkur yer alacaq. İyunun 24-də isə parkur yarışları davam edəcək.

Avropa Oyunlarının son üç günü - 25-27 iyun tarixləri bədii gimnastika və idman akrobatikasına həsr olunacaq. Oyunların bağlanış mərasimi də iyunun 27-də keçiriləcək.

Təşkilatçılar bildirirlər ki, yarışların proqramı hələlik ilkin xarakter daşıyır və sonradan dəyişdirilə bilər.

Gimnastikanın Avropa Oyunlarına qayıdışı bu idman növünün yarışların ilk buraxılışındakı rolunu da xatırladır. Bakı-2015 Avropa Oyunlarında gimnastika proqramda mühüm yer tuturdu.

Həmin vaxt gimnastlar altı növ üzrə mübarizə aparırdılar: idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, idman akrobatikası, aerobika və akrobatika cığırı.

Zəki Feyzullayev

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью