Ginekomastiya kişilərdə hansı səbəblərdən yaranır?

13.11.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə plastik, rekonstruktiv və estetik cərrah Tale Qasımov danışıb.

Onun sözlərinə görə, gündəlik dildə bu vəziyyət kişilərdə döş böyüməsi kimi tanınır:

"Böyümə bir tərəfdə və ya hər iki tərəfdə müşahidə oluna bilər. Bəzən gilə və onun ətrafında qabarıqlıq, sinə konturunda dəyişiklik və geyim altında nəzərə çarpan həcm artımı ilə özünü göstərir.

Ginekomastiyanın yaranmasında əsas amillərdən biri kişi orqanizmində testosteron və estrogen hormonları arasındakı tarazlığın dəyişməsidir. Estrogen süd vəzi toxumasının inkişafına təsir göstərir, testosteron isə bu təsiri tarazlaşdırır. Estrogen təsirinin artması və ya androgen təsirinin azalması nəticəsində süd vəzi toxumasında böyümə baş verə bilər.

Ginekomastiya fizioloji hormonal dəyişikliklər, dərman və bəzi maddələrin təsiri, eləcə də müxtəlif endokrin və sistemik xəstəliklərlə əlaqəli ola bilər.

Fizioloji səbəblərə yenidoğulmuş dövrü, yeniyetməlik və yaşlanma daxildir. Yenidoğulmuşlarda anadan keçən hormonların təsiri ilə müvəqqəti böyümə yarana bilər. Yeniyetməlik dövründə hormonal dəyişikliklərlə əlaqədar ginekomastiya tez-tez müşahidə olunur və bir çox hallarda 1–2 il ərzində geriləyir. Yaş artdıqca isə hormonal dəyişikliklər, bədən tərkibindəki fərqlər və yanaşı xəstəliklər bu ehtimalı artıra bilər.

Digər səbəblər arasında testosteron çatışmazlığı, hipoqonadizm, qalxanabənzər vəzin hiperfunksiyası, prolaktinlə əlaqəli bəzi hallar, qaraciyər və böyrək xəstəlikləri yer alır. Bəzi dərman vasitələri, hormonal preparatlar, anabolik steroidlər, spirtli içkilər və müəyyən rekreasion maddələr də hormonal tarazlığa təsir göstərə bilər. Nadir hallarda xaya və digər hormon ifraz edən şişlər də araşdırılmalıdır.

Bu səbəbdən ginekomastiyanın müalicəsində ilk növbədə onun yaranma səbəbinin müəyyənləşdirilməsi vacibdir".

T.Qasımov qeyd edib ki, ginekomastiyanı sinə nahiyəsində piy toplanmasından fərqləndirmək vacibdir:

"Tibbdə bu vəziyyətin üç əsas forması fərqləndirilir. Həqiqi ginekomastiya süd vəzi vəzili toxumasının artması ilə xarakterizə olunur. Müayinə zamanı gilənin altında dairəvi və ya diskəbənzər, nisbətən sıx toxuma hiss edilə bilər. Bəzi hallarda ağrı və həssaslıq da müşahidə olunur.

Yalançı ginekomastiya, yəni psevdoqinekomastiya zamanı isə əsas dəyişiklik vəzili toxumada deyil, sinə nahiyəsində piy toxumasının artmasındadır. Bu hal daha çox artıq çəki və piylənmə ilə əlaqəli ola bilər.

Qarışıq formada isə həm vəzili, həm də piy toxumasının artıqlığı mövcud olur. Bu fərqləndirmə mühüm əhəmiyyət daşıyır, çünki müalicə üsulunun seçilməsi birbaşa toxumaların xüsusiyyətindən asılıdır. Bəzi hallarda yalnız liposaksiya, digər hallarda isə vəzili toxumanın cərrahi xaric edilməsi tələb oluna bilər".

Həkim hansı hallarda mütləq həkimə müraciət etmək lazım olduğundan da danışıb:

"Pasiyentlərin əsas şikayəti sinə nahiyəsində həcmin artması, gilə ətrafında qabarıqlıq və sinə konturunun dəyişməsidir. Böyümə birtərəfli və ya ikitərəfli ola bilər.

Əsas əlamətlərə gilə və onun ətrafında ağrı, toxunma zamanı həssaslıq, gilə arxasında sıx vəzili toxumanın və ya kütlənin hiss edilməsi, sinə nahiyəsinin geyim altında nəzərə çarpması daxildir. Bununla yanaşı, bəzi kişilərdə estetik narahatlıq yaranır, sosial vəziyyətlərdə və fiziki fəaliyyət zamanı özlərini rahat hiss etmirlər.

Xüsusilə diqqət yetirilməli məqamlar da var. Sinə nahiyəsində böyümə ilə yanaşı gilədən qanlı və ya şəffaf ifrazat, gilənin içəri çəkilməsi, dəridə dəyişikliklər, qoltuqaltı limfa düyünlərinin böyüməsi, birtərəfli sərt və hərəkətsiz kütlə və ya sürətli böyümə müşahidə edilərsə, gecikmədən həkim müayinəsindən keçmək lazımdır.

Bu əlamətlər mütləq bədxassəli xəstəlik demək deyil, lakin əlavə araşdırma tələb edə bilər. Qeyd etmək lazımdır ki, ginekomastiya əksər hallarda xoşxassəli vəziyyətdir və özü-özlüyündə süd vəzi xərçəngönü xəstəlik hesab edilmir. Bununla belə, xüsusilə yetkin yaşda yeni yaranan və ya sürətlə dəyişən sinə böyüməsinin səbəbi mütləq araşdırılmalıdır".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью