Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Babək prospekti 94 ünvanında dayanma-durma qaydalarını pozan sürücü sakinlərin narazılığına səbəb olub.
Bu barədə Avtosfer.az-ın “Whatsapp” xəttinə izləyicilərdən biri fotoşəkillər göndərərək məlumat verib. Bildirilib ki, hadisə iyulun 5-də səhər saatlarında qeydə alınıb.
Fotolardan görünür ki, 88-BX-320 dövlət qeydiyyat nişanlı “GAC” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini binanın giriş-çıxış hissəsində park edib. Nəticədə bina sakinlərinin hərəkətində çətinlik yaranıb.
Şikayətçinin sözlərinə görə, həmin vaxt ailə üzvlərindən birinin xərək vasitəsilə təcili tibbi yardım avtomobilinə çatdırılması üçün əraziyə briqada çağırılsa da, qayda pozuntusuna görə təcili tibbi yardım maşını binanın qarşısına daxil ola bilməyib. Həmçinin bildirilib ki, sürücü avtomobildə əlaqə nömrəsi də qoymayıb.
Fotolarda binanın divarında və asfalt örtüyünün üzərində həmin ərazidə avtomobil saxlanılmaması ilə bağlı sakinlər tərəfindən xəbərdarlıq yazılarının qeyd olunduğu da aydın görünür.
Nərmin