Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Maliyyə öhdəlikləri və bank kreditləri ilə bağlı ən çox maraq doğuran suallardan biri də girovla təmin olunan kreditlər üzrə zaminin məsuliyyətidir. Xüsusilə də borcun ödənilməməsi halında bankın birbaşa zamindən tələb irəli sürüb-sürməyəcəyi cəmiyyətdə geniş müzakirə olunur.
Bəs, girov olduğu halda bank borcun ödənilməsini birbaşa zamindən tələb edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, söhbət təminatlı kredit borcundan gedir və bu halda zamindən borcun tələb olunması mümkündür. Lakin bunun üçün bir neçə hüquqi məqam nəzərə alınmalıdır.
Xalid Kərimli
“İlk növbədə zaminlik müqaviləsinə və mövcud məhkəmə qərarına baxılmalıdır. Həmin sənədlərdə zamin üçün subsidiar məsuliyyət müəyyənləşdirilməlidir. Praktikada isə əksər hallarda zamin üçün birgə məsuliyyət tətbiq olunur”.
Xalid Kərimli qeyd edib ki, əgər təminat kimi qoyulmuş girov borcun tam ödənilməsi üçün kifayət edirsə, bu halda zaminin əmək haqqına və digər gəlirlərinə yönəlmə mümkün deyil. Belə hallarda borcun ödənilməsi ilk növbədə girov hesabına həyata keçirilməlidir:
“Ancaq girovun dəyəri borcu tam ödəməyə yetərli olmadıqda və zamin birgə məsuliyyət daşıyırsa, bu zaman bank zaminin də əmək haqqına və gəlirlərinə yönələ bilər. Yəni ilkin mərhələdə girova müraciət olunmalı, girov kifayət etmədikdə isə zaminin gəlirləri hesabına borcun qalan hissəsi tutulmalıdır”, – deyə iqtisadçı vurğulayıb.
Beləliklə, girovun mövcudluğu zamini tam şəkildə məsuliyyətdən azad etmir və yekun qərar kredit və zaminlik müqavilələrinin şərtlərindən asılı olur.
Müşviq Tofiqoğlu
KONKRET.az