Gizli şəkər nədir və necə başlayır?

08.07.2026

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Gizli şəkər (prediabet) qan şəkərinin normadan yüksək, lakin hələ şəkərli diabet diaqnozu qoyulacaq qədər yüksək olmadığı vəziyyətdir.


Bu dövrdə orqanizm artıq insulinə əvvəlki kimi cavab vermir və qanda qlükozanın səviyyəsi tədricən yüksəlməyə başlayır.

Medicina.az xəbər verir ki, bir çox insan bu vəziyyətə yalnız təsadüfi analiz zamanı və ya artıq şəkərli diabet inkişaf etdikdən sonra diaqnoz qoyulduğunu öyrənir.

Adətən proses insulin müqaviməti ilə başlayır. Mədəaltı vəzi qanda şəkəri normal saxlamaq üçün daha çox insulin ifraz edir. Bir müddət bu mexanizm işləyir, lakin zaman keçdikcə orqanizm insulinə daha zəif cavab verir və qan şəkəri yüksəlməyə başlayır.

Bu mərhələdə insan özünü sağlam hesab edə bilər, amma orqanizmdə dəyişikliklər artıq başlayıb.

İlk əlamətlər hansılardır?

Aşağıdakı əlamətlər gizli şəkərin xəbərçisi ola bilər:

Yeməkdən sonra güclü yuxululuq

Tez-tez şirin qida istəyi

Qarın nahiyəsində piylənmə

Daimi yorğunluq və halsızlıq

Səbəbsiz kökəlmə və ya arıqlaya bilməmək

Tez-tez aclıq hissi

Susuzluğun artması

Gecələr sidiyə daha çox çıxmaq

Boyun arxası və qoltuqaltında dərinin qaralması

Görmənin müvəqqəti bulanıqlaşması

Kimlər risk altındadır?

Artıq çəkisi olanlar

Hərəkətsiz həyat tərzi keçirənlər

Ailəsində şəkərli diabet olanlar

Yüksək təzyiq və ya yüksək xolesterini olanlar

45 yaşdan yuxarı şəxslər


Qadınlarda hamiləlik şəkəri keçirmiş və ya polikistik yumurtalıq sindromu olanlar.

Gizli şəkəri aşkar etmək üçün həkim aşağıdakı analizləri tövsiyə edə bilər:

Aclıq qan şəkəri.

HbA1c (son 2–3 ayın orta qan şəkəri göstəricisi).

Qlükoza tolerantlıq testi (şəkər yüklənmə testi).

Lazım olduqda insulin səviyyəsi və insulin müqavimətinin qiymətləndirilməsi.

Gizli şəkər vaxtında aşkar edilərsə, bir çox insanda sağlam qidalanma, müntəzəm fiziki aktivlik, artıq çəkinin azaldılması və həyat tərzi dəyişiklikləri ilə qan şəkəri normal həddə qayıda bilər. Vaxtında tədbir görülməzsə isə bu vəziyyət zamanla şəkərli diabetə çevrilə bilər.

Aygün Musayeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью