Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zimbabvenin Kariba gölündə göyərtəsində azı 95 nəfərin olduğu qayıq batıb.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, hadisə avqustun 12-də səhər saatlarında baş verib.
Məlumata görə, qayıq əlverişsiz hava şəraitinə baxmayaraq səfərə çıxıb. Ehtimallara əsasən, gəmini tutan güclü dalğa onun çevrilməsinə səbəb olub.
Polisin açıqlamasına görə, qayıqda 90 sərnişin və 5 ekipaj üzvü olub. Bununla yanaşı, qayığın normadan artıq yüklənməsi ehtimalı da istisna edilmir.
Zimbabvenin Mülki Müdafiə İdarəsinin məlumatına əsasən isə qeydə alınmış biletlər qayıqda 114 böyük şəxsin olduğunu göstərir. Bundan başqa, göyərtədə sayları hələ dəqiqləşdirilməyən uşaqların da olduğu bildirilir.
Yerli parlamentin deputatı Mutsa Murombezi hadisə ilə bağlı açıqlama verərək, rəsmilərdən qayıqda olan insanların dəqiq sayını ictimaiyyətə açıqlamağı tələb edib. Hüquq-mühafizə orqanları isə sağ qalanların və həyatını itirənlərin sayı ilə bağlı ətraflı məlumatın daha sonra veriləcəyini bildiriblər.
NURİYYƏ