Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu sosial şəbəkədə kimliyini açıqlamayan şəxs yazıb.
O bildirib ki, zəng edən şəxslər özlərini təhlükəsizlik xidməti əməkdaşları kimi təqdim edərək atasını qorxudublar.
“Guya atamın adından Rusiyaya pul köçürüldüyünü, həmin pullarla silah alındığını və silahların Ukraynadakı müharibədə istifadə edildiyini bildiriblər. Valideynimə bu vəziyyətin qarşısını almaq üçün 50 000 manat pul lazım olduğunu deyiblər. Bu yalanlara inanaraq və vəziyyətin ciddiliyindən narahat olaraq atam bankdan 30 000 manat kredit götürüb və həmin məbləği onların təqdim etdikləri hesablara “Milliön” vasitəsilə köçürüb.Təxminən 2-3 gün ərzində həmin şəxslərdən heç bir xəbər almadıqdan sonra valideynim aldadıldığını anlayıb və müvafiq quruma müraciət edib. Hazırda bizi ən çox narahat edən məsələ köçürülən 30 000 manatın geri qaytarılması və bankdan götürülən kreditin taleyidir”, - o qeyd edib.
Şəxs sosial şəbəkədə paylaşım edərək "MilliÖN" vasitəsilə köçürülən vəsaitin geri qaytarılmasının mümkünlüyü, bank kreditinin ödənişləri ilə bağlı hüquqi imkanlar və müvafiq dövlət qurumuna müraciətdən əlavə hansı qurumlara üz tutmağın məqsədəuyğun olduğu barədə məlumat və məsləhət istəyib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dəfələrlə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Həmidə İbrahimova