Google 5 ölkədə ixtisar proqramına başlayıb: İşçilərə 12 aylıq maaş təklif olunur

05.11.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

"Google" süni intellekt sahəsinə yatırımlarını artırdığı bir vaxtda xərcləri optimallaşdırmaq məqsədilə könüllü işdənçıxarma proqramını genişləndirib. Şirkət beş ölkədə seçilmiş əməkdaşlarına işdən ayrılmaları müqabilində kompensasiya paketləri təklif edir.

Banco.az  xəbər verir ki, proqram Kanada, Fransa, Almaniya, Yaponiya və İsveçrədəki bəzi işçiləri əhatə edir. Bu təşəbbüs daha əvvəl ABŞ və Böyük Britaniyanın müəyyən bölmələrində tətbiq olunmuşdu.

İşdən ayrılmağı qəbul edən əməkdaşlara təklif edilən kompensasiyaların şərtləri ölkələr üzrə fərqlənir. Məsələn, İsveçrədə hər iş ili üçün bir aylıq əməkhaqqı həcmində ödəniş nəzərdə tutulur. Ümumi kompensasiya isə maksimum 12 aylıq maaşla məhdudlaşır.

Digər ölkələrdəki kompensasiya paketlərinin detalları hələlik açıqlanmayıb.

Google-ın ana şirkəti Alphabet-in süni intellekt infrastrukturuna yatırımları sürətlə artır. Şirkətin kapital xərcləri 2026-cı ilin üçüncü rübündə 51,4 milyard dollara çatıb. Vəsaitlərin böyük hissəsi serverlərə, məlumat mərkəzlərinə və süni intellekt infrastrukturuna yönəldilib.

Eyni dövrdə Alphabet-in gəlirləri illik müqayisədə 25% artaraq 127,6 milyard dollar təşkil edib. Şirkətin əməkdaşlarının sayı da ötən ilin eyni dövründəki 190 167 nəfərdən 204 757 nəfərə yüksəlib.

"Alphabet" 2026-cı il üzrə ümumi kapital xərclərinin 195-205 milyard dollar arasında olacağını proqnozlaşdırır. Şirkət 2027-ci ildə də süni intellekt infrastrukturuna investisiyaları artırmağı planlaşdırır.

Beləliklə, "Google" bir tərəfdən bəzi bölmələrdə könüllü işdən ayrılmaları təşviq edir, digər tərəfdən isə süni intellekt və bulud texnologiyaları sahələrinə yatırımlarını genişləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью