“Google” “Android” tərtibatçılarına xəbərdarlıq edib

29.08.2026

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Google” süni intellekt məlumat mərkəzlərinin yaddaş çiplərinə artan tələbi fonunda “Android” tətbiq və oyunlarının RAM istifadəsini azaltmaq üçün tərtibatçılara yeni tələblər tətbiq edir.

Valyuta.az xəbər verir ki, mobil sektor cihazlarda istifadə edilə bilən yaddaş həcminə təsir edən ciddi avadanlıq təchizatı məhdudiyyətləri ilə üzləşib. Xüsusilə münasib qiymətli “Android” cihazlarında RAM həcminin azalması tətbiqlərin performansına mənfi təsir göstərə bilər.

Bu səbəbdən “Google” tətbiq və oyunların yaddaş istifadəsi ilə bağlı yeni performans hədləri müəyyənləşdirir. Tələblər əsasən dinamik yaddaş və bitmap istifadəsi kimi sahələri əhatə edir.

Şirkət tərtibatçılardan tətbiqlərin kodunu daha səmərəli hala gətirməyi tələb edəcək. Məqsəd yaddaş istifadəsinin həddindən artıq artması nəticəsində tətbiqlərin yavaşlaması və ya sıradan çıxması hallarının qarşısını almaqdır.

Həmçinin, “Google” yeni tələblərə uyğunlaşmanı asanlaşdırmaq üçün tərtibatçılara əlavə alətlər də təqdim edəcək. Bu alətlər tətbiqlərin müəyyən edilmiş yaddaş hədlərini keçməsi zamanı xəbərdarlıq verməyə imkan yaradacaq.

Şirkət ilin sonrakı dövründə “Memory Limiter” funksiyasını da istifadəyə verməyi planlaşdırır. Funksiya tətbiqlərin cihazın yaddaşının həddindən artıq böyük hissəsindən istifadə etməsinin qarşısını almağa və problemlərin daha ətraflı diaqnostikasına kömək edəcək.

Tərtibatçılara yeni yaddaş istifadəsi tələblərinə uyğunlaşmaq üçün 2027-ci ilin fevralınadək vaxt verilib. “Google” bununla aşağı RAM tutumuna malik cihazlarda belə “Android” tətbiqlərinin stabil və səmərəli işləməsini təmin etməyi hədəfləyir.

Şirkətin “Android” ekosistemində planlaşdırdığı dəyişiklik bununla məhdudlaşmır.

Qeyd edək ki, “Google” 2027-ci ilin aprelindən etibarən “Play Store”da yayımlanan bütün tətbiqlərin cihaz dəyişdirilərkən “Zero Tap Sign-In” tələbinə cavab verməsini məcburi edəcək.

Yeni tələbə əsasən, istifadəçi “Android” cihazını dəyişdikdə tətbiqlərdəki hesab giriş vəziyyəti avtomatik şəkildə yeni cihaza ötürülməlidir. Bu isə istifadəçilərin yeni cihazda tətbiqlərə yenidən daxil olması ehtiyacını azaltmağa yönəlib.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью