Google da kriptovalyutalara maraq illik minimuma enib

10.02.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Kriptovalyutalara "Google" istifadəçiləri tərəfindən göstərilən maraq bazarda baş verən kəskin eniş fonunda demək olar ki, son bir ilin minimum səviyyəsinə düşüb.

Bizimyol.info xəbər verir ki, ümumi kapitallaşmanın təxminən 1,8 trilyon dollar azalması ilə müşayiət olunan bu proses "Google Trends" məlumatlarında da əksini tapıb.

Fevralın əvvəlinə olan vəziyyətə görə, “crypto” açar sözü üzrə qlobal axtarış indeksi 100 mümkün baldan cəmi 30 bal təşkil edir. 100 bal marağın pik nöqtəsini ifadə edir ki, bu göstərici sonuncu dəfə 2025-ci ilin avqustunda, kriptovalyuta bazarının ümumi kapitallaşması 4,2 trilyon dolları keçəndə qeydə alınmışdı. Son 12 ay ərzində minimum göstərici isə 24 bal olub.

Məlumatlara əsasən, hazırda kriptovalyuta bazarının ümumi kapitallaşması təxminən 2,4 trilyon dollara qədər azalıb. Eyni zamanda ticarət həcmlərində də ciddi geriləmə müşahidə olunur: "CoinMarketCap"in məlumatına görə, gündəlik ümumi ticarət həcmi yanvarın 14-dəki 153 milyard dollardan təxminən 87,5 milyard dollara enib.

ABŞ-da maraq dinamikası qlobal tendensiyadan bir qədər fərqlənir. Burada axtarış sorğularının pik həddi iyul ayında 100 bal səviyyəsində qeydə alınıb, daha sonra yanvarda bu göstərici 37 bala düşüb. Fevralın ilk həftəsində isə maraq yenidən artaraq 56 bala çatıb. ABŞ-da son bir ilin minimum göstəricisi — 32 bal — 2025-ci ilin aprelində baş verən bazar çöküşü zamanı qeydə alınıb.

"Google Trends" göstəriciləri tez-tez bazar səviyyəsinin indikatoru kimi istifadə olunur və digər göstəricilərlə də təsdiqlənir. Belə ki, kriptovalyuta bazarı üzrə Qorxu və Acgözlük İndeksi ("Crypto Fear & Greed Index") rekord səviyyədə — 5 bala qədər enib, daha sonra cüzi artaraq 8 bala yüksəlib. Bu isə “ekstremal qorxu” vəziyyətinə uyğun gəlir. Analitiklər mövcud əhval-ruhiyyəni 2022-ci ildə Terra ekosisteminin çökməsindən sonrakı dövrlə müqayisə edirlər.

"Santiment" analitik platformasının məlumatına görə, sosial şəbəkələrdə mənfi şərhlər üstünlük təşkil edir və investorlar bazarın mümkün minimum nöqtəsinə çatıb-çatmadığına dair siqnallar axtarırlar. Şirkətin hesabatında pozitiv və neqativ qeydlərin nisbətinin kəskin pisləşdiyi, mənfi rəylərin isə dekabrın əvvəlindən bəri ən yüksək səviyyəyə çatdığı bildirilir.

Kriptovalyutalara marağın azalması və bazarın mövcud vəziyyəti ilə bağlı məlumatlar "Google Trends", "CoinMarketCap" və "Santiment"in göstəricilərinə istinadən "Hash Telegraph" nəşri tərəfindən dərc olunub.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью