Azpost saytına istinadən Icma.az xəbər verir.
Google İran istifadəçilərinin yeni hesab qeydiyyatını məhdudlaşdırmağa başlayıb.
Məlumata görə, telefon nömrəsinin təsdiqlənməsi mərhələsində “+98” ölkə kodu ilə başlayan İran nömrələri sistem tərəfindən qəbul edilmir. Bəzi hallarda isə istifadəçilər təsdiq kodunun ümumiyyətlə telefonlarına gəlmədiyini bildirirlər.
Məhdudiyyət yalnız Gmail hesablarının qeydiyyatı ilə kifayətlənmir. Yeni istifadəçilərin Google-un digər xidmətlərinə çıxışında da problemlər yaranıb.
Söhbət Google Play, Google Drive, Google Photos və Android cihazlarında ehtiyat nüsxələrin yaradılması xidmətlərindən gedir.
İran istifadəçiləri əvvəllər də Google hesablarının təsdiqlənməsi və bərpası zamanı müəyyən çətinliklərlə üzləşiblər. Lakin hazırkı məhdudiyyətlərin konkret səbəbi Google tərəfindən hələ açıqlanmayıb.
İranda internetə çıxış daha da məhdudlaşa bilərMəlumata görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar ölkədəki istifadəçilərin qlobal internet resurslarına çıxışını da çətinləşdirir.
Infrastructure Communication Company-nin məlumatına əsasən, ABŞ sanksiyaları İran istifadəçiləri üçün dünyanın iri saytlarının təxminən üçdə birini əlçatmaz vəziyyətə gətirib.
Beləliklə, Google hesablarının açılması ilə bağlı yaranan yeni problem İranda beynəlxalq onlayn xidmətlərdən istifadənin onsuz da məhdud olduğu bir şəraitdə baş verir.
Google APT35 barədə xəbərdarlıq edibGoogle daha əvvəl İranla əlaqəli olduğu bildirilən APT35 haker qrupunun fəaliyyətinin artması barədə xəbərdarlıq etmişdi.
Şirkətin məlumatına görə, qrup İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirilir və ən azı 2017-ci ildən fəaliyyət göstərir.
Google APT35-in dövlət rəsmilərinin, alimlərin, jurnalistlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, eləcə də xarici siyasət və milli təhlükəsizlik sahəsində çalışan mütəxəssislərin hesablarını hədəf aldığını bildirib.
Bu səbəbdən hesabların yaradılması və telefon nömrələrinin təsdiqlənməsi ilə bağlı tətbiq olunan yeni məhdudiyyətlərin təhlükəsizlik səbəbləri ilə əlaqəsinin olub-olmadığı da müzakirə olunur. Lakin Google hazırkı “+98” məhdudiyyətinin məhz APT35 fəaliyyəti və ya başqa konkret səbəblə bağlı olduğunu təsdiqləməyib.