Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
ABŞ-nin “Google DeepMind” şirkətinin tədqiqatçıları süni intellektdən istifadə etməklə “Signal” mesajlaşma tətbiqinin şifrələmə sisteminin təhlükəsizliyini riyazi üsullarla yoxladıqlarını açıqlayıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, tədqiqatçılar “Gemini 4 Carbon” modeli əsasında işləyən süni intellekt agentlərindən istifadə edərək sistemin kodunu təhlil ediblər. Proses zamanı 3 milyondan çox sətir riyazi sübut yaradılıb.
Araşdırmanın nəticələrini yoxlamaq üçün mütəxəssislər “Signal”ın koduna əvvəllər aradan qaldırılmış iki proqram xətasını yenidən daxil ediblər. Süni intellekt sistemi hər iki halda dəyişdirilmiş proqramın təhlükəsiz olmadığını riyazi sübutlarla müəyyənləşdirib.
“Google DeepMind” tədqiqatçısı Svarat Çaudhurinin sözlərinə görə, süni intellektlə aparılan yoxlama cəmi dörd həftə çəkib. Onun qiymətləndirməsinə əsasən, eyni işin yalnız insan mütəxəssislər tərəfindən görülməsi illərlə vaxt apara bilərdi.
Mütəxəssislər hesab edirlər ki, bu texnologiya gələcəkdə proqram təminatında boşluqları sadəcə axtarmaqla kifayətlənməyərək, onların olmadığını riyazi üsullarla sübut etməyə imkan verə bilər.
Qeyd edək ki, hazırda bu texnologiya kommersiya məhsulu deyil və tədqiqat mərhələsindədir. “Google DeepMind” gələcəkdə onu proqram təminatının hazırlanması və kibertəhlükəsizlik alətlərinə inteqrasiya etməyi nəzərdən keçirir.