Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycanın elə rayonları var ki, onların adı çəkiləndə adamın gözünün qabağına, ilk növbədə, məhsuldar torpaqlar, zəhmətkeş insanlar gəlir. Goranboy da həmin rayonlardandır.
Özü də bu torpağın tarixi qədimdir. Kürlə Kiçik Qafqaz arasında yerləşən bu yurd əsrlər boyu əkinçiliyin, maldarlığın və bağçılığın məskənlərindən biri olub. Burada insanlar torpaqla danışmağı bacarıblar. Yazın ilk şumundan payızın son məhsulunadək həyatın ritmini də məhz torpaq müəyyən edib.
Bu gün də Goranboyun əsas sərvəti nə neftdir, nə zavod. Onun ən böyük sərvəti torpaqdır. Amma təkcə torpaq yox, o torpağa inanan, onu sevən insan.
Son illər rayona yolu düşən hər kəs eyni fikri söyləyir: “Goranboy dəyişib”. Bu dəyişiklik yalnız çəkilən asfalt yollarla, tikilən binalarla ölçülmür. Ən böyük dəyişiklik insanların düşüncəsində, torpağa münasibətində, kənd təsərrüfatına yanaşmasında hiss olunur.
Rayonun ağsaqqallarından olan, uzun illər müxtəlif sahələrdə çalışmış Gündüz Hacıyev bunu belə ifadə edir:
– Goranboy həmişə zəhmətkeş insanların rayonu olub. Amma son beş-altı ildə kəndlərdə tamam başqa canlanma yaranıb. Əvvəllər adamlar əkinə bir qədər tərəddüdlə baxırdı. İndi isə torpağın boş qaldığını görmək çətindir. Haraya baxırsan, ya taxıldır, ya yeni bağ salınır, ya da yeni təsərrüfat yaradılır. İnsanlarda torpağa inam güclənib.
Bu sözlər bəlkə də istənilən statistik göstəricidən daha təsirlidir. Çünki rəqəmlər inkişafı göstərir, insanlar isə həmin inkişafı yaşayırlar.
Səhər tezdən Goranboyun kəndlərinə baş çəkəndə bunu hiss etməmək mümkün deyil. Bir tərəfdə kombaynların səsi eşidilir, başqa sahədə suvarma aparılır, bir qədər aralıda pambıq tarlasında becərmə gedir, yeni salınmış bağlarda tinglərə qulluq edilir. Elə bil rayon bütövlükdə işləyir.
Bu mənzərə təsadüfi yaranmayıb. Son illər kənd təsərrüfatına göstərilən dövlət dəstəyi, subsidiya mexanizmlərinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və rayon rəhbərliyinin bu sahəyə xüsusi diqqəti real nəticələr verməyə başlayıb.
Bu gün Goranboyun iqtisadi göstəricilərinə baxanda da həmin zəhmətin bəhrəsi aydın görünür. Cari ilin ilk yarısında rayonda ümumi məhsul buraxılışı 78 milyon 538 min 500 manat təşkil edib. Bunun 18 milyon 608 min 700 manatı kənd təsərrüfatı məhsullarının payına düşür.
Rayon iqtisadiyyatının digər sahələrində də müsbət dinamika müşahidə olunur. Cari ilin ötən dövründə sənaye müəssisələri tərəfindən 15 milyon 652 min 300 manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Əsas kapitala yönəldilmiş investisiyanın həcmi isə 1 milyon 394 min 700 manat olub. Bunun böyük hissəsi tikinti-quraşdırma işlərinə sərf edilib.
Bütün bunlar göstərir ki, Goranboyun inkişafı yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır. Rayon iqtisadiyyatı müxtəlif istiqamətlər üzrə paralel inkişaf edir.
Lakin etiraf etmək lazımdır ki, bu inkişafın əsas dayağı yenə də torpaqdır.
2026-cı ilin məhsulu üçün Goranboy rayonunda ümumi əkin sahəsi ötən illə müqayisədə 1198 hektardan çox artaraq 42 min 836 hektara çatıb. Bu, sadəcə, statistik göstərici deyil. Bu, min hektarlarla yenidən dövriyyəyə qaytarılan torpaq, yüzlərlə təsərrüfat və minlərlə ailə üçün əlavə gəlir deməkdir.
Əkin strukturuna baxanda da maraqlı mənzərə yaranır. Arpa sahələri 14 min 595 hektara çataraq əhəmiyyətli dərəcədə artıb. Buğda əkini genişlənib. Qarğıdalı sahələri isə əvvəlki illə müqayisədə 40 faizdən çox artıb.
Şəkər çuğunduru, tütün, kartof, tərəvəz və bostan məhsullarının əkinində də artım müşahidə olunur. Digər dənli və paxlalı bitkilərin sahələri isə iki dəfədən çox genişlənib.
Fermerlər artıq yalnız çox məhsul götürməyi deyil, bazarın tələbinə uyğun məhsul yetişdirməyi də əsas məqsəd hesab edirlər. Məhz buna görə bəzi sahələrdə struktur dəyişiklikləri aparılır. Məsələn, pambıq əkinlərinin müəyyən qədər azalması torpağın daha səmərəli istifadəsi və iqtisadi səmərəliliyin nəzərə alınması ilə bağlıdır.
Bu gün Goranboy torpağı əvvəlkindən daha düşünülmüş şəkildə becərilir. Görünür, bu zəhmət öz bəhrəsini verməyə başlayıb.
İyul Goranboyda həmişə xüsusi ay sayılıb. Çünki ilin zəhməti məhz bu günlərdə görünür. Saralmış zəmilərdə kombaynların səsi səhərdən axşamadək kəsilmir. Kənd yollarında məhsul daşıyan yük maşınları hərəkət edir. Anbarların həyətində qızğın iş gedir.
Hazırda rayonda taxıl biçini uğurla davam edir. Artıq 16 min 808 hektar sahədə biçin başa çatdırılıb. Bu sahələrdən 73 min 84,5 ton məhsul əldə olunub. Ən sevindirici məqam isə məhsuldarlığın xeyli artmasıdır. Hər hektardan orta hesabla 43,1 sentner məhsul götürülür. Bu göstərici ötən ilin yekun nəticəsindən 9,6 sentner çoxdur.
Kənd adamı yaxşı bilir ki, məhsuldarlıq təsadüfdən yaranmır. Onun arxasında düzgün seçilmiş toxum, vaxtında verilən gübrə, suvarma, aqrotexniki qaydalara əməl olunması və ən əsası, zəhmət dayanır.
Quşçular kəndindən olan fermer Rauf Həmidov söhbət zamanı bunu çox sadə ifadə etdi:
– Torpağa nə qədər zəhmət verirsənsə, o da sənə o qədər qaytarır. Əkini sevməyən adam yaxşı məhsul götürə bilməz. Bəlkə də kənd təsərrüfatının bütün fəlsəfəsi elə bu bir cümlədə ifadə olunur.
Goranboy artıq təkcə taxılı ilə deyil, bağları ilə də seçilməyə başlayır. Son illər rayonda bağçılıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir-birinin ardınca salınan intensiv bağlar kəndlərin simasını dəyişir. Əgər əvvəllər ənənəvi bağçılıq üstünlük təşkil edirdisə, indi müasir suvarma sistemlərindən, məhsuldar tinglərdən və yeni becərmə üsullarından istifadə olunur.
Hazırda rayonda meyvə və giləmeyvə bağlarının sahəsi 4 min 87 hektara çatıb. Təkcə bu il bağlara 168 hektar yeni sahə əlavə olunub. Üzümlüklər də ildən-ilə genişlənir.
Müasir intensiv bağların salınması xüsusilə diqqət çəkir. Belə bağlarda həm məhsuldarlıq yüksək olur, həm də suya və əmək sərfinə qənaət edilir. Fermerlər artıq yalnız məhsul yetişdirməyi deyil, məhsuldarlığı artırmağın yollarını da öyrənirlər.
Bir vaxtlar unudulmağa başlayan baramaçılıq yenidən dirçəlir. Cari ildə rayonda 2 min 632 kiloqramdan çox yaş barama istehsal olunub. Bu, ötən illə müqayisədə, təxminən, 600 kiloqram artım deməkdir.
Pambıqçılıq da rayon iqtisadiyyatının mühüm istiqamətlərindən biri olaraq qalır. Bu il 1492,6 hektar sahədə pambıq əkilib. Hazırda sahələrdə becərmə işləri davam etdirilir, aqrotexniki tədbirlər vaxtında aparılır. Mütəxəssislər hesab edirlər ki, düzgün qulluq məhsuldarlığın yüksəlməsinə imkan verəcək.
Son illər rayonda diqqətçəkən əsas məqamlardan biri müxtəlif dövlət qurumları ilə yerli icra strukturları arasında yaradılmış səmərəli koordinasiyadır. Rayon icra hakimiyyətində keçirilən müşavirələr, fermerlərlə təşkil olunan görüşlər, Dövlət Aqrar İnkişaf Mərkəzi və Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin nümayəndələrinin iştirakı ilə aparılan müzakirələr artıq formal tədbirlər deyil, konkret nəticə verən iş mexanizminə çevrilib.
Fermerlər problemlərini birbaşa aidiyyəti qurumların nümayəndələrinə çatdırır, mütəxəssislər isə yerində izahat verir, həll yolları təklif edirlər. Suvarmadan tutmuş toxum seçiminə, subsidiya mexanizmlərindən yeni aqrotexnologiyaların tətbiqinədək bütün məsələlər açıq şəkildə müzakirə olunur. Muzdurlar kəndindən olan 43 yaşlı fermer Fərid Əkbərzadə söhbət zamanı dedi:
– Bilirsiniz, rayon və digər aidiyyəti qurumların rəhbərlərinin diqqəti, köməyi olmasa, biz heç nə edə bilmərik.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin fəaliyyət üslubunda diqqətçəkən əsas cəhətlərdən biri də məhz bu yanaşmadır. O, kənd təsərrüfatını rayonun inkişafının əsas istiqamətlərindən biri hesab edir və məsələlərin kabinetdən deyil, birbaşa yerlərdə həllinə üstünlük verir.
Fermerlərlə keçirilən görüşlər, səyyar qəbullar, təsərrüfatlara baş çəkməsi və sahələrdə vəziyyətlə yaxından tanış olması nəticəsində problemlər vaxtında müəyyən edilir, aidiyyəti qurumlarla birlikdə operativ tədbirlər görülür. Bu yanaşma son illərdə rayonda əkin sahələrinin genişlənməsində, məhsuldarlığın yüksəlməsində, yeni intensiv bağların salınmasında və müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqində özünü aydın göstərir.
Rayon sakinləri də bunu etiraf edirlər.
Bağçakürddən olan fermer Arzu Məmmədov belə deyir:
– Əvvəllər bir çox məsələnin həlli üçün aylarla gözləyirdik. İndi rəhbərlik özü kəndlərə gəlir, insanları dinləyir, problemlərlə maraqlanır. Mənim az yaşım yoxdur, bu gün-sabah 60 olacaq. Çox rəhbərlər görmüşəm. Məhərrəm müəllimin üstün cəhəti odur ki, kabinetdə oturan adam deyil. Gedib hər şeyi yerində görür. Ona görə də görülən işin nəticəsi göz qabağındadır.
Bu fikirlər təkcə bir nəfərin şəxsi münasibəti deyil. Rayonun müxtəlif kəndlərində söhbət etdiyimiz insanlar da oxşar fikirlər səsləndirirlər. Hamını birləşdirən ortaq qənaət budur ki, Goranboyda görülən işlər ardıcıl idarəetmənin və yerlərdə həyata keçirilən dövlət siyasətinin nəticəsidir.
Bu inkişafın əsas istiqamətlərini isə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı” müəyyənləşdirir.
Dövlət Proqramının qəbulundan sonra rayonda bu istiqamətdə ardıcıl tədbirlərə başlanılıb.
İyunun 12-də Gəncə–Daşkəsən iqtisadi rayonunda keçirilən regional müşavirədə proqramın əsas istiqamətləri geniş müzakirə olunub. Goranboydan tədbirə qatılan fermerlər, aqrar sahə üzrə mütəxəssislər və aidiyyəti qurumların nümayəndələri qarşıdakı illərdə görüləcək işlərlə bağlı ətraflı məlumat alıblar.
Bunun ardınca rayon icra hakimiyyətində keçirilən müşavirədə müasir suvarma texnologiyalarının tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, torpaqdan daha səmərəli istifadə və fermerlərin qarşılaşdıqları problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Son aylarda rayonun şəhər, qəsəbə və kəndlərində keçirilən maarifləndirici görüşlər də eyni məqsədə xidmət edir. Fermerlərə dövlət dəstəyi mexanizmləri, subsidiya imkanları, yeni aqrotexnologiyalar və məhsuldarlığın artırılması yolları barədə ətraflı məlumat verilir.
Beləliklə, rayonda kənd təsərrüfatının inkişafı artıq təkcə mövsümi iş deyil, uzunmüddətli strateji inkişaf proqramının tərkib hissəsinə çevrilib.
Dövlət Proqramında Goranboy üçün müəyyən edilmiş hədəflər kifayət qədər iddialıdır.
Hazırda rayonda ərzaqlıq buğda əkinləri 847 hektar təşkil edir. Qarşıya qoyulan məqsəd isə bu sahəni yaxın illərdə 1700 hektara çatdırmaqdır. Bu, ölkənin ərzaq təhlükəsizliyinə veriləcək mühüm töhfələrdən biri olacaq.
İntensiv bağçılıq da əsas prioritetlər sırasındadır. Hazırda 1019 hektar olan intensiv bağların sahəsinin 2 min 500 hektara çatdırılması nəzərdə tutulur. Bu isə daha çox məhsul, daha yüksək ixrac imkanları və kənd əhalisi üçün yeni iş yerləri deməkdir.
Son illər rayonda kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Onlardan biri də 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı keçirilən “Bozdağ Massivi” ərazisində fəaliyyət göstərən “Region Aqro” MMC-dir. Müəssisə Goranboy rayonu üzrə, ümumilikdə, 3495 hektar ərazidə təsərrüfat fəaliyyəti göstərir. Burada toxumluq və yemlik buğda, arpa, qarğıdalı, yonca becərilir, eyni zamanda, 96 hektar meyvə bağı salınıb. Əkin sahələrinin suvarılması isə müasir pivot tipli suvarma sistemləri vasitəsilə həyata keçirilir. Bu təsərrüfat bir daha göstərir ki, Goranboyda kənd təsərrüfatı artıq təkcə zəhmət hesabına deyil, həm də müasir texnologiyaların tətbiqi ilə inkişaf edir.
Bu gün Goranboya baxanda bir həqiqət aydın görünür. Burada inkişaf hansısa bir ilin uğuru deyil. Bu, illərdir aparılan ardıcıl siyasətin, məqsədyönlü idarəçiliyin və insanların zəhmətinin nəticəsidir.
Əlbəttə, görüləsi işlər hələ çoxdur. Kənd təsərrüfatı elə sahədir ki, onun son nöqtəsi olmur. Hər il yeni məqsədlər, yeni çağırışlar meydana çıxır. Ancaq əsas məsələ odur ki, Goranboy bu yolu hansı istiqamətdə getdiyini yaxşı bilir.
Rayonun müxtəlif kəndlərini gəzərkən bir cümləni tez-tez eşidirsən: torpaq işləyəni sevir.
Bəlkə də Goranboyun bütün uğurunun sirri elə bu sadə fikirdə gizlənir. Burada insanlar torpağı yalnız dolanışıq mənbəyi kimi yox, həyat tərzi kimi qəbul edirlər. Sanki yazda torpağa toxumla yanaşı ümid də səpirlər, yayda zəhmət biçirlər, payızda isə bərəkət yığırlar.
Elə buna görə də Goranboyun inkişafını yalnız rəqəmlərlə ölçmək düzgün olmaz. 78 milyon manatdan çox ümumi məhsul buraxılışı, 42 min hektardan artıq əkin sahəsi, on minlərlə ton taxıl, minlərlə ton süd və ət, milyonlarla yumurta mühüm göstəricilərdir. Amma onların hər birinin arxasında bir insanın alın təri, bir ailənin zəhməti, bir kəndin sabaha olan ümidi dayanır.
...Bu gün Goranboy təkcə bol məhsul yetişdirən rayon kimi deyil, dövlət qayğısı ilə insan zəhmətinin vəhdət təşkil etdiyi inkişaf modeli kimi də diqqəti cəlb edir.
Səhər günəşi yenə Goranboy zəmilərinin üzərinə doğur. Kombaynlar yenə tarlalara çıxır. Bağban yenə tingini sulayır. Fermer yenə sabahın məhsulu üçün torpağa ümidlə baxır.
Çünki bu torpaqda yaxşı bilirlər ki, zəhmətin bəhrəsi geciksə də, heç vaxt yerdə qalmır.
Bəlkə də Goranboyun ən böyük sərvəti elə budur - torpağa olan inam, zəhmətə olan hörmət və sabaha olan ümid. Bu üç dəyər yaşadıqca Goranboyun inkişaf salnaməsinə yeni uğur səhifələri yazılmaqda davam edəcək.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri