Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun dayanıqlı, innovasiya əsaslı inkişafı üçün mühüm hədəflər müəyyənləşdirib.
Proqramda intensiv və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, emal-logistika imkanlarının artırılması, yerli istehsalın və ixrac potensialının gücləndirilməsi əsas prioritetlər sırasında yer alır.
Bu hədəflərin Goranboy rayonunda icrasını təmin etmək, həyata keçirilən layihələrin gedişini yerində öyrənmək və görülən işləri qiymətləndirmək məqsədilə aqrar təsərrüfatlarda monitorinqlər davam etdirilir.
Növbəti monitorinq çərçivəsində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə və rayonda yaradılmış qərargahın üzvləri Şəhriyar Həmidova məxsus pambıq sahəsinə baxış keçiriblər.
Baxış zamanı təsərrüfatın istehsal imkanları, həyata keçirilən aqrotexniki tədbirlər, məhsuldarlığın artırılması istiqamətində görülən işlər və gələcək planlar barədə məlumat verilib. Təsərrüfatın genişləndirilməsi ilə bağlı layihə də nəzərdən keçirilib.
Layihəyə əsasən, mövcud pambıq əkin sahəsinin daha 26 hektar artırılaraq 75 hektara çatdırılması nəzərdə tutulur. Bu isə məhsuldarlığın hər hektardan 55 sentnerə, ümumi məhsul istehsalının isə 210,7 tondan 412,5 tona yüksəldilməsinə imkan verəcək.
Bildirilib ki, layihənin reallaşdırılması üçün əlavə torpaq sahəsinin əldə olunması məqsədilə danışıqlar aparılır. Eyni zamanda istehsal prosesində müasir aqrar yanaşmaların tətbiqi, resurslardan qənaətlə istifadə və məhsuldarlığın daha da artırılması məsələləri müzakirə olunub.
Qeyd edilib ki, pambıqçılığın inkişafı Goranboyun aqrar potensialından daha səmərəli istifadə olunmasına, əkin sahələrinin genişlənməsinə, yeni məşğulluq imkanlarının yaranmasına və kənd təsərrüfatı istehsalının artmasına mühüm töhfə verə bilər.
Monitorinq zamanı qarşıya qoyulan hədəflər, mövcud imkanlar və növbəti mərhələdə görüləcək işlər bir daha diqqətə çatdırılıb, aidiyyəti məsələlərin vaxtında həlli üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Goranboy rayonunda aqrar layihələrin icrasının yerində öyrənilməsi, istehsal imkanlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqinin təşviqi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri