Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Zəfər Gününün sevincində onların doğmalarının qəhrəmanlıq payı var. Bu qələbə uğrunda canından keçən oğulların ailələrini ziyarət etmək, qayğılarını dinləmək və problemlərinin həllinə kömək göstərmək şəhidlərin xatirəsinə ehtiramın əməli ifadəsidir.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlər çərçivəsində Xoylu kəndində Vətən müharibəsi şəhidi Elgün Xıdırovun ailəsinə məxsus evdə şəhid ailələri ilə görüşüb.
Görüşdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri və kənd sakinləri də iştirak ediblər. Şəhid ailələrinin sosial-məişət şəraiti, gündəlik qayğıları və onları narahat edən məsələlər müzakirə olunub. Müraciətlər dinlənilib, qaldırılan problemlərin araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Məhərrəm Quliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçənlərin ailələrinə, eləcə də qazilərə qayğı dövlətin sosial siyasətinin əsas istiqamətlərindəndir. Onların müraciətlərinə operativ baxılması, sosial təminatlarının gücləndirilməsi və qarşılaşdıqları çətinliklərin aradan qaldırılması daim diqqətdə saxlanılır.
Şəhid ailələri göstərilən diqqətə və sosial dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Rayonda şəhid ailələri və qazilərlə görüşlər davam etdiriləcək. Bu görüşlərin ən mühüm mənası isə hər bir ailənin qayğısına həssas yanaşmaq, ehtiyac duyduğu anda yanında olmaqdır. Çünki Zəfəri bizə əmanət edənlərin doğmalarına qayğı hər gün yaşadılmalı olan mənəvi borcdur.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri