Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əməkdar artist Gülüstan Əliyeva sənətinə dövlət məmuru tərəfindən verilən qiymətdən inciyərək göz yaşlarını saxlaya bilmədiyini etiraf edib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” verilişində danışıb. O, həmin söhbətin onu dərindən yaraladığını və uzun müddət düşündürdüyünü bildirib.
“Dedim ki, mən bütün həyatımı bu sənətə həsr etmişəm. Cavab verdi ki, “Nə olsun, bu sənətlə məşğul olmusunuz? Siz işləmisiniz, maaşınızı almısınız, ailənizi dolandırmısınız”. Mən bilmədim ona nə cavab verim. Qeyri-iradi olaraq gözümdən yaş axdı. Düşündüm ki, ilahi, yüksək səviyyəli dövlət məmuru olan xanım tərəfindən bu sənətə beləmi qiymət verildi? Bu söz necə deyilə bilər? Mən hansısa kabinetdə, heç kimin görmədiyi bir işlə məşğul olan insan deyiləm axı. Mən sadəcə bir müəllim, hansısa başqa sahənin adamı deyiləm axı. Sənətim illər boyunca göz qabağında olub. Böyümüşəm, inkişaf etmişəm, bu sənətə sevərək xidmət etmişəm. Bu, məni dərindən yaraladı. Çox təsirləndim və otaqdan çıxdım.
Düşündüm ki, ilahi, görəsən, nə qədər dövlət məmuru belə düşünür? Bu, məni çox düşündürdü, məyus oldum. Amma yenə də hər şeyə rəğmən, yorulmadan, dayanmadan, sevərək bu sənəti davam etdiririk. Əlbəttə ki, çox sayda qurbanlarımız da olub”.