Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Toğrul Şahtaxtinski – 100 Görkəmli alim, kimya elmləri doktoru, akademik Toğrul Nemət oğlu Şahtaxtinskinin anadan olmasının 100 illi tamam olur.
T.Şahtaxtinski 1925-ci il oktyabrın 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Orta məktəbi Bakı şəhərində bitirdikdən sonra 1943-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) kimya-texnologiya fakültəsinə daxil olaraq ali təhsil almışdır.
Hələ institutda oxuduğu illərdə görkəmli alim, akademik M.F.Nağıyevin rəhbərliyi altında elmi-tədqiqat işləri aparmışdır.
1949-cu ildə institutu bitirib kimyaçı-mühəndis diplomu almış və Azərbaycan Elmlər Akademiyasına işləməyə göndərilmişdir.
Toğrul Şahtaxtinski 1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda kiçik elmi işçi kimi çalışmış və həmin ildə aspiranturaya daxil olmuşdur.
1954-cü ildə institutun elmi katibi vəzifəsinə irəli sürülmüşdür. 1959-cu ildə texnika elmi üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.