Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Əziz Əliyev – 130
Gələn ilin Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur.
Prezident İlham Əliyev yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı Əziz Əliyevin 130 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə 20 avqust 2026-cı il tarixli sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir”.
Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuş, İrəvan gimnaziyasını qızıl medalla bitirmişdir. Petroqrad Hərbi Tibb Akademiyasında təhsil alsa da, 1918-ci il hadisələri səbəbindən təhsilini yarımçıq qoymuşdur. Sonradan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tibb fakültəsini bitirərək səhiyyə sahəsində məsul vəzifələrdə çalışmış, Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə milli tibb kadrlarının hazırlanması və Azərbaycan dilində tibbi dərsliklərin nəşri geniş vüsət almışdır. 1935-ci ildə Ə.Əliyev namizədlik, iki ildən sonra isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Əziz Əliyev İkinci Dünya müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə milli səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirmişdir. O, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı vəzifələrində çalışarkən respublikanın bütün bölgələrində olub, səhiyyə sahəsində problemlərin aradan qaldırılması üçün praktiki tədbirlər görmüşdür. 1941-ci ilin mart ayında isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilmişdir.
Uzun illər mərkəzi və yerli partiya, sovet orqanlarında məsul vəzifələrdə işləmiş əmək veteranı Xosrov Ağayev Əziz Əliyevlə bağlı xatirələrində yazır:
– Müharibənin nəfəsi artıq hər addımda duyulurdu, Əziz Əliyevin bu səfərinin bir məqsədi də Gəncə və ətraf bölgələrdən 500 tibb bacısı hazırlayıb cəbhəyə göndərilməsini təmin etmək idi. Məsələ ilə bağlı Əziz Əliyev, ilk növbədə, şəhərin tibb məktəbində oldu. Kadr potensialı və maddi-texniki baza ilə tanışlıqdan sonra bəzi göstərişlər verdi. Həmin dövrdə vəziyyət çox çətin olsa da, tibb bacılarının qısa müddətdə hazırlanıb cəbhəyə göndərilməsi tapşırığı layiqincə yerinə yetirildi. Şəhər rəhbərliyi ilə görüşündə müharibə şəraitində səhiyyənin problemlərinin həlli ilə bağlı nitq söylədi və şəhərin fəalları qarşısında təxirəsalınmaz vəzifələr qoydu. Görüşün sonunda isə bir həkim haqqında yazılmış çoxsaylı şikayətləri yerində yoxlamaq istədiyini bildirdi. Gəncə şəhər partiya komitəsində bu məsələnin araşdırılması üçün digər məsul şəxslərlə bərabər, şəhər komsomol təşkilatının rəhbərinə də Əziz Əliyevə lazımi kömək göstərmək tapşırığı verildi. O, ilkin yoxlamaların nəticələri ilə kifayətlənməyərək, faktların təsdiq olunması üçün zərərçəkmiş insanları qəbul etdi, bir çox qaranlıq məqamları aydınlaşdırdı və sonra şəhərin səhiyyə şöbəsinə həmin xəstələrin müalicə olunması üçün göstəriş verdi. Əziz Əliyevin bu məsələyə çox böyük diqqət və qayğı ilə yanaşması, təmkinli davranışları ədalətli qərarın çıxarılmasında həlledici əhəmiyyət daşıdı.
Araşdırmaların yekunu ilə bağlı Əziz Əliyev Gəncənin professional həkimləri barədə məlumat verilməsini xahiş etdi. Şəhərdə hörmət və nüfuz qazanmış, o cümlədən rus, yəhudi və digər millətlərdən olan həkimlərin adları təqdim edildi. O, bu həkimlərin təcrübəsinin gənc kadrlara öyrədilməsi üçün şəhər komsomol komitəsində geniş iş aparılmasını tövsiyə etdi, milli kadrların yetişdirilməsinin vacibliyini bildirdi.
Qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsi illərində Şimali İranda xüsusi dövlət missiyasına rəhbərlik edən Əziz Əliyev 1942-ci ildə Dağıstana rəhbər təyin olunaraq regionun müdafiəsinin təşkili və ictimai-siyasi sabitliyin təmin edilməsində mühüm xidmətlər göstərmişdir.
1950-ci illərdə siyasi təzyiqlərə məruz qalsa da, sonradan bəraət alaraq elmi-pedaqoji fəaliyyətini davam etdirmiş və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbər təyin olunmuşdur. Əziz Əliyev 27 iyul 1962-ci ildə vəfat etmişdir.
Bu gün Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı, Naxçıvan, Gəncə və Mahaçqalada mərkəzi küçələrindən biri Əziz Əliyevin adını daşıyır. Sumqayıt və Kaspiysk şəhərlərinin tibb məktəblərinə bu böyük şəxsiyyətin adı verilmişdir. 2016-cı ilin mayında Mahaçqala şəhərində, 2017-ci ilin noyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Gəncədə görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında abidəsinin təntənəli açılışı olmuşdur.
Son vaxtlar tanınmış elm, ictimai və dövlət xadimləri kütləvi informasiya vasitələrində Bakıda Əziz Əliyevin xatirəsinə abidə ucaldılmasını təklif edirlər. Bu barədə yazılan məqalələrdə və rəylərdə onun xalqın yaddaşında əbədi həkk olunan xatirəsinin real abidə ilə də təsdiqini tapmasının vacibliyi qeyd olunur. Hesab edirik ki, bu məsələ tezliklə öz həllini tapacaq.
Həkim, alim və müdrik dövlət xadiminin anadan olmasının 130 illiyi ilə əlaqədar nəzərdə tutulan tədbirlər sırasında Azərbaycan Tibb Universitetinin istedadlı və əlaçı tələbələri üçün Əziz Əliyev təqaüdünün təsis edilməsi, xatirə nişanlarının buraxılması barədə də düşünmək olar.
Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan professor Əziz Məmmədkərim oğlu Əliyevin şərəfinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xatirə medalının təsis edilməsi ideyası da nəzərdən keçirilməlidir. Bu mükafat Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına töhfələr vermiş şəxslərə təqdim oluna bilər.
Tanınmış insanların Əziz Əliyevlə görüşləri, söhbətləri, onun həyatı və yaradıcılığı ilə bağlı təəssüratları, xatirələrindən ibarət məqalələr toplusunun nəşr olunması təklifi də diqqətəlayiqdir. Təbii ki, bu toplu Əziz Əliyev irsinin gənc nəslə tanıdılması baxımından mühüm mənbə kimi istifadə oluna bilər.
Rövşən Ağayev,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Leyla Səfərova