Icma.az, 525.az portalına istinadən məlumat verir.
Noyabrın 26-da Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Teymur Bəkirzadənin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
525.az-a bu barədə Dövlət Film Fondundan məlumat verilib.
Bildirilib ki, xatirə gecəsində çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun həyat və yaradıcılığı haqqında nadir faktlarla qonaqları tanış edib, onun respublika və ümumittifaq səviyyəli yarışların, o cümlədən spartakiadaların iştirakçısı olduğunu, sonradan kino sahəsində uğurlar qazandığını vurğulayıb.
Tədbirdə çıxış edən Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova, Xalq artistləri Oqtay Mirqasımov, Vaqif Mustafayev, Həmidə Ömərova, Xalidə Quliyeva, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov görkəmli sənətkar haqqında xatirələrini bölüşüblər. Gənc kinotənqidçi Hacı Səfərov T.Bəkirzadənin yaradıcılığından danışaraq onun filmlərini təhlil edib.
Sonda sənətkarın ailəsi adından qızı Mədinə Bəkirzadə çıxış edərək tədbirin təşkilinə, atasının xatirəsinə göstərilən diqqətə görə hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə Teymur Bəkirzadənin rejissoru olduğu “Dissonans” və “Toğrul Nərimanbəyov” filmləri, həmçinin “Arzu” “Mozalan” süjeti nümayiş etdirilib.