Görkəmli kinorejissorun yubileyi

20.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dövlət Film Fondunda tanınmış kinorejissor və operator, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun 90 illik yubileyi keçirilib. 
Mədəniyyət Nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə keçirilən xatirə mərasimini giriş sözü ilə Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Rasim İsmayılovun çoxşaxəli yaradıcılıq yolu haqqında ətraflı məlumat verib. Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Xalq artisti Xalidə Quliyeva, Əməkdar incəsənət xadimləri Rafiq Qəmbərov, Yuri Varnovski, Elxan Cəfərov, “Asif, Vasif, Ağasif” filmində baş rolun ifaçısı Emil Pənahov görkəmli sənətkar haqqında xatirələrini bölüşüblər. 
Rasim İsmayılovun 1964-cü ildə çəkdiyi “Şəhər ritmləri” sənədli filmi, rejissor və operator kimi lentə aldığı bədii filmlərdən fraqmentlər və sənətkarın Dövlət Film Fondunda keçirilmiş 75 illik yubileyində Xalq artisti Eldar Quliyev və Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın çıxışları nümayiş etdirilib.
Məclis çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən ­fotosərginin açılışı da olub. Sonda sənətkarın ailəsi adından çıxış edən Əməkdar jurnalist Nadejda İsmayılova yubiley mərasiminin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Əli DOSTƏLİ 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью