Görmə qabiliyyətini zəiflədən vərdişlər

22.10.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Gündəlik həyatda adi görünən bəzi vərdişlər göz sağlamlığına ciddi zərər vura və görmə qabiliyyətinin itirilməsi riskini artıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Zrenie” oftalmologiya mərkəzinin həkimi Aleksandra Struqova “Lenta.ru”ya açıqlamasında bildirib.

Oftalmoloq ilk növbədə kontakt linzalarla yatmağın təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, mütəmadi olaraq linzalarla yatan insanlarda buynuz qişa xoralarının yaranma riski 5–10 dəfə yüksəkdir. Bu vəziyyət ağırlaşdıqda buynuz qişanın perforasiyasına və görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Bundan əlavə, linzalarla yatmaq gözdə oksigen çatışmazlığı, iltihab və infeksiya riskini artırır.

Həkim çirkli əllərlə gözləri ovuşdurmağın da təhlükəli olduğunu bildirib. Belə olduqda barmaqlardakı bakteriyalar, toz hissəcikləri, makiyaj qalıqları və digər çirkləndiricilər gözə düşə bilər. Bəzi hallarda herpes virusunun da gözə keçməsi mümkündür.

Struqovanın sözlərinə görə, keratokonusdan — buynuz qişanın incəlməsi ilə xarakterizə olunan xəstəlikdən əziyyət çəkən insanlarda gözə mexaniki təzyiq göstərilməsi xəstəliyin irəliləməsinə səbəb ola bilər.

Oftalmoloq gözlərdə qaşınma yarandıqda onları ovuşdurmaq əvəzinə sərin su ilə yaxalamağı və ya süni göz yaşı damcılarından istifadə etməyi tövsiyə edib.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью