Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 456,58 ton saqqız (şəkərli və ya şəkərsiz) idxal edilib. İdxalın ümumi dəyəri iki milyon 257,95 min ABŞ dolları olub. Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından azalma, dəyər baxımından isə artım deməkdir. Xatırladaq ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 511,66 ton saqqız idxal olunub, idxalın dəyəri iki milyon 156,22 min ABŞ dolları təşkil edib. 2025-ci ildə saqqız idxalının əsas hissəsi Türkiyə (307,73 ton), Rusiya (52,47 ton) və Türkmənistan (35,62 ton) hesabına formalaşıb. Bəs, görəsən, saqqız idxalında miqdarın azalması, dəyərin artması nə ilə izah olunur?
“Ucuz və kütləvi məhsullar azalır”
İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, saqqız idxalının miqdar baxımından azalması, lakin dəyər baxımından artması bir neçə amilin eyni vaxtda təsiri ilə izah oluna bilər: “İlk baxışdan bu mənzərə saqqız istehlakının azalması kimi qiymətləndirilə bilər. Lakin statistik göstəricilərin daha detallı təhlili göstərir ki, söhbət birbaşa olaraq saqqız istifadə edənlərin sayının kəskin azalmasından getmir. Əksinə, mövcud rəqəmlər bazarda istehlak vərdişlərinin, məhsul strukturunun və tədarük mexanizmlərinin dəyişdiyini ortaya qoyur. Bu mənada saqqız bazarında baş verən prosesləri bazarın daralması deyil, transformasiyası kimi qiymətləndirmək daha doğru olar”.
A.Nəsirli idxalın azalma səbəblərindən birini qiymət artımları ilə əlaqələndirir: “Əvvəla, 2025-ci ildə idxal olunan saqqızın orta qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Belə ki, 2024-cü ilin ilk 10 ayında bir ton saqqızın orta idxal dəyəri təxminən 4 214 dollar olduğu halda, 2025-ci ildə bu göstərici artıq 4 945 dollara yüksəlib. Orta qiymətdəki bu artım idxal həcminin azalmasına baxmayaraq, ümumi idxal dəyərinin artmasına səbəb olub. Başqa sözlə, ucuz və kütləvi məhsulların payı azalır, onların yerini isə daha baha məhsullar tutur”.
“Dünyada baş verən proseslər saqqıza da təsir edib”
İqtisadçının fikrincə, bu dəyişiklik ilk növbədə idxal olunan məhsulların keyfiyyət və kateqoriya baxımından fərqlənməsi ilə bağlıdır: “Son illərdə şəkərsiz, vitaminli və xüsusi tərkibli saqqızlara maraq artmaqdadır. Bu kateqoriyaya daxil olan məhsullar adi saqqızlarla müqayisədə daha baha qiymətə idxal olunur. Premium brendlərə məxsus, qablaşdırması və marka dəyəri yüksək olan saqqızların idxalda payının artması da orta qiymətin yüksəlməsində mühüm rol oynayır. Nəticədə idxal strukturu aşağı qiymətli, kütləvi məhsullardan daha seçilmiş və bahalı məhsullara doğru dəyişir”.
A.Nəsirli məhsulun qiymətinin artmasındakı digər əsas faktoru bahalaşmada görür: “İkinci mühüm amil qlobal iqtisadi proseslərlə əlaqədardır. Son illərdə beynəlxalq inflyasiya, logistika xərclərinin artması, xammal və enerji qiymətlərinin yüksəlməsi qida sənayesinin bütün seqmentlərinə təsir edib. Saqqız da gündəlik istehlak məhsulu olduğu üçün bu proseslərdən kənarda qalmayıb”.
Müsahibimizin sözlərinə görə, üçüncü səbəb idxal coğrafiyasında müşahidə olunan dəyişikliklərlə bağlıdır: “Türkiyə hələ də Azərbaycanın əsas saqqız tədarükçüsü olaraq qalır. Lakin statistika göstərir ki, bu ölkədən idxal olunan saqqızın miqdarı əvvəlki dövrlə müqayisədə azalıb. Ölkələr üzrə idxal balansı dəyişdikcə, qiymət strukturu da dəyişir və bu, ümumi göstəricilərə birbaşa təsir edir”.
“Saqqız istehsalında dünyadan asılıyıq”
Ekspert onu da bildirdi ki, yerli istehsal amili də ümumi mənzərədə nəzərə alınmalıdır. Azərbaycanda saqqız istehsalı hazırda çox məhdud səviyyədədir: “Daxili bazarda satılan saqqızın əsas hissəsi xarici ölkələrdən idxal edilir. Bəzi qənnadı fabriklərində saqqız istehsalı həyata keçirilsə də, bu, epizodik xarakter daşıyır və hələlik sənaye miqyasında təşkil olunmayıb. Nəticədə daxili bazarın tələbatı əsasən idxal hesabına ödənilir. Bu məqam xüsusilə diqqət çəkir, çünki saqqız mürəkkəb və yüksək texnologiya tələb edən məhsul hesab olunmur”.
A.Nəsirlinin fikrincə, saqqız istehsalı üçün kifayət qədər potensialımız mövcuddur: “Daxili istehsal bir tərəfdən idxaldan asılılığın azalmasına, digər tərəfdən isə valyutanın ölkə daxilində saxlanılmasına şərait yarada bilər. Eyni zamanda, bu sahədə istehsalın qurulması qənnadı sənayesində məhsul çeşidinin genişlənməsinə, mövcud istehsal infrastrukturunun diversifikasiyasına və əlavə məşğulluq imkanlarının formalaşmasına töhfə verə bilər”.
Saqqızın faydası da var, ziyanı da...
Saqqız istehlakına münasibətin dəyişməsində sağlamlıq amilləri də mühüm rol oynayır. Son illər istehlakçılar saqqızı yalnız vərdiş kimi deyil, fayda və riskləri nəzərə alınan vasitə kimi dəyərləndirməyə başlayıblar. Araşdırmalar göstərir ki, xüsusilə şəkərsiz saqqızlar müəyyən hallarda faydalı hesab olunur. Yeməkdən sonra qısa müddət ərzində saqqızdan istifadə ağızda selik ifrazını artırır. Bu isə qida qalıqlarının təmizlənməsinə və ağız boşluğunda turşuluğun azalmasına kömək edə bilər. Bu baxımdan saqqız dişlərin qorunması üçün əsas vasitə olmasa da, köməkçi rol oynaya bilər. Məhz bu xüsusiyyətlərə görə diş sağlamlığı üçün nəzərdə tutulan funksional və şəkərsiz saqqızlara marağın artdığı müşahidə olunur.
Saqqız istehlakının mümkün mənfi tərəfləri də mövcuddur. Uzun müddət və tez-tez saqqız çeynəmək çənə oynaqlarında gərginlik yarada, bəzi hallarda isə baş və üz nahiyəsində narahatlığa səbəb ola bilər. ("Kaspi" qəzeti)