Gorusda elektrik enerjisi ticarəti razılaşdırılıb? Diplomat danışdı

09.10.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

8 oktyabr 2026-cı il tarixində Ermənistanın Gorus şəhərində Azərbaycan və Ermənistanın müvafiq qurumlarının nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə ediblər. Görüşdə işlərin əlaqələndirilməsi və növbəti mərhələdə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib ki, elektrik xətlərinin çəkilişinin müzakirəsi siyasi razılaşmaların konkret layihə məsələləri səviyyəsində davam etdirildiyini göstərir:

“Enerji məsələlərinin gündəliyə daxil olması əvvəlki razılaşmaların davamıdır. Gorus görüşü artıq siyasi səviyyədə dəstəklənmiş istiqamətin mütəxəssislər tərəfindən işlənilməsidir. Bu ardıcıllıq siyasi iradənin konkret layihə məsələlərinə çevrildiyini göstərir. Elektrik infrastrukturunun inkişafı TRIPP-in regional iqtisadi əhəmiyyətini genişləndirə bilər. Nəqliyyat bağlantıları ilə enerji xətlərinin əlaqəli şəkildə planlaşdırılması gələcək təsərrüfat fəaliyyəti, logistika obyektləri və enerji təchizatı üçün əlavə imkanlar yaradır. Lakin açıqlanmış məlumatlar əsasında Azərbaycanla Ermənistan arasında elektrik enerjisi ticarətinin razılaşdırıldığını, enerji sistemlərinin birləşdirildiyini və ya konkret ixrac həcmlərinin müəyyənləşdirildiyini söyləmək olmaz. Bunlar ayrıca texniki və kommersiya razılaşmaları tələb edən məsələlərdir”.

Deputat qeyd edib ki, görüşün mühüm tərəflərindən biri uzunmüddətli qarşıdurmadan sonra iki ölkənin müvafiq qurumlarının konkret layihə ətrafında birbaşa işgüzar təmas qurmasıdır.

Onun sözlərinə görə, mütəxəssislər arasında davamlı əlaqələrin yaradılması, məlumat mübadiləsi və prosedurların razılaşdırılması normallaşma prosesinin praktik əsaslarını möhkəmləndirə bilər.

O vurğulayıb ki, bu cür təmasların real nəticəsi tərəflərin qəbul etdiyi qərarların icrası və növbəti mərhələlərdə işlərin davamlılığı ilə ölçüləcək.

Parlamentarinin fikrincə, elektrik xətləri ilə bağlı müzakirələr Azərbaycanın son dövrdə həyata keçirdiyi digər normallaşma addımları ilə də əlaqəlidir. Azərbaycanın Ermənistana gedən yüklər üzrə tranzit məhdudiyyətlərini aradan qaldırması, bu ölkəyə neft məhsullarının satışı istiqamətində atılan addımlar və ekspertlər arasında təmaslar etimad quruculuğunun praktik elementləridir. Enerji infrastrukturu ilə bağlı müzakirələr isə əməkdaşlıq gündəliyini daha da genişləndirə bilər.

O əlavə edib ki, regional sülhün davamlı olması üçün siyasi razılaşmaların konkret iqtisadi layihələrlə möhkəmləndirilməsi vacibdir:

“Nəqliyyatın açılması, enerji təminatı imkanlarının genişlənməsi və yeni kommersiya əlaqələri müəssisələr, sərmayədarlar və vətəndaşlar üçün sülhün nəticələrini daha görünən və əlçatan edə bilər. Ortaq infrastrukturun yaradılmasından faydalanan tərəflərin onun təhlükəsizliyinin qorunmasında marağı da arta bilər.

Bununla belə, iqtisadi qarşılıqlı bağlılıq hüquqi təminatları və siyasi öhdəliklərin yerinə yetirilməsini əvəz etmir. Davamlı sülh üçün iqtisadi əməkdaşlıqla yanaşı, hüquqi məsələlərin həlli istiqamətində də əlavə addımlar atılmalıdır”.

Müsahibimiz bildirib ki, Azərbaycanın mövqeyində praktik əməkdaşlıqla yanaşı, normallaşmanın hüquqi əsaslarının tamamlanması da mühüm yer tutur. Rəsmi Bakı paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını zəruri hesab edir.

Onun sözlərinə görə, Gorus görüşünün konkret nəticələrə çevrilib-çevrilmədiyini müəyyənləşdirmək üçün növbəti mərhələdə layihə sənədlərinin təsdiqi, maliyyələşmə, hazırlıq və tikinti işləri ilə bağlı rəsmi məlumatlar açıqlanmalıdır.

Deputat sonda vurğulayıb ki, elektrik xətləri ilə bağlı müzakirələr Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantıların inkişafı və Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli istiqamət ola bilər. Bununla belə, bu potensialın reallaşması layihə üzrə konkret qərarların qəbulundan və onların praktiki icrasından asılıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью