Görüşə hazırdırlar? AÇIQLAMA

04.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə birbaşa görüşə hazır olduğunu bəyan etməsi diplomatik baxımdan mühüm mesaj hesab oluna bilər. Lakin mövcud siyasi və hərbi reallıqlar fonunda belə bir görüşün yaxın perspektivdə baş tutması hələ də mürəkkəb görünür. Çünki Ukrayna və Rusiya arasında müharibə artıq təkcə iki dövlət arasındakı qarşıdurma deyil, həm də regional və qlobal təhlükəsizlik sisteminə təsir edən geosiyasi mübarizəyə çevrilib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə səsləndirdi.

Onun sözlərinə görə, tərəflər arasında görüşün mümkünlüyünü müəyyən edən əsas amil liderlərin şəxsi istəyi deyil, danışıqlar masasına hansı şərtlərlə oturacaqlarıdır:

"Ukrayna hər hansı bir ərazi güzəşti olmaması məsələsini əsas şərt kimi irəli sürür. Rusiya isə nəzarətə götürdüyü ərazilərin statusunun tanınmasını və Ukraynanın təhlükəsizlik siyasətində müəyyən dəyişiklikləri tələb edir. Bu mövqelər arasında isə hələlik ciddi uçurum mövcuddur. Bununla yanaşı, diplomatiya tarixində ən sərt münaqişələrin belə nəticədə danışıqlar masasında həll olunduğunu unutmamaq lazımdır".

Həmsöhbətimizin fikrincə, Zelenskinin bu açıqlaması həm beynəlxalq ictimaiyyətə, həm də müttəfiqlərinə Ukraynanın sülhə qarşı olmadığını göstərmək məqsədi daşıyır:

"Eyni zamanda Kiyev mümkün danışıqlar təşəbbüslərində konstruktiv tərəf kimi görünməyə çalışır. Bu, xüsusilə müharibənin uzanmasından yorulan beynəlxalq aktorların diqqətini cəlb edən mühüm diplomatik addımdır. Digər tərəfdən, Putin-Zelenski görüşünün baş tutması üçün əvvəlcə texniki və siyasi hazırlıq mərhələsinin tamamlanması lazımdır. Dövlət başçılarının görüşləri adətən yekun razılaşmaları təsdiqləmək üçün keçirilir. Əsas məsələlər isə əvvəlcədən diplomatik nümayəndə heyətləri və ekspertlər səviyyəsində razılaşdırılır. Hazırkı mərhələdə isə tərəflər arasında belə bir razılaşdırılmış çərçivənin mövcud olduğu görünmür. Buna görə də indiki mərhələdə keçiriləcək görüşdən böyük siyasi nəticələr gözləmək çətindir".

Y.Bağırzadənin fikrincə, əgər görüş baş tutarsa, onun ən real nəticəsi tam sülh sazişi deyil, müəyyən humanitar və ya məhdud təhlükəsizlik məsələləri üzrə anlaşmalar ola bilər:

"Məsələn, əsir mübadiləsinin genişləndirilməsi, mülki şəxslərin təhlükəsizliyi, enerji infrastrukturlarına hücumların məhdudlaşdırılması və ya müvəqqəti atəşkəs mexanizmləri kimi məsələlər müzakirə oluna bilər. Lakin müharibənin əsas səbəblərini əhatə edən fundamental məsələlər – ərazilərin statusu, təhlükəsizlik təminatları, Ukraynanın xarici siyasət istiqaməti və Rusiyanın strateji maraqları – hələ də kompromisə ən çətin mövzulardır. Bu səbəbdən Putin və Zelenski arasında mümkün görüşün müharibəni dərhal bitirəcək tarixi dönüş nöqtəsi olacağını düşünmək real deyil. 

Ümumən tərəflər arasında görüş ehtimalını tam istisna etmək olmaz. Əksinə, uzunmüddətli perspektivdə münaqişənin siyasi həlli üçün belə təmaslar qaçılmazdır. Ancaq hazırkı şəraitdə liderlər səviyyəsində keçiriləcək görüşdən daha çox diplomatik mesaj və gələcək danışıqlar üçün platforma yaradılması gözlənilə bilər. Yəni görüşün özü mühüm hadisə olsa da, onun real nəticəsi tərəflərin kompromisə nə dərəcədə hazır olmasından asılı olacaq".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью