Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
"Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumuna səfəri Azərbaycanın qlobal iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində strateji və çoxşaxəli əhəmiyyətə malikdir. Bu səfərin önəmini bir neçə əsas istiqamət üzrə izah etmək mümkündür". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması diqqət çəkir:
"Davos Dünya İqtisadi Forumu dünya miqyasında ən nüfuzlu platformalardan biri hesab olunur. Burada dövlət və hökumət başçıları, aparıcı transmilli şirkətlərin rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlirlər. Prezident İlham Əliyevin bu mötəbər platformada iştirakı Azərbaycanın qlobal gündəmdə etibarlı, fəal və məsuliyyətli tərəfdaş kimi tanınmasına, ölkəmizin iqtisadi və siyasi mövqeyinin beynəlxalq auditoriyaya birbaşa və dolğun şəkildə təqdim olunmasına geniş imkan yaradır.
İkinci mühüm istiqamət investisiya cəlbediciliyinin gücləndirilməsidir. Forum çərçivəsində keçirilən görüşlər Azərbaycanın enerji, bərpa olunan enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və sənaye sahələrində xarici investisiyalar üçün açıq, sabit və proqnozlaşdırıla bilən ölkə olduğunu nümayiş etdirir. Bu isə beynəlxalq investorların Azərbaycana marağını artırır, uzunmüddətli və qarşılıqlı faydalı iqtisadi əməkdaşlıqların formalaşmasına möhkəm zəmin yaradır.
Üçüncü istiqamət Azərbaycanın enerji təhlükəsizliyində strateji mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu, eləcə də alternativ və yaşıl enerji layihələrinə verdiyi xüsusi önəmi aydın şəkildə vurğulamışdır. Bu yanaşma Azərbaycanın təkcə enerji istehsalçısı deyil, eyni zamanda etibarlı, məsuliyyətli və uzunmüddətli tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Bununla yanaşı, Davosda keçirilən çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın siyasi nüfuzunun artdığını və diplomatik əlaqələrinin genişləndiyini açıq şəkildə nümayiş etdirir. Beynəlxalq liderlərlə birbaşa dialoq, regional və qlobal təhlükəsizlik məsələlərində Azərbaycanın mövqeyinin izahı ölkəmizin beynəlxalq siyasətdə müstəqil və balanslaşdırılmış xətt apardığını göstərir. Xüsusilə Qarabağ və regionda formalaşmış yeni reallıqların obyektiv şəkildə təqdim olunması mühüm əhəmiyyət daşıyır. Belə nüfuzlu platformalarda Prezident İlham Əliyev postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini, regional sülh və əməkdaşlıq təşəbbüslərini birbaşa beynəlxalq ictimaiyyətə çatdırır. Bu isə Azərbaycanın mövqeyinin düzgün və obyektiv şəkildə anlaşılmasına xidmət edir.
Beləliklə, Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumuna səfəri Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirir, ölkənin siyasi nüfuzunu daha da gücləndirir və Azərbaycanı regional gücdən qlobal miqyasda söz sahibi olan dövlətə çevirən əsas amillərdən biri kimi çıxış edir".