525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məmməd TAHİR
Yolun payıza düşsə...
Yolun payıza düşsə,
Görsən çən tutub yolu.
Qoy, doyunca ağlasın
Cavan qızılgül kolu.
Açammadı könlünü
Nə yaya, nə də yaza.
İçindəki arzuyla
Köçüb getdi payıza.
Yolun payıza düşsə,
Görsən bir təzə məzar.
Pıçılda qulağıma,
De, səni gözləyən var.
Sən gələn cığırlar
Payızda çiçəklər soldu, qurudu,
Ümidim əl boyda koldu, qurudu,
Göz yaşı gözümə doldu, qurudu,
Yazda suladığım yoldu, qurudu.
Sən gələn cığırlar çiçəkləmədi.
Göy tökdü üstümə yağışlarını,
Dağ çəkdi önümə yoxuşlarını,
Gün dikdi gözümə baxışlarını,
Yol sərdi çiçəkli naxışlarını,
Sən gələn cığırlar çiçəkləmədi.
Yüz il çözülməyən sirr çiçək açdı,
Daşına üz sürtdüm, pir çiçək açdı,
Yer oldu, göy oldu, bir, çiçək açdı,
Gözümün önündə yer çiçək açdı,
Sən gələn cığırlar çiçəkləmədi.
Yaz ötdü, yay ötdü, qış çiçəklədi,
Əlimdən su içdi, xış çiçəklədi,
Yamacda qu ötdü, qaş çiçəklədi,
Öldüm, məzarımda daş çiçəklədi,
Bu yer çiçəklədi, göy çiçəklədi,
Sən gələn cığırlar çiçəkləmədi.
Adam olduğunu unudub hərdən...
Adam olduğunu unudub hərdən
Gah ağac, gah çiçək, gah daş olursan.
Boynuna qol salıb
Qocaman dağlara qardaş olursan.
Yağışın tumarı, yelin sığalı
Canına xoş gəlir,
Sevincdən, nəşədən bihuş olursan.
Adam olduğunu unudub hərdən,
Ürəyin səssizcə
Gündüzlər paylayır öz istisini,
Ocaq alovunu, göz tüstüsünü.
Adam olduğunu unudub hərdən,
Sanırsan günəşin bir parçasısan.
Hər kəsin könlündə bir sevdası var,
Hər kəsi yaşadan, ilhamlandıran,
O odun, atəşin bir parçasısan.
Kiminə təsəlli, kiminə kömək,
Yüz könül ovudan gül bağçasısan.
Adam olduğunu unudub hərdən,
Bir gözün gözyaşı, nəmisən, nəmi.
Ağacsan çiçəksən, torpaqsan susan,
Gah xırman yerisən, gah qızıl zəmi.
Hər gün yelkən açır mavi sularda,
İçi sevgilərlə dolu bir gəmi.
Sonsuz göy üzündə bir topa bulud,
Səhər boşalırsan, axşam dolursan.
Baharda verimli bir yaşıl tala,
Yazda çiçəkləyib, payız solursan.
Adam olduğunu unudub hərdən,
Bu qoca dünyada
Bir Allahdan başqa hər şey olursan.
Bir gün görəcəksən
Yağış qurudacaq çiçəklərini,
Çiçəklər tökəcək ləçəklərini.
Bir sükut çökəcək saralan çölə.
Düzlər səyirdəcək küləklərini,
Bir də görəcəksən payızdı elə.
Əllərin dönəcək un tabağına,
Yuxu yük olacaq göz qapağına.
Dilin yol soracaq yol bilə-bilə,
Bir gün düşməyəcək gün papağına,
Bir gün görəcəksən payızdı elə.
Bir də görəcəksən ayağın altdan,
Quşlar uçub gedir bayrağın altdan.
Üzünə ağ olur dünənki kölə.
Od çıxır o sönən ocağın altdan.
Hələ payız deyil,
Yayın son ayıdı, son ayı hələ.
Yer çəkir, göy çəkir sənin nazını,
Yağışlar gətirir dənin yazını.
Günlər aya dönür, ay dönür ilə.
Gözləyə-gözləyə ömrün yazını,
Bir də görəcəksən payızdı elə.
Unudulacaq
Bu dərd də keçəcək,
Bu ağrı da unudulacaq.
O ilin çiçəkli yazı,
Bu ilin soyuq qarı da unudulacaq.
Unudulacaq bir yamacdan,
Bir yoxuşdan yıxıldığın an.
Unudulmayacaq bir təbəssümdən,
Bir baxışdan yıxıldığın an.
Unudulacaq məzarım üstündəki başdaşı.
Yadıma salıram unutduğum günü,
Əlindən tutduğum günü.
Sinəmə sıxıb ovutduğum günü.
Unudulacaq bu acılar,
Bu ağrı da keçəcək.
Payızın sazağı,
Qışın qarı da keçəcək.
Unudulacaq o çölün
Cüyürü, maralı, əliyi.
Amma unudulmayacaq
Bu gülün gözəlliyi.
Bu səhər də keçəcək,
Bu sabah da unudulacaq.
Bir gün mənimlə birgə,
Təəssüf, könlümdəki
Şah da unudulacaq.
Sən olanda da
Sevirəm dünyanın bəyaz rəngini,
Gəlib saçlarımda dən olanda da.
Dağlar əzəmətli, dağlar gözəldi,
Başının üstündə çən olanda da.
Endirib-qaldırır bu yol, bu səki,
Artırıb-azaldır bu daş, bu çəki,
Üstümə o qədər kədər yağıb ki,
Qəmli görünürəm şən olanda da.
Söz verdi, söz aldı, sözündən qaçmaz
Sözündən qaçan da gözündən qaçmaz,
Çiçəyi göyərməz, gülləri açmaz,
Dərdinə, oduna tən olanda da.
Səsinə, sözünə meylimi salım.
Deyirəm fələkdən bircə gün çalım,
O qədər sevirəm, səni, a zalım,
Sənsiz darıxıram sən olanda da.
Eyni
Yenə yağışlar başladı,
İslandı yolların əyni.
İçimdə eyni duyğular,
Bu gün də dünənlə eyni.
Yenə günəş öləzidi,
Yağı bitmiş bir şam kimi.
Kədərim, qəmim eynidi,
Eyni, keçən axşam kimi.
Yenə uçub getdi quşlar,
Qaldı uçuq yuvaları.
Payıza köklənən külək
Çaldı eyni havaları.
Açılmır göylərin üzü,
Açılmır könlümün eyni.
Yenə yağışlar başladı,
Göyüzü könlümün eyni.
Payız axşamı
Soyuq üşüdürdü barmaqlarımı,
Canımı qoymağa bir yer tapmırdım.
Küçə bomboş idi.
Sıxıb bir-birinə dodaqlarımı,
Sordum öz-özümdən,
Yoxsa üşüyürsən,
Bu hay-küy nədi?
Şaxta üşüdürdü yuvada iti,
O payız gecəsi çox soyuq idi.
Hündür binaların pəncərələri,
Yuxulu gözünü qıyıb açırdı.
Qurumuş budağın son yarpaqları
Quş kimi havada qanad açırdı.
Yüyürüb gedirdi biri küçədə
Soyuqdan yay kimi əyilmiş qəddi,
Yerlə yüyürürdü, göylə qaçırdı,
O payız gecəsi çox soyiq idi.
O hündür dünyanın ən alt qatında,
Ruhumun, duyğumun gözətçisiydim.
Bu dünya istiylə, işıqla dolu,
Mən bir az istinin minnətçisiydim.
Səhər açılanda gəlib gördülər,
O adam deyilmiş, bir uyuq imiş.
Görənlər deyir ki,
O payız gecəsi sox soyuq imiş.
Yadıma düşəcək
Çoxdan unutmuşam gülümsəməyi,
Təbəssümlə baxmaq yadımdan çıxıb.
Ayağın zəhməti, əlin əməyi
Qəlbimə toxunub, könlümü sıxıb.
Özümə xoş gəlmir öz elədiyim,
Ocaq qaladığım, köz elədiyim,
İçimdə bişirib söz elədiyim,
İndi sözdən çıxlb, sözlükdən çıxıb,
Gözümə tutduğum gözlükdən çıxıb,
Yer sizlikdən çıxıb, bizlikdən çıxıb,
Allah umuduna qalıb bu dünya.
İndi yalanların rəngi dəyişib,
İndi doğrunun da rəngi dəyişik.
Arzu oğurlayan, ümid çalanlar,
Üzür ütəyimi rəngli yalanlar.
Qaçır ayaq altdan yollar, səkilər,
Qırılıb tökülür
Çilik-çilik olur içimdəkilər
Bir də görürsən ki, ayağın altda,
Oturduğun daş da oynayıb gedir.
Dilinin altında, dodağın altda,
Söz də qaynar su tək qaynayıb gedir.
Nə bilim, deyirəm, bir gün gələcək
Doğru danışacaq bir gün insanlar,
Bir gün unudacaq yalan deməyi.
O zaman yəqin ki,
Baxacam hamıya xoş təbəssümlə,
Yadıma düşəcək gülümsəməyim.
Bu göyün altında, yerin üstündə
Nə göyün altıydı, nə yerin üstü,
Qonub bir sözün üstünə,
Səni düşünürdüm bir axşam üstü.
O söz neçə yarpaq, neçə budaqdı,
Rüzgar yellədirdi
Bələk içində.
Söz üstə bir dildi, bir də dodaqdı,
Çırpınıb dururdu ürək içində.
Nə yerin üstüydü, nə göyün altı,
Külək yelləyirdi ocaqda közü.
Söhbətə tutmuşdu könlüm bir sözü.
Dünyanın elə bir yeri idi ki,
Adicə günlərdən biri idi ki.
Qonub bir gül budağına
Könlüm unutmuşdu
Keçən dəqiqəni, ötən saatı,
Səni düşünürdü bu axşam vaxtı.
Xeyri fırladırdın şərin üstündə,
Min bir möcüzəni zərin üstündə.
Gör bir neçə vaxtdı düşmən olmuşdum,
Mən özüm-özümlə sənin üstündə.
İstədim biləsən adam adamı,
Üz-üzü, göz-gözü görmür tüstündə.
Verdiyin acıdan, şirindən dadıb,
Səni düşünürdüm, İlahi, səni,
Bu göyün altında yerin üstündə.
Qırılan adam
Qırılan adam,
Qopar həyatdan
Budağından qopan bir yarpaq kimi.
Düşər rüzgarın önünə,
Yerdə diyirlənər boş papaq kimi.
Yumaz gözyaşını ucalan damlar.
Oğurlar üzündən təbəssümünü
Könlündən sevinci çalan adamlar.
Qırılan adam,
Yanar ocaq üstə yağ yanan kimi,
Yaşar həyatını ağ yalan kimi.
Ürəyi bir kövrək budaq kimidi,
Əyərsən qırılar.
Qapısız-bacasız otaq kimidi,
Sahibi, yiyəsi
Gündüz qarışqalar, gecə arılar.
Kim yolub göyərçin qanadlarını,
Dörd divar içunə alışsın deyə.
Yolub ki uzağa uçub getməsin.
Başı bu dünyaya qarışsın deyə.
Bir gün yaşamağın dadını bilsə,
Bağlı ayağını açıb getməsin.
Bir gün pöhrələyər solduğu yerdən.
Gözlər ki təptəzə lələk göyərsin
Fələyin lələyi yolduğu yerdən.
Ayağı qırılmış sərçə kimidi,
Ürəyi qan adam, qəlbi qan adam.
Sınmış qanadınıı kim sarıyacaq,
Qırılan adam?
Sənsiz darıxmaq
Adını soruşsan, bilmirəm nədir,
Bəlkə yaşamağa bir bəhanədir
Sənsiz darıxmaq.
Bəlkə belə olur,təzə can kimi
Qırlb qabığını içindən çıxmaq
Qıyıb gözlərini günəşə baxmaq.
Bəlkə də bir az,
Ağacın günəşə boylanmağıdı.
Çiçəyin atəşə boylanmağıdı,
Bir az da bənövşə boylanmağıdı
Sənsiz darıxmaq.
Bu keçən ömrün
Gündüzü qısadı, gecəsi uzun,
Bizim aramızda əriyən buzun
Suyu hara axır, hara görəsən.
Bir az topa bulud, bir azca da çən,
O bulud içində, o çən içində
Bilmirəm, bilmirəm hara gedim mən.
Gecələr sıxılıb, gündüz darıxmaq.
Bəlkə bilməməkdi,
Yolu irirməkdi sənsiz darıxmaq.
Adını soruşma, düzü, bilmirəm,
Bir az yaşamaqdı,
Bir az da ölməkdi sənsiz darıxmaq.