Göy üzünün Əşrəfi

15.07.2026

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yəqin sizdə də olub (mütləq olub!): bir qiymətli itiyini axtarırsan. Hər yeri ələk-vələk eləyirsən. Arayırsan- darayırsan... Axırda görürsən: sən demə, gözünün qabağındaymış. Baxmısan, amma görməmisən.

Niyə?!

Səbəb çox sadədir: bəzən (ya da tez-tez) gözümüzün qabağında olanı görə bilmirik. Qiymətli adamları, nəsnələri biz çox vaxt uzaqdan umuruq. Elə bilirik, uzaq yoldan gələn qonaq daha əzizdi, özgə bağın meyvəsi daha şirindi.

Kənd yeriydi, biz də uşaq. Yazın axırında ən uzaq budaqdakı gilasa əl uzadırdıq; elə bil əlimiz, barmaqlarımız da öz-özünə uzanırdı. Lap ucaya sarı, lap uca doğru... Elə bilirdik, ən uzaqdakı bəhər hamısından daha dadlıdır...

O isə çox yaxındaydı deyə... görə "bilmədik". Əşrəf Veysəllini.

Yox, mən gördüm, ancaq bir az gec. Elələri də var (həm də çox var) onu heç sezə bilmədi, bu qədər aydınlıqda, bu qədər yaxından onu seçə bilmədi. Üzü üzünə, gözü gözünə - qabaq-qənşər yaşayan adamları - bizi deyirəm. Anlamadıq, anışdıra bilmədik, ünəmədik. Sən demə, bu adam dağ boydaymış.

Nə bilim. Bəlkə bizdə günah yoxdu; bu Dağın zirvəsindəki qarın işığı gözümüzü necə qamaşdırıbsa...

Dağ dedim, yadıma düşdü.

Hamımız dağa uzaqdan baxmışıq da. Düzdür?! Elə görünür, elə bilirsən, əl uzatsan, üstündəki qarı, köksündəki qartalı hürküdüb perikdirərsən.

Amma... Gəlirsən, gəlirsən, yaxınlaşırsan, dağın dibinə çatırsan...

Başını qaldırıb baxsan, papağın düşər. "Nə ucaymış bu dağ" deyərsən, papaqsız başını bulayarsan. Hələ cümlənin axırına üç dənə nida işarəsi də calayarsan...

Ay sənin papağın boş qalmasın (ya da qalsın: özün bilərsən, Allahın bilər), nənəm demişkən, Allah sənin "basaratını" bağlayıb?! (yəni bəsirət gözünü). Bəs bu dağ boyda kişini görmədin?!

...Bu dağ boyda kişi bir şəhərə sığmazdı axı, sığmadı da. Şəhər bu kişinin "əyninə dar gəlirdi". Bu şəhərə bağlanmışdı; ürəyinin telləri ilə, ruhunun sarı simi ilə, təbi ilə...

Bu cavan şəhər bu qocaman - azman şairi qucaqlamışdı.

Ancaq Əşrəf Veysəlli bir şəhərə sığışacaq, bir damın altına sığınacaq kişi deyildi axı. Onu ölkə tanımalıydı, onu ölkə qıraqda tanıtmalıydılar.

Vallah, heç bir umacağı da yox idi; şöhrət desən, özünə görə var idi, "Şöhrət" ordeni desən, həvəskarı deyildi - öz halal adının kölgəsi düşürdü, özünün bəsiydi. Ad-san, ev-eşik, bağ-bağat, pul-para... heç nə, heç nə istəməmişdi. Hamısını (hamısı olmasa da, özünə görə nəsə) qazanmışdı; çalışıb-çabalamışdı, qurub qoşmuşdu. Elə bircə onu istəmişdi, olduğu kimi tanısınlar, desinlər: "İlahi, nə boyda Əşrəf imiş!"

Ya da heç bəlkə onu da istəmirdi...

İbrahim İlyaslının misrası ilə desəm, "Veysəllidən çıxmış Türkün şairi" ömrünün otuz ilini gözlədi; itirdiyi el-obasının, yurd-yuvasının həsrətini çəkdi. Təkcə həsrət çəkmədi ki. Veysəlli kəndi, Qarabulaq obası - Füzuli, Qarabağ düşmən tapdağında olanda, Şair yana-yana demişdi:

"Orda uşaqlığım əsirlikdədir,

Burda qocalığım xəcalət çəkir".

Torpaq dərdi yaxasından yapışıb, var gücü ilə silkələyəndə, dəymişi dura-dura kalı töküləndə, qəzəbqarışıq ağrısından (nalə yox nalə nədir) əməlli-başlı nərə çəkmişdi:

"Hirsimdən gözlərim olub qan kimi,

Yenə də bəxtimin yatan vaxtıdır.

İndi Qarabağın Xuraman kimi

Özünü qayadan atan vaxtıdır..."

Bu səsi Göydə Allah, Yerdə əsgər eşitdi. İkisi bir-birinin əlindən tutub, Şairin kəndini alıb verdilər özünə.

Bir soyuq payız günü həmin o əsgər Seyran Səxavətdən nömrəni alıb, Əşrəf Veysəlliyə də "zəng eləmişdi". Demişdi: "Şair, daha nə həsrət çək, nə xəcalət çək; kənd-kəsəyiniz, Qarabulaq, Qarabağ bizdədir, mən də səninlə Şuşadan danışıram".

Onda Şairin çiçəyi çırtlamışdı, rəngi-ruhu özünə, içinin işığı üzünə gəlmişdi. Ürəyindəki duyğular misralara düzülüb, dilinə vurmuşdu:

"Arzularım qar altında gül açar,

Daş üstündə bitən ömrü yaşayar.

Ərənlərim qayalardan yol açar,

Yol, bu yolu gedən ömrü yaşayar"...

...Yaşamaq demişkən, mən Əşrəf Veysəllinin özündən öncə Sözünü tanımışdım. Ürəyimdə deyirdim: "Buna bax e, sən Allah! Bir Musa Yaqub Əşrəf Veysəlli adı altında şəhərdə yaşayır, bir Əşrəf Veysəlli də Musa Yaqub adı altında kənddə yaşayır. İsmayıllının öz "Əşrəf Veysəlli"si var, Sumqayıtın öz "Musa Yaqub"u var!"

İkisi də dağ boyda. İkisi də səksəni keçəndə "səksənib" uçdu, Göy üzündə başqa Musalara, başqa Əşrəflərə qarışdı. Yer üzünün Əşrəfi idi, oldu Göy üzünün Əşrəfi.

"Deyirlər: Səksəndə səksənir insan,

Səksəndən o yana qorxusu yoxdur".

Ancaq səksəni ötdü, doxsana çathaçatda yetdi.

Biz tərəfdə deyirlər: "Yatan ölmür, yetən ölür".

Nə deməkdi bu? O deməkdir: eləsi var, aylarla, illərlə (lap elə onillərlə!) xəstə yatağında yatır, amma heç cür canını tapşıra bilmir. Niyə?! Göy üzü bu ruhu yaxına buraxmaq istəmir. Amma bir də görürsən, görünüşcə, ya da elə doğrudan-doğruya sapsağlam, buz baltası kimi adam qəfildən sona yetdi. Ruh olub, qanadlandı, pərvazlandı Allahına sarı.

Bundan xoşbəxt ölüm var?!

Əşrəf Veysəlli də o xoşbəxtlərdəndi. Həyatda da xoşbəxt idi, ölümü də xoşbəxt oldu. Yatıb əzab çəkmədi, yetəndə getdi öz əbədi mənzilinə. Məni qınamayın: belə adamları dünyanın budağından dərəndə Əcəl özü də sevinir - özü ilə qürur duyur. Qürrələnir, deyir: "Gör, kimi aparıram e Tanrının dərgahına!"

Bəli, Həyatımızdan, Ədəbiyyatımızdan bir Əşrəf Veysəlli gəlib, keçdi. Keçib getdi Əbədiyyət boyda Həyat yaşamağa.

...Elə bilirəm, Əşrəf kişi qoca bir uşaqdı bu saat və elə bilirəm, o da... utanır.

Tanıyanlar bilir: üzündə həmişə bir şipşirin, utancaq təbəssüm olardı. "Olardı" deyəndə, yenə də var.

O təbəssümlə yaddaşıma köçüb Əşrəf Veysəlli. O cür də qalacaq.

Hə, onu deyəcəkdim axı: uşaq vaxtı təzə paltar geyəndə utana-utana gəzirdim. Elə bilirdim (elə düz də bilirdim) ki, hamı mənə baxır. Məni göstərib deyirlər: "Ona bax, təzə köynək geyinib, necə sevinir!"

Düz deyirdilər, sevinirdim, paltarımı da qoruyurdum; üstünə mürəkkəb ləkəsi düşməsin, kol-kos ilişib deşməsin, üzülüb-süzülməsin, sökülüb-tökülməsin. Bir yandan da, deyirdim, kaş bir az tez köhnəlsin bu köynək. Köhnəlsin ki, uşaqlar mənə baxıb barmağı ilə göstərməsin.

Bax, indi Əşrəf kişi - qoca Əşrəf keçmişdəki mən uşağa daha bir köynək yaxın oldu.

Qulaq as, necəsini, niyəsini də deyim: indi Əşrəf Veysəlli də Cənnətdəki təzə həyatından eləcə mən uşaqlıq çağımda utandığım təki utanır. "Mübarəkdir!" desəm, lap da utanacaq bu qosqoca utancaq Uşaq...

...İyun başlayanda biz, yəni Seyran Səxavətlə mən Qarabağa - Əşrəf Veysəllinin, bizim el-obamıza getmişdik.

Orda oturduq-durduq, Əşrəf Veysəllini xatırladıq. Küləyə büküb salam da göndərdik Şairə. Day bilmədik, gətirib, yetirdimi o "salam"ı o külək. Elə bil ürəyimiz bir idi, qəfildən bir-birimizə dedik: "Bakıya qayıdanda, gedib Sumqayıtda Şairə baş çəkərik".

Elə üzümüzə gələn şənbə görüşünə gələsi idik, xəbəri gəldi ki, bəs, Dağ devrildi, Şairi itirdik.

Vallah, biz də özümüzü itirdik: bilmədik, necə inanaq, necə inanmayaq.

Xəbərə inanmayıb nə edəcəkdik?! Əlimizdən nə gəlirdi ki. Dağ boyda kişi əlimizdən getmişdi.

Elə də əlimiz ətəyimizdən uzun, getdik Sumqayıta, Poeziya evinə.

Görüşünə gələsiydik, amma, budur, vidasına tələsirdik. Son dəfə görüşüb ayrılmaq üçün.

Nə qəribə dünyadı!

Bax, o Poeziya Evində Şairin görüşünə də gəlmişdik Seyran Səxavətlə. Üç il əvvəl idi, səksən beş illik yubiley mərasimindəydik. Budur, üç il sonra isə... vida mərasimindəyik.

O, şipşirin, bal kimi, uşaqcasına utancaq təbəssümü ilə fotodan bizə baxırdı. Bir də öz şeirlərini "oxuyurdu": misraları öz səsi ilə səslənirdi. Fonda da həzin, lirik musiqi...

Vida bitdi, vədə çatdı. Cənazə qaldırıldı. Tabutun içindəki Əşrəf Veysəlli Poeziya Evinin - Dünyanın çıxış qapısına tərəf çiyinlərdə gedirdi. Bir Əşrəf Veysəlli də vida salonunda öz şeirlərini musiqi fonunda hələ də eyni nəfəslə, eyni həvəslə aram-aram oxumaqdaydı.

Birdən elə bildim tabutdakı bu Əşrəf Veysəlli soruşdu: "Ay camaat, hara gedirik belə?!" Salondakı Əşrəf Veysəlli isə arxadan "çağırırdı": "Məni burda qoyub... məni hara aparırsınız?!"

Qəfil musiqi də dayandı, şeir də susdu. Cənazə qapıdan çıxdı...

...Məzarlıqda isə Şairin səsi ürəyimin içində bir də "eşidildi":

"Orda bir quş qonar hasarım üstə,

Ötər “Çahargah”da “Hisar”ın üstə...

Gəlin bircə kərə məzarım üstə,

Gəlin, özünüzü ağlayın, gedin" .

İstəməsək də, inandıq: "Şair getdi!"

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info

Müəllifdən: Bu kiçik Dünyanın böyük Söz adamı Əşrəf Veysəllinin Əbədiyyətə yollanmasından qırx gün sanki qırx göz qırpımında keçdi. Ustad Şairə Tanrıdan rəhmət diləyirəm! Cənnətdə doğulmuşdu, Cənnətə getdi...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью